1595998973 1570349327 oktay qasimov 2Sabiq prezidentin köməkçisi: “Azərbaycan ərazilərinin işğalının səbəbkarı Rusiyadır. Rusiya həm Qafqazda, həm də digər keçmiş sovet respublikalarında sabitliyin olmasında maraqlı deyil”

Cənubi Qafqazda hərbi-siyasi vəziyyət daha da mürəkkəbləşib. İyulun 12-də Ermənistan ordusunun Tovuz rayonu istiqamətində yeni ərazilərin işğalına cəhdindən sonra regionda gərginlik yenidən artıb və vəziyyət hər an nəzarətdən çıxa bilər.

Ermənistan-Rusiya birgə təlimlərinin keçirilməsi, bundan qısa müddət sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan, Bakı, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində hərbi təlimlərə hazırlaşması indi regionu əsas şərtləndirən amillərdir.

Bu mövzu ətrafında Reyting.az-ın suallarına Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin köməkçisi işləmiş siyasi analitik Oqtay Qasımov cavab verib.

– Oqtay bəy, Azərbaycan və Türkiyə ordusunun Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda təlimləri başlayır. Ermənistanın Tovuz rayonuna hücumundan sonra regionda gərginləşən hərbi-siyasi atmosfer fonunda bu təlimləri necə şərh edə bilərsiniz?

– Mən, Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın ciddi və dərin formada inkişaf etdirilməsini vacib sayıram. Son illər bu istiqamətdə müəyyən addımların atılmasına başlanılıb. Bu ilin fevralında Türkiyə prezidenti Ərdoğanın Bakı səfəri zamanı da hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi haqda razılaşmalar əldə edildi. İndi atılan addımlar, birgə hərbi təlimlərin bünövrəsi də o zamandan qoyulub.

Azərbaycan cəmiyyətində birgə təlimlərə yüksək diqqətin cəlb edilməsi həm də onunla bağlıdır ki, 17 gün əvvəl Tovuz rayonunda Ermənistan ordusu növbəti təxribatı törətdi. Azərbaycan tərəfi 12 hərbçi itirsə də, bu hücumun qarşısı alındı. Düşmənə müəyyən qədər zərbə də endirildi, dayaq məntəqələri və canlı qüvvələri sıradan çıxarıldı. Amma görünən odur ki, etibarlı hərbi müttəfiqə ehtiyacımız var və bu, Türkiyədir.

Mən, bu təlimləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, hərbi sahədə əməkdaşlıq dərinləşdirilməlidir.

Təlimlərə də ciddi ehtiyac var. Türkiyə hərbi sistemi və təcrübəsinin Azərbaycan ordusunda tətbiqinə də ehtiyac böyükdür. Həm təcrübə mübadiləsi, həm də türk mütəxəssislərin Azərbaycan hərbçiləri ilə təlimləri faydalıdır.

Türk ordusu dünyanın ən güclü ordularından biridir, NATO-da ikinci ordu sayılır. Bu ordu müasir silahlarla ən müasir hərbi strategiya əsasında döyüşlər aparmaq imkanına malikdir. Bunu Türkiyənin Suriya, Liviya və İraqda apardığı əməliyyatlar da təsdiqləyir. Bu mənada bizim ordumuzun türk ordusundan yararlanacağı, təcrübə qazanacağı çox şeylər var.

Liviya və Suriyada dronlardan istifadə etməklə keçirdiyi əməliyyatla türk ordusu dünya hərb tarixinə töhvələr verib. Bu mənada, düşünürəm ki, biz türk ordusundan effektiv idarəetməni öyrənməliyik və Azərbaycan ordusunda yeni nəsl zabitlərin potensialından istifadə edilməlidir. Hansı ki, bu zabitlər Türkiyə və digər qabaqçıl ölkələrdə müəyyən təcrübə keçiblər.

