Tarixi abidə olaraq şəhərin düz mərkəzində olan erməni kilsəsi qorunmalıdır. Bu birmənalıdır. Biz ermənilərin dünyaya təqdim etməyə çalışdığı kimi, barbar deyilik. Heç kimə qarşı soyqırım törətməmişik. Dinlərə də, millətlərə də sayğısı olan, tolerant dövlətik, xalqıq.
Amma az qala hər kəndində, türk, azərbaycanlı nifrəti təbliğ edən ermənilərə qarşı mütləq bir addım atılmalı. Onlarda olduğu kimi, kindən, hikkədən doğan addım yox, ədaləti əks etdirən addım, haqq səsi.
Bu mənada Bakıdakı erməni kilsəsində narahat ruhlarımızın, soyqırıma məruz qalan azərbaycanlıların, xatirə muzeyini təşkil etmək, böyük addım olardı. Əgər atılsa təbii ki…
***
Xatırlayıram, APA TV-dən Qubaya ezam olunmuşdum. Hələ yeni açılışa hazırlayırdılar Quba soyqırım muzey-abidə kompleksini. Tamamlama işləri gedirdi. Abidənin memarı ilə tanışlıqdan sonra ilk ziyarətçilərdən biri kimi mühafizə altında məni içəri buraxdılar. Çox möhtəşəm olduğu qədər də əzmətli və vahiməli gəlir adama ora. Yeraltı kompleks yüksək səviyyədə təşkil olunub. Hələ yerüstü simvolik məzarlıq, üstəgəl qətl edilənlərin kütləvi məzarlığı üzərlərinə qurulan şüşə salonlar. Bu böyük qanlı tarix və dəhşətli faktlardır. Bu abidəni qurmaq isə, taxir və xalq qarşısında təqdirəlayiq xidmətir.
Amma Quba, Bakı deyil. Ora gedən turistlərin sayı da Bakıya gələn qədər deyil. Əgər erməni kilsəsini soyqırım muzeyi edə bilsək, bu təkcə turistləri cəlb etməyəcək, həm də dövlət səviyyəsində qəbul protokoluna salına bilər. Beləcə, bütün dünya dövlətləri, mərhələ ilə ermənilərin Azərbaycanda, Qubada, Şamaxıda, Bakıda, Xocalıda törətdikləri cinayətləri görmüş olacaqlar.
Bəzən deyilir ki, orada məhz Xocalı muzeyi olsun. Fərdi mövqeyimdir, Xocalıda da, Bakıda da, Şamaxıda da, Qubada da soyqırımı, ermənilər törədib. O üzdən dövlət nə zamansa erməni kilsəsində muzey yaratmağı düşünsə, bu mütləq soyqırım muzeyi olmalıdır.
***
Qubadakı muzey-kompleksində hazırladığım reportajın sonluğunu xatırlamağı da lazım bildim bu məqamda:
-Kompleksdəki simvolik məzarların ən böyüyünün qarşısında dayanmışam, ən kiçik görünmək üçün. Çünki bizim sizə hələ də böyük və tarixi borcumuz var! Biz hələ də sizin kimi VƏTƏN mübarizəsi apara bilmirik…
…Deməm o ki, həmin tarixi borcun bir qismini, Azərbaycan dövləti, paytaxt mərkəzindəki, erməni kilsəsini, soyqırım muzeyinə çevirməklə ödəyə bilər. Bunun üçün çox yaxşı zəmin var. Sən nə deyirsən dəyərli oxucu? Haqlıyam, ya yox?..
Jalə Mütəllimova
araz.az xəbər portalı.