saakasbilu32 696x377Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili İctimai Televiziyaya müsahibə verib.

Sozcu.az həmin müsahibəni təqdim edir:

– Belə bir fikir var ki, 2008-ci ildə Gürcüstanın dar günündə Azərbaycan ona yardım əli uzatmışdı. Bu barədə nə düşünürsünüz?

– Azərbaycan bizə çox yardım edib. İlk növbədə 2005-ci ili yada salmaq istərdim. O zaman bizdə böyük enerji böhranı var idi. Gürcüstana daxil olan qaz boruları və elektrik xətləri kəsilmişdi. Azərbaycan bizi – milyonlarla gürcüstanlını soyuqdan qurtardı. Hətta deyərdim, aclıqdan, ölümdən xilas etdi. Bu, bir neçə həftə davam edirdi. Nə mən, nə Gürcüstan xalqı bu köməyi heç vaxt unutmarıq. Bundan sonra 2008-ci ildə ölkəmiz təcavüzə məruz qaldıqda Azərbaycan iqtisadi müstəvidə enerji hasilatı yönündə bir sıra tədbirlər gördü ki, bunlar Gürcüstan üçün həyati əhəmiyyət daşıyırdı. Bu əsl dost, əsl qardaş dəstəyi idi. Heç də hər qardaş Azərbaycanın göstərdiyi köməyi göstərməzdi. Belə məsələlər nəsillər, yüzilliklər boyu yaddaşlarda qalır.

-Azərbaycanla Gürcüstan arasındakı münasibətlər regionun inkişafı baxımından niyə strateji əhəmiyyət daşıyır?

-Çünki Azərbaycan və Gürcüstan iki qardaş ölkədir. Ölkələrimiz Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında yerləşir və bu çox mühüm rol oynayır. Həmçinin, xalqlarımız bir-birini sevir. Gürcüstanda çox böyük Azərbaycan icması var. Gürcüstan Azərbaycan üçün dünya bazarlarına çıxışı təmin edir. Azərbaycan Gürcüstan üçün əsas sərmayə, dəstək və ümumi inkişaf amilidir. Ona görə bu, demək olar ki, ideal bir uyğunluqdur.

-Son dövrlər Gürcüstan hökumətinin Serbiya silahlarını Gürcüstan ərazisi üzərindən Ermənistana ötürməsi barədə məlumat yayılıb. Bu məlumata münasibət bildirə bilərsiniz?

– Bu məlumat yoxlanıb təsdiqlənsə, ölkələrimiz arasındakı ənənəvi dostluq, xoşməramlılıq və qardaşlıq siyasəti ilə ciddi ziddiyyət təşkil edəcək. Təbii ki, Gürcüstan regionda münaqişələrin yox, sülhün bərqərar olmasında maraqlıdır. Biz anlamalıyıq ki, Gürcüstanın indiki hökuməti tam müstəqil deyil. Onlar güclü xarici təsir altındadır. Bu məhz Gürcüstanın xaricindən verilən tapşırıq ola bilər, Gürcüstan xalqının istəyi yox. Ölkəniz Gürcüstanın inkişafı üçün vacib amildir. Bizim Azərbaycanla münasibətlərimiz o səviyyədədir ki, onlara qarşı atılmış hər bir addım Gürcüstan xalqına qarşı atılmış bir addımdır.

– Bu məlumat istər Azərbaycanın rəsmi dairələrində, istərsə də ictimaiyyətdə çox böyük qınaqla qarşılandı. Bu, iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər?

– Yenə də, məlumat təsdiqlənsə, bu addım tək Azərbaycan xalqına qarşı yox, Gürcüstan xalqına da qarşı atılmış bir addım olacaq. Bu addım regionda sülhə qarşıdır, mənim şəxsi fundamental prinsiplərimə qarşıdır. Bunu təşkil edən insanlar cəzalandırılmalıdır. Azərbaycanın Gürcüstana bütün bu illər ərzində etdiyi yaxşılıqların müqabilində bu çox böyük nankorluq olar. Minnətdarlıq anlayışı təkcə insanlara yox, ölkələrarası münasibətlərə də xasdır. Bizim Azərbaycana qarşı nankorluq etməyə heç bir səbəbimiz yoxdur. Biz Azərbaycana dərindən minnətdar olmalıyıq.

– Gürcüstanda parlament seçkiləri yaxınlaşır. Bu məlumat seçkilərin nəticələrinə necə təsir göstərəcək?

– Düşünürəm ki, son 2 seçkilər zamanı Gürcüstanın müasir tarixində ilk dəfə olaraq Gürcüstan azərbaycanlıları müxalifətə səs verdilər. Mənim üçün bu çox əlamətdardır. Bu o deməkdir ki, azərbaycanlılar da gürcülərlə yanaşı, özlərini ölkənin sahibi hiss edirlər və ona görə məsuliyyət daşıyırlar. İndiki hakimiyyət onlarla oyun oynaya bilməz. Onlar Gürcüstanın vətənpərvərləridir. Onlar Gürcüstan üçün çox iş görüblər və gələcəkdə də görəcəklər. Biz onları Gürcüstan hökumətinə daha çox inteqrasiya etməliyik. Çünki onlar da Gürcüstan cəmiyyətinin üzvləridir. Bu nöqteyi-nəzərdən, Gürcüstan azərbaycanlıları təzyiqə və hədələrə rəğmən bu seçkilərə də əsl vətənpərvərlər kimi baxıb azad seçim etməlidirlər.

araz.az

araz.az xəbər portalı.