Orduda effektiv idarəetmə və koordinasiya sisteminə keçməlidir. Bu istiqamətdə bizə ən ciddi dəstək verəcək ölkə Türkiyə ola bilər. Təlimlər bu baxımdan əhəmiyyətlidir.

Azərbaycanın güclü bir orduya ehtiyacı var. Cəmiyyətimiz belə bir ordunun hazır olması, işğaldakı ərazilərimizin məhz bu ordunun sayəsində işğaldan azad edilməsini gözləyir. Düşünürəm ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi və indiki anda hərbi təlimlərin keçirilməsi bu işlərə töhvə verəcək.

– Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri Ermənistan və Rusiyanın birgə təlimlərindən sonraya təsadüf edir. Bu, qarşı tərəfə cavab kimi qəbul edilə bilərmi?

– Əslində hər şey açıqdır. Rusiya həm Qafqazda, həm də digər keçmiş sovet respublikalarında sabitliyin olmasında maraqlı deyil. Rusiya Cənubi Qafqazda sabitliyi və demokratiyanın inkişafını arzu etmir. Əgər burada sabitlik olsa, demokratiya inkişaf etsə və region ölkələri arasında əməkdaşlıq yaransa, Rusiyanın bu bölgədə qalmasına ehtiyac olmayacaq. Moskva bunu başa düşür və bu səbəbdən də bölgədə münaqişə ocaqlarını mümkün qədər inkişaf etdirərək öz təsirini saxlamağa çalışır.

Tovuzda baş verənlər də bunun bariz nümunəsidir. Türkiyə prezidenti Ərdoğan da açıq bildirdi ki, bu hücum Ermənistanın təkbaşına edəcəyi hərbi addım deyildi. Əslində bu, Rusiyanın qlobal prosesin içində olub, öz kənarında yerləşən ərazilərdə varlığını saxlamaq cəhdədir.

Ermənilərin hücum etdiyi Tovuz rayonu Azərbaycan, Türkiyə, eləcədə Avropa üçün vacib məntəqədir. Bu məntəqədə strateji enerji dəhlizi var. Buradan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, habelə Bakı-Tbilisi-Qars dəmir yolu keçir. Ümumiyyətlə, dünyaya çıxışımız olan yeganə magistral yol bu istiqamətdədir. Xüsusilə, Cənub Qaz Dəhlizi bu ərazidən keçir – hansı ki Rusiya əvvəllər də bu layihəyə müsbət yanaşmırdı, bunu özünün “Şimal Axını” layihəsinə alternativ hesab edirdi. Bu mənada Rusiya bu layihələrə mane olmağa çalışır.

Əslində Türkiyənin indiki anda Azərbaycanla birgə təlimlərə başlaması “Azərbaycan tək deyil, Azərbaycanın da müttəfiqləri onunladır”, – mesajı kimi anlaşıla bilər. Bildiyiniz kimi, hələ ermənilərin Tovuzdakı təxribatı zamanı Türkiyə Respublikasının Prezidenti, Xarici işlər və Müdafiə nazirləri bunu açıq bəyan etmişdilər. Hətta bizdən bir qədər də qətiyyəli göründülər. Türkiyənin bu addımı Azərbaycanın düşmən qarşısında tək olmadığına dair bir mesajdır.

– Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimindən sonra bölgədə Azərbaycanı sevməyən qüvvələrin aqressivlik nümayiş etdirmə ehtimalı varmı?

– Onsuz da Rusiya imkanı olduğu qədər Azərbaycana pislik edib. Torpaqlarımızın işğalının səbəbkarı da Rusiyadır. Çox müsbət haldır ki, cəmiyyətimiz artıq bu reallığı qəbul etməyə başlayıb.

1992-1993-cü illərdə Dağlıq Qarabağda erməni silahlı qüvvələri içərisində Rusiyanın 164 və 167-ci dviziyaları vuruşub.

