555465“TƏBİB və Səhiyyə Nazirliyinin parallel fəaliyyətindən əmələ gələn ikihakimiyyətlilik, bu qurumlar arasında iş birliyinin, sağlam rəqabətin və koordinasiyanın olmaması vəziyyəti daha da kəskinləşdirdi” — ƏSAS SƏBƏB
       “Azərbaycanda artıq yarım ilə yaxın müddətdə COVİD-19 pandemiyası ilə dövlət səviyyəsində ciddi mübarizə getsə də, hələ davam edən bu prosesin sonu haqqında mülahizələr irəli sürmək  çətindir. 2020-ci ilin fevral-aprel aylarında — mübarizənin başlanğıcında bir çox müsbət və effektli addımlar atılsa da, sərhədlərin vaxtında bağlanmaması, karantin tədbirlərinə anında start verilməməsi, sərt karantin qaydaları zamanı yol verilən yanlışlıqlar, karantin rejiminin yumşaldılmasından əvvəl lazımi təlimatların hazırlanmaması və onlara uyğun tədbirlərin yerinə yetirilməməsi, əhalinin sanitar-tibbi maarifləndirilməsi işlərinin keyfiyyətsizliyi, insanların tibbi-psixi reabilitasiyası və ruhi sağlamlığın mühafizəsi istiqamətində fəaliyyətin başlamaması, istər karantin dövründə, istərsə də karantin rejimi yumşaldıldıqdan sonra əks-epidemik davranışların  (sosial məsafə gözlənilməsi, maska taxılması, dezinfeksiya tədbirləri) pozulması may-iyul aylarında kütləvi yoluxmaların sayının kəskin artması ilə nəticələndi. Səhiyyə sektorunda TƏBİB və Səhiyyə Nazirliyinin parallel fəaliyyətindən əmələ gələn ikihakimiyyətlilik, bu qurumlar arasında iş birliyi, sağlam rəqabət və koordinasiyanın olmaması vəziyyəti daha da kəskinləşdirdi. Xüsusilə özəl laboratoriyalarda diaqnostik testlərin yüksək qiymətlərlə aparılması, infeksiya ocaqlarında əhalinin böyük hissəsinin diaqnostik müayinələrə cəlb edilə bilməməsi, informasiya və tibbi-sanitar maarifləndirmə siyasətinin doğru qurulmaması, respublikanın aparıcı alim və mütəxəssislərinin pandemiya ilə mübarizəyə yetərincə cəlb edilməməsi, onların fikirlərinin, təkliflərinin və iradlarının nəzərə alınmaması, hətta rəsmi televiziya kanallarında çıxışlarının qarşısının alınması, pandemiya ilə bağlı məsələlərin daha çox məmur maraqları üzərindən qurulması problemlərin dərinləşməsinə və insanlarda inamsızlığın yaranmasına səbəb oldu.
Pandemiya ilə mübarizənin ilk dövründə Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin və digər elm ocaqlarının alim və mütəxəssis resurslarının, mövcud infrastrukturların uzun müddət ərzində proseslərdən  təcrid olunması, dünya təcrübəsinin gəlişmiş nümunələrinin tətbiq olunmaması və təsdiqlənmiş bəzi faktların nəzərə alınmaması, karantin tədbirləri zamanı əhalinin işsiz və yoxsul hissəsinin sosial müdafiəsinin yarıtmaz təşkili bugünkü ağır epidemioloji vəziyyətin əsasında dayanan yanlışlıqlar sırasındadır. Nəticədə, ölkə iqtisadiyyatına ağır zərbə vuran ikinci karantin dövrü yenidən uzadılıb və hazırda da davam etməkdədir”.
