Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Hüseyn oğlu Sadıkovun da 3 övladından ikisi iş adamıdır.
Nəcməddin Sadıkovun biznesmen övladları ilə bağlı Meydan.Tv-nin apardığı araşdırmanı təqdim edir:
“Magus” MMC-nin Hüseyn Sadıgov və Məhəmməd Sadıxov (rəsmi mənbələrdə general-polkovnik N. Sadıkovun oğullarının soyadları məhz bu cür təqdim olunur – red.) 2009-cu ildə təsis ediblər. Şirkətin ilk idarəedicisi Məhəmməd olub. Hazırda isə şirkətə Sumqayıt şəhəri sakini, 39 yaşlı Ramil Abdullayev rəhbərlik edir. Şirkət qeydiyyat ünvanını (Yasamal rayonu, Azad Mirzəyev, ev 10) da dəyişib və indi “Azure Plaza” İş Mərkəzinə köçürülüb.
MSK-nın məlumatına görə, qardaşlar və ataları Nəcməddin Sadıkov Azad Mirzəyev, ev 250 ünvanında qeydiyyatdadırlar. Lakin maraqlıdır ki, hazırda Məhəmməd Sadıxov həm də Bakıda İnşaatçılar prospektindəki 6 nömrəli yaşayış evindəki mənzillərdən birində də rəsmi qeydiyyatdadır.
41 yaşlı Məhəmməd Sadıxovun təsisçilərindən biri olduğu şirkətlərdən biri “Keystone” MMC-dir (VÖEN: 1302308941) Bu şirkəti 2010-cu ilin oktyabrın 20-də Kamal Akimoviç Akimov və M.Sadıxov simvolik nizamnamə kapitalı ilə (100 manat) Bakıda yaradıblar. Baş ofisi əvvəlcə “Caspian Plaza”-da yerləşib, sonra “Azure Plaza”-ya köçürülüb. “Keystone” MMC-nin korporativ internet səhifəsində deyilir ki, o, Azərbaycanda vibrobeton istehsalında ən müasir və təcrübəli şirkətlərdən biridir. “Avropanın bu sahə üzrə ən qabaqcıl avadanlığını istifadə edərək, biz müştərilərə yüksək keyfiyyətli beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər məhsullar təklif edirik” – saytda şirkət belə təqdim olunur. Bu inşaat materialları divar, arakəsmə, zirzəmi və dekorativ hasarların, həmçinin yaşayış, anbar və sənaye binaların tikintisində istifadə edilir.
“Keystone” MMC-nin beton blotları istehsalı zavodu Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində 2 hektar ərazidə yerləşir. Zavodun tikintisi 2012-ci ildə başa çatıb. İstehsal prosesi 1300 kvadratmetrlik qapalı sahədə aparılır. Zavodu “Sterling Group” MMC inşa edib.
“Sterling Group”şirkəti 2003-cü ildən fəaliyyət göstərir. Bu şirkətin ofisi də “Azure Plaza”dadır. Şirkətə isə Elvan Şıxəli oğlu Mirqəliyev rəhbərlik edir. O, həm də “Keystone” MMC-nin direktorudur. Şirkətin əvvəlki direktoru Məhəmməd Sadıxovun ortağı – 1976-cı il təvəllüdlü Kamal Akimovdur. Bu iş adamı 2013-cü ildə Kaliforniyada (ABŞ) “American Sterling Group, İNC” şirkətini təsis edib.
Baş Qərargah rəisi Nəcməddin Sadıkovun keçmiş Vergilər naziri Fazil Məmmədovla qohumluq münasibətlərində olması oğlu Məhəmmədin bu qurumda vəzifə pillələrində sürətlə yüksəlməsinə səbəb olub. Bakı Şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsində işləmiş Məhəmməd Sadıxov 2015-ci ilin noyabrında Vergilər nazirinin müşaviri təyin edilir. Bir il sonra isə M. Sadıxov bu vəzifədən kənarlaşdırılır.
Keçmiş Vergilər nazirinin müavini Namiq Əliyev həm general Nəcməddin Sadıkovla, həm də öz naziri ilə qudadır. Bu qohumluq münasibətləri Azərbaycan gerçəkliyində biznesə yansımaya bilməzdi. Belə ki, Namiq Əliyevin oğlu Əbdül Əliyev Nəcməddin Sadıkovun oğlu Hüseyn Sadıqov 2009-cu ilin mayında Dormagen şəhərində (Almaniya) “Alsa GmbH” şirkətini (qeydiyyat nömrəsi: HRB61809) yaradıblar, daha sonra isə şirkəti Düsseldorfa – Stadttor, 1 ünvanına köçürüblər. Almaniya və Avropa şirkətlərində iştirak payının alınması və idarə edilməsi məqsədilə qurulan şirkətin nizamnamə kapitalı 25 min avro olub. Meydan TV-nin əldə etdiyi məlumata görə, Hüseyn Sadıqov şirkəti 2011-ci ilin yanvarında tərk edib.
Nəcməddin Sadıkovun gəlini Qumru Namiq qızı Sadıqova 2011-ci ildə yaradılan “Koreqon” MMC-nin təsisçisi və direktoru olub. Bu şirkətə hazırda Alik Fəxrəddin oğlu Həsənov rəhbərlik edir. O, həm də Otüstü Hokkey Federasiyasının Stadion Kompleksinin direktorudur. Fazil Məmmədov Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidentidir. “Koreqon” MMC-nin ofisi “AtaHolding” şirkətlər qrupuna məxsus iş mərkəzində (Bakı şəhəri, Süleyman Rüstəm, ev 9) yerləşir.
araz.az xəbər portalı.