Əlavə edim ki, 1992-1993-cü illərdə Dağlıq Qarabağ istiqamətində döyüşlər zamanı xeyli rus hərbçisi əsir götürülmüşdü. O dövrdə Azərbaycanla-Rusiya arasında aparılan danışıqlarda istiqamətlərin biri də Qarabağda əsir götürülən rus hərbçilərinin azad edilməsi idi. Prezident Elçibəy bu şəxslərin Azərbaycan ədalət məhkəməsi tərəfindən mühakimə ediləcəyini bildirərək onların Rusiyaya verilməsindən imtina etmişdi. Demək istəyirəm ki, Rusiya Azərbaycana etmək istədiklərini edib. Əslində Tovuzda baş verənlər də bunun davamı idi. Ordumuz da imkanı çatana qədər bunun qarşısını aldı. Bununla belə, bilməliyik ki, hər şey bizim özümüzdən, müdafiə sistemimizin necə qurulacağından asılıdır. Biz qarşımızdakı düşməni doğru qiymətləndirməliyik. Yəni onların imkanlarını və resurslarını real hesablayarq müvafiq addımlarımızı atmalıyıq.

– Bununla bağlı təklifiniz nədir?

– Hesab edirəm ki, Azərbaycanın müdafiə və xarici siyasət sistemində ciddi dəyişikliklər olmalıdır. Düzdür, Xarici işlər naziri dəyişdirildi və biz bunun nəticəsini yaxın gələcəkdə görəcəyik. Çünki peşəkarlar və yeni düşüncədə olan, dünyanın dili ilə danışa biləcək şəxslər bu işlərə rəhbərlik etməlidir.

Həmçinin Müdafiə Nazirliyi sistemində keçmiş SSRİ-dən qalma sistem mənim qənaətimcə, özünü doğrultmur. Hesab edirəm ki, bizim müdafiə sistemimiz effektiv sistemə keçməlidir. Həm təbliğati, həm də döyüş hazırlığı baxımından. Ordumuzda peşəkarlıq səviyyəsi gücləndirilməli, düşmən doğru qiymətləndirilməli və müasir səviyyədə hərbi kadrlar yetişdirilməlidir. Bu kadrlar müasir silahlarla necə davranmağı bilməli, onu ustalıqla tətbiq etməlidirlər.

İctimaiyyət də bilir ki, Azərbaycanın həm hücum, həm də müdafiə sahəsində kifayət qədər etibarlı, müasir silahları var. Deməli, əsas diqqət bu silahların peşəkar hərbçilər tərəfindən istifadə edilməsinə yönəlməlidir.

Eyni zamanda Müdafiə Nazirliyi sistemində işlər müasir səviyyədə qurulmalı, effektiv idarəetmə və koordinasiya sisteminə keçilməlidir. SSRİ-dən qalma sistem müasir hərb taktikası fonunda işə yaramır. Müasir döyüşləri necə aparmağı qardaş Türkiyə son bir neçə ildə həyata keçirdiyi əməliyyatlarla isbat edib.

– Rusiyanın indiki mərhələdə Qarabağ münaqişəsində rolunu necə qiymətləndirirsiniz və hansı addımlar ata bilər?

– Rusiya son prosesdə yaxasını kənara çəkərək açıq müdaxilələr etmədi. Sadəcə, “Əba altında zopa göstərmək” siyasətini yeridir. Çünki Rusiya həm Ermənistanı öz təsir dairəsində saxlamağa çalışır, həm də Azərbaycanı əldən buraxmaq istəmir. Azərbaycan da Rusiyanın könlünü qıracaq addım atmayıb. Əslində Rusiyanın hansısa istəkləri olubsa Azərbaycan bunu diqqətə almağa çalışıb. Və onun maraqlarına zərər gəlməsinə rəvac verməyib. Eyni zamanda Azərbaycan özünün strateji maraqlarından da vaz keçməyib. Bu mənada Rusiya ilə işləmək lazımdır. Bu səbəbdən bir daha vurğulayıram ki, müdafiə və xarici siyasət sistemində bizim düşmənlərimizin kifayət qədər təsirləri var.