       Ölkə səhiyyəsinin tanınmışlarının və ictimai-siyasi fəallarının qorxulu COVİD-19 pandemiyasi ilə mübarizəyə aid Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yeni Növ Koronavirusa qarşı Operativ Qərargaha ünvanladıqları səmərəli təkliflər Müraciətinin girişi bu sözlərlə başlayır. araz.az xəbər portalına da daxil olan bu barədə məlumatda  sonra bildirilir ki, ölkə əhalisini gözlənilən təhlükələrdən daha tez qurtarmaqdan ötrü, təklif müəllifləri, yaxın ongünlükdə karantin tədbirlərinin yumşaldılması və sonrakı dövrdə fəaliyyət proqramına vacib əlavələrin edilməsi üçün aşağıdakı səmərəli təklifləri tövsiyyə ediblər:
       — Bütün COVİD-19 testlərinin və müayinələrin, o cümlədən, özəl laboratoriyalarda aparılan testlərin dövlət hesabına aparılmasını və tibbi maskaların pulsuz paylanılmasını vacib hesab edilsin;
        — Aptek şəbəkələrinin COVİD-19 xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş dərman
preparatları ilə təchizatı, o cümlədən apteklərdə süni qiymət artımına ciddi nəzarət təmin edilsin;
        — Əhalinin karantin (əks-epidemik) davranışlarına ciddi riayət etməsi üçün təsirli maarifləndirici və inzibati tədbirlərin (o cümlədən ictimai qınağın vacibliyinin təbliği)  gücləndirilməsi müvafiq hesab edilsin;
— Bu ilin avqust ayının 5-dən sonra, karantin rejiminin xeyli yumşaldılması (“evdə qal!” rejiminin ləğvi, çimərliklərin açılması və rayonlara test-neqativ insanların səfərlərinə icazə verilməsi) və yuxarıda sadalanan mexanizmlər üzrə ciddi rejimli əks-epidemik davranışların tətbiqinin daha da sərtləşdirilməsi məqsədəuyğun hesab edilsin;
     — Karantin yumşaldıqdan sonra bütün qapalı məkanlarda, ictimai nəqliyyat vasitələrində, ictimai iaşə obyektlərində, istehsalat müəssisələrində, inzibati və özəl binalarda, idman obyektlərində… insanların əks-epidemik davranış qaydalarını ehtiva edən təlimatların hazırlanması və onların insanlara əlçatanlığı təmin olunsun. Qapalı sahələrin, obyektlərin və müəssisələrin tutduqları sahə ölçülərinə uyğun insanların maksimal sayı, əks-epidemik (karantin) davranışları (giriş və çıxışda bədən temperaturunun ölçülməsi, üzbənd (maska), zərurət olduqda birdəfəlik baxil geyilməsi, sosial məsafə gözlənilməsi, əllərin dezinfeksiyasının təmini və s.) prinsiplərinin işlənilməsinə və bu istiqamətdə müvafiq təlimatların hazırlanmasına görə birgə əməkdaşlıq məqsədəuyğun hesab edilsin;
       — COVİD-19 xəstələrinin müalicəsı yalnız patogenetik istiqamətdə, ÜST təlimatlarına müvafiq aparılsın. ÜST-ün təlimatlarında və müalicə protokollarında qeyd edilməyən antiviral dərman preparatlarının (arbidol, ergoferon, favipiravir, avifavir və s.), antibiotiklərin əsaslandırılmadan istifadəsinin məqsədəuyğun olmaması haqqında tibb mütəxəssislərinin və əhalinin məlumatlandırması istiqamətində müvafiq işlərin aparılması zəruri hesab edilsin;
        — Medianın əhaliyə COVİD-19 qorxusu ilə yanaşması məqsədəuyğun hesab edilməsin. Xəstələrin 80 faizinin xəstəliyi simptomsuz, yüngül və orta ağırlıqda keçirdiyini nəzərə alaraq, insanlara qorunmağın vacibliyi anladılsın, lakin qorxudulma istiqamətində təbliğat tamamilə dayandırılsın. Ölənlərdən çox sağalananlar haqqında təbliğat daha məqsədəuyğun hesab edilsin. Əhalinin tibbi-psixi reabilitasiyası istiqamətində kompleks tədbirlərin (psixo-emosional sarsıntıların, depressiyaların, panik vəziyyətlərin aradan qaldırılması və önlənməsi) aparılması üçün müvafiq addımlar  (kütləvi təbliğat, psixoloqların, cəmiyyətə nüfuz imkanı olan ictimai fiqurların, mütəxəssislərin və tibb alimlərinin prosesə cəlb olunması) atılması məqsədəmüvafiq hesab edilsin;
