vusal kerimlijpg 1581791784Bakı Nəqliyyat Agentliyinin (BNA) bir neçə əməkdaşını heç bir səbəb olmadan işdən azad etməsi ilə bağlı məlumat yayılıb.

Belə ki, BNA-nin İmişli rayon sakini, ikinci qrup əlili Ağayev Rəsul Əli oğlu və İbayev Murad Əşrəf oğlu da daxil olmaqla, bir neçə sabiq əməkdaşı artıq məsələnin araşdırılmasına kömək etməsi üçün Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayevə müraciət edib.

Millət vəkili Unikal.org-a məlumatı təsdiqləyərək qeyd edib ki, artıq şikayətçilərin ərizələrini qəbul edib:

“BNA-dan 20 nəfər işdən çıxarılıb. İnsan hüquqları komitəsinin üzvü olduğum üçün, əmək müqavilələrinə xitam verilən şəxslər mənə müraciət ediblər. Məsələ ilə bağlı artıq Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli ilə zəng edərək danışmışam. Problemlə bağlı rəsmi məlumatları da Vüsal bəyə yönəltmişəm.

BNA-nin sədrinin bununla bağlı öz arqumentləri var. Onun sözlərinə əsasən, qeyd edilən şəxslərin ciddi səhvləri  olub, müəyyən işlər sabotaj olunub. Onların günahı ucbatından vətəndaşlar əziyyət çəkiblər, avtobuslar gecikdiyi üçün sərnişinlər mənzil başına zamanında çata bilmirdilər, süni şəkildə basabas yaradılırdı. Lakin şikayətçilərin bəziləri qeyd edirlər ki, “qurunun oduna yaş da yanıb”. Ümid edirəm ki, V.Kərimli bu məsələləri həll edər. Çünki indiki pandemiya dövründə insanların işdən çıxarılmağı yolverilməzdir. Mən buna müsbət yanaşa bilmərəm”.

araz.az

araz.az xəbər portalı.