Bildiyiniz kimi, Rusiya Xarici işlər naziri Lavrov erməni əsillidir və ermənilərin birmənalı müdafiəçisidir. Üstəlik, proseslərin dalana dirənməsinin səbəbkarlarından biri də Lavrovdur. Lavrov həm Ermənistanla, həm də Rusiyada olan erməni diasporu ilə sıx əlaqələrə malikdir. O, Rusiya Erməniləri İttifaqının sədri Ara Avramiyanla yaxın dostdur, bir çox hallarda onun ofisində görünür. Bu, məsələlərin hansı səviyyədə olmasının göstəricisidir.

Bildiyiniz kimi, münaqişənin həllinə dair Rusiyanın “Kazan prinsipləri” adlı təklifləri var idi. Sənəddə bəzi məqamlara Azərbaycan, bəzi məqamlara isə Ermənistan etiraz etdi. Əslində sənəddə dəyişikliklər ediləcəyi, təkmilləşdirmə aparılacağı mesajları verilsə də, sonradan məlum oldu ki, Sergey Lavrov sənədə heç bir dəyişiklik etmədən yenidən müzakirə masasına gətirib. Hesab edirəm ki, bu kimi məsələlər diqqətə alınmalıdır. Bilinməlidir ki, Rusiyanın Ermənistanla yaxın əlaqələri var, bir çox hallarda Ermənistan üzərindən Azərbaycan, Gürcüstan, Türkiyə və İran siyasəti müəyyən olunur. Yəni Ermənistan üçün Rusiya önəmli ölkədir. Bütün hallarda biz dövlət olaraq öz maraqlarımızın qorunması üçün nə tələb olunursa, onu da etməliyik.

Sözsüz ki, Rusiya bölgənin nəhəng dövlətidir, qlobal miqyasda sözü keçən ölkədir. Amma Azərbaycan da hər şeyi Rusiya istədiyi üçün güzəştə gedəsi deyil. Xüsusilə, ərazi bütövlüyü məsələsində. Dünyada bilməlidir ki, Azərbaycanın mövqeyi nədən ibarətdir.

Biz həm də cəmiyyət-dövlət, müxalifət-iqtidar həmrəyliyinə nail olmalıyıq. Əsas odur ki, hədəfimiz olsun və problemin üzərinə sistemli gedib həll etməyə başlayaq.

– Oqtay bəy, hazırda şirin su dünyada bir nömrəli problem kimi ortaya çıxır, quraqlıq təhlükəsinin olduğu bildirilir. Azərbaycanda da şirin su ilə bağlı çətinliklər artıq başlayıb. Sizcə, ölkəmizdə yaranan bu problemi həm də Dağlıq Qarabağla əlaqələndirmək mümkündürmü?

– Bəli, son aylar ölkəmizi təhdid edən məsələlərdən biri də şirin su ehtiyatıdır. Ölkə başçısının yanında da su qıtlığına dair müşavirə keçirildi. Nəzərə almaq lazımdır ki, bizim içməli su ehtiyatlarımızın böyük qismi işğal edilən ərazilərdə qalıb. Bu, həm Laçın-Kəlbəcər ərazisində olan böyük dağ çaylarıdır ki, onlar içməli su mənbələridir. O cümlədən suvarma sistemlərində istifadə edilə biləcək su anbarları işğal edilən ərazilərimizdədir. Bu, həm “Xudafərin” hidroqovşağı, həm də “Sərsəng” su anbarıdır.

Azərbaycanın təhlükəsizliyini təhdid edən ikinci problem olaraq bu məsələ həllini tapmalıdır. Bunun da həlli Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Odur ki, bütün bu məsələlər kompleks halında qiymətləndirilməli və tədbirlər görülməlidir.

Reyting.az

araz.az xəbər portalı.