— Xüsusi rejimli koronavirus xəstəxanalarının COVİD-19 xəstələrinin müalicəsinə yararlığının yenidən müəyyənləşdirilməsi, havalandırma sistemi məqbul olmayan xəstəxanaların, xüsusilə tədris müəssisələrinin (Tibb Universitetinin terapevtik və cərrahi klinikaları, Bakı Sağlamlıq Mərkəzi) asan dezinfeksiya oluna və havalandırıla bilən sadə tikintilərdə yerləşdirilməsi mümkün olan mobil, səyyar xəstəxanalarla əvəz edilməsi vacib hesab edilsin;
— Poliklinikalarda yaradılmış xüsusi qərargahlar vasitəsilə COVİD-19 xəstələrinin monitorinqi, ambulator müalicəsinin təşkili və icrası istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, həmin qərargahlara rəhbərliyin xüsusi rejimli koronavirus xəstəxanalarında işləmiş həkimlərə həvalə edilməsi zəruri hesab olunsun;
— Həkimlərin, tibb işçilərinin və evdə müalicə olunan xəstələrin distansion diaqnostik-müalicəvi konsultasiyası üçün NK, TƏBİB və ya Səhiyyə Nazirliyi yanında onlayn mərkəzin açılması və həmin mərkəzdə infeksion xəstəliklər üzrə mütəxəssislərin 24/7 rejimində işləməsinin vacibliyi məqsədəmüvafiq hesab edilsin;
— Tibbi hospitalizasiya yalnız COVİD-19-a
 yoluxanlarda təsdiq olunmuş fəsadlaşma (ağırlaşma) əlamətləri meydana gəldikdə aparılsın. Fəsadlar (ağırlaşmalar) olmadıqda, diaqnostik testlərin nəticələrinin müsbət olması, yüksək hərarət və digər hallar xəstənin ev şəraitində izolyasiya edilməklə, poliklinika (sahə, ailə) həkiminin nəzarəti altında ambulator müalicəsi kifayət hesab olunsun;
— Azərbaycan Respublikası Prezidentinin COVİD-19-la mübarizədə iştirak edən tibb işçilərinin vəzifə (taarif) maaşlarının 3-5 mislinədək müddətli Prezident əlavəsi verilməsi haqqında Sərəncamının (18 mart 2020-ci il) və onun əsasında Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarının icra vəziyyətinin yoxlanılması təklif edilsin. Bir çox hallarda, Sərəncamın və müvafiq Qərarın icrası doğru yerinə yetirilmir, müddətli Prezident əlavəsinin ödənilməsində ciddi ləngimələr, Əlavənin tam həcmdən dəfələrlə aşağı həcmdə ödənilməsi barədə çoxsaylı şikayətlər və məlumatlar mövcuddur. Bu şəraitdə, aylarla COVİD-19 xəstələri ilə üzbəüz qalan, onların müalicəsi naminə gecə-gündüz ağır zəhmət çəkən həkimlərə, tibb və texniki yardim işçilərinə onların haqq etdiklərini vermədən xaricdən gətirilən mütəxəssislərə dəfələrlə artıq maaşların ödənilməsini yolverilməz hesab edirik. Bu qərarların tibb ictimayyəti və yerli alimlərlə məsləhət aparılmadan məmurlar tərəfindən qəbul edilməsi Azərbaycan həkimlərinin, tibb işçilərinin aşağılanması və onların zəhmətinin doğru dəyərləndirilməməsi kimi qiymətləndirildiyindən, qarşısı təcili alınsın;
— COVİD-19 xəstələrinin müalicəsində iştirak etmiş və edən, peşə vəzifələrini yetirərkən yeni növ koronaviris infeksiyasına yoluxaraq, müalicə olunmuş, müalicəsi davam edən və COVİD-19 xəstəliyindən vəfat etmiş həkimlərin, tibb və texniki yardım işçilərinin sosial müdafiəsinin təşkili, hüquqi statusunun (sərti olaraq, Azərbaycan Respublikasının Fədakar Tibb İşçisi (Həkimi), Azərbaycan Respublikasının Qəhrəman Tibb İşçisi (Həkimi) (ölümündən sonra)) müəyyən edilməsi ilə bağlı hökumətin xüsusi proqramının hazırlanması və MM-də qəbul edilməsi istiqamətində işlərə başlanılması mühüm məsələlərdən biri hesab olunsun;
        — SARS-COV-2 infeksiyasının profilaktikasında və COVİD-19 xəstələrinin müalicəsində istirak edən epidemioloqların, həkimlərin, tibb və texniki işcilərin, tibb və biologiya alimlərinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, səhiyyə və sanitar-epidemioloji müəssisələrin, elmi-tədqiqat institutlarının və onların bu infeksiya ilə mübarizədə fəal iştirak edən rəhbər heyətinin, əməkdaşlarının, həmçinin müvafiq səhiyyə və tibb müəssisələrinin dövlət səviyyəsində mukafatlandırılması istiqamətində zəruri addımlar atılması məqsədəuyğun hesab edilsin;
— 15 sentyabr tarixinədək ictimai yerlərin (ticarət obyektləri, restoranlar, şadlıq və mərasim evləri, təhsil müəssisələri, otellər və istirahət mərkəzləri və s.) fəaliyyəti hazırda bağlı olduğu kimi qapalı qalsın. Banklar, apteklər, marketlər hazırda olduğu qaydalarla və əks-epidemik davranışlara ciddi əməl olunmaqla fəaliyyətlərini davam etdirsin, parklar, çimərliklər və idman obyektləri istifadəyə açıq olsun. Əhalinin ölkə daxilində gediş-gəlişinə maneələr aradan qaldırılsın;
       — Yuxarıda qeyd etdiyimiz təkliflərin yerinə yetirilməsi sərt karantin tədbirlərinin, karantin rejiminin, xüsusilə “Evdə qal!” kompaniyasının dayandırılmasına əsaslar yarada bilər. Dünya ölkələri ilə müqayisədə Azərbaycan Respublikasında COVİD-19-a yoluxanlar arasında son 5 ay ərzində ölüm faizinin davamlı surətdə xeyli az olduğunu (1,2-1,3 faiz) nəzərə alaraq, karantin rejimi qaydalarının xeyli yumşaldılması şəraitində əks-epidemik davranışların ciddi tətbiqi vacib hesab edilsin;
— COVİD-19 pandemiyası ilə mübarizədə dünya ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsi və
 ölkəmizdə istifadəsi məqbul hesab olunsun;
— Xüsusi rejimli koronavirus xəstəxanalarında COVİD-19 xəstələrinin müalicəsi üçün ölkəmizə dəvət edilmiş həkimlərin yerli həkimlərlə birgə fəaliyyətinin yerli alimlərin və mütəxəssislərin ciddi nəzarəti altında keçirilməsi vacib hesab edilsin;
— COVİD-19-dan ölən xəstələrin patoloji-anatomik müayinəsinin geniş tətbiqi və bu sahadə geniş elmi-tədqiqatların aparılması önə çəkilsin;
— Həkimlərin, tibb işcilərinin və texniki yardım işcilərinin COVİD-19-a yoluxma hadisələrinin səbəblərinin (oteldaxili və xəstəxanadaxili yoluxma, təhlükəsiz texnikası qaydalarına riayət edilməməsi, fərdi bioloji qoruyucu vasitələrlə təminatsızlıq və s.) araşdırılması və aradan qaldırılması istiqamətində əməli fəaliyyət göstərilməsi, SARS-COV-2 infeksiyasına yoluxmuş tibb işçilərinin müalicəsi və xəstəxana şəraitləri ən yüksək səviyyədə təmin edilsin. İnfeksiyaya yoluxan həkimlərin, tibb və texniki yardım işçilərinin müalicəsi üçün, vacib ayrı bir xəstəxana ayrılsın.
       Nəzərinizə çatdırırıq ki, iyulun 27-də verilən həmin təkliflərin müəllifləri tibb sahəsində tanınmış pofessorlar Adil Qeybulla, Vüqar Məmmədov, Mübariz Əliyev, İlham Əhmədov, Şahbaz Şahbazov, dosentlər Ədalət Rüstəm, Tanrıverdi Rzayev,
tibb üzrə fəlsəfə doktorları Vasif İsmayıl,
Fəxrəddin Məmmədov, Mahmud İsmayılov, radiologiya uzmanı Aydın Əliyev, eləcə də ictimai-siyasi fəal Qorxmaz İbrahimli və başqalarıdır.
 
 
Rəşad ŞAHİNOĞLU,   
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.