Bu adı, bu insanı çoxdan, lap çoxdan tanıyıram. Əlini sıxmaq, şəkil çəkdirmək şərəfinə də nail olmuşam. Kəskin sual verib üzbəüzdə, qınamışam da. Əleyhinə düşməncəsinə yazmışam da.
Qınamışam!
İttiham etmişəm!
Daş da atmışam, yarmaça da, güllə də, top da, mina da, qumbara da!
Adı İsadı! Soyadı Qəmbərov – müstəqilliyəcən. İndi Qəmbər!
Müsavatın başqanı!
Nəinki adıyla (“tutaq ki, dövrümüzün həzrəti-İsası mənəm, bu soxasoxda necə möcüzə icad eləyim!” Ə.Vahid), lap elə soyadıyla (daş mənasında: qəmbər – “Çeşmə”çilər) məzələnmişik!
Kərimov Əliyə (Qəzənfərin oğlu Fazilin diliylə desək) görə, böhtan da atmışıq: “bu oğlanın nəfəsi kürəyimi yandırır”.
Əlqərəz, bütün oğraşlıqları eləmişik bu adama qarşı, hətta “Primakovun sukası” da demişik!
Mənim çox axmaq xasiyyətim var: əleyhinə yazdığım adamları yanımda söyən olanda, “zor yazmısan” deyən tapılanda, başlayıb tərifləyirəm, üstün keyfiyyətlərini deyirəm, biri də qayıtmır ki, alə, dümbələk, rəsmən yazdığın nədi, burda dediyin nə?
Həmişə də tərifləyəndə, tənqidim kimi tərifimi də etiraf edəndə, deyirəm ki, zəhmət olmasa, dur rədd ol!
Türmədə biri danışdı mənə: Sən bilirsənmi, Primakov iki saat Heydər Əliyevlə danışdı, qoymadı İsa Qəmbəri tutsun!
Əlbəttə, mən çöldə olsaydım, bunu mənə danışsaydı, adamın cəmiyyətə yeritmək, yedirtmək istəyinə dəstək olardım. Ancaq türmədə adam bir az ayrı cür düşünür və cavabımı dediyim kimi yazıram:
– Əzizim, mən ki, səni bu ağılda görürəm, düşünürəm ki, bütün Azərbaycan xalqını birbəbir bu türmədən keçirmək lazımdı ki, həyatı başa düşsün! İkincisi də ki, mən türmədən çıxan kimi, Primakova ikinci dəfə təşəkkür edəcəm!
– Birinci dəfə haçan eləmisən ki?
– Birinci dəfə mənə xarici jurnalist kimi verilən vəsiqəyə imza atdığına görə.
– Bəs ikinci dəfə niyə?
– İkinci dəfə də ona görə ki, niyə Etibar Məmmədov, Əli Kərimli Heydər Əliyevin hakimiyyətini leqallaşdırmağa can-başla qulluq edəndə İsa Qəmbər türmədə oturmalıydı ki? Primakova eşq olsun!
Adamla münasibət pozuldu! – halbuki sussaydım, yanıma bir kimsənin bir qutu siqaret gətirmədiyi halda, mənə hər cür yardım edən bu dustaq qardaşımla dostluq indi də davam edərdi! Və mən türmədən çıxdığım bu 6 ildə bir dəfə də olsun İsa Qəmbərin əleyhinə kəskin çıxış etməmişəm – əlavə olaraq deyim: ona qədər də yazdıqlarımdan imtina etməmək şərtiylə!
Ancaq bu gün… 16 oktyabrda təzədən bu insan, bu siyasi, bu vətən oğlu haqqında düşünməli, yazmalı oldum!
Türmədə dustaq yoldaşıma danışdığım anekdotla başlayıram:
Bir gün bir kişinin eşşəyini oğurlayırlar, adam dərdini danışır simsar bildiklərinə. Hərə bir söz deyir:
– arvadın alaqapını yaxşı bağlamayıb;
– sən ağır yatmısan;
– tövlənin qapısını möhkəm edəydin;
– eşşək gərək anqıraydı…
Əlqərəz, axırda kişi dözmür, deyir:
– Ay mən deyənlər, bu oğru əclafda heç günah yoxdu? Niyə kənddə oğru olmalıdı ki?
– Bəli, mənim əziz dustaq dostum, Heydər Əliyevdə, MTN agentlərində heç bir günah yoxdu İsa Qəmbəri bu xalqın gözündən salmaq kampaniyasında? Etibar Məmmədovda, Əli Kərimlidə heç günah yoxdu dəstək olmamaq bir yana, badalaq vurmaqda? Guya Etibar Məmmədov bilmir ki, 1998-ci ilin seçki nəticələri heç harda bəyan olunmadan Heydər Əliyev jurnalistləri yığıb demişdi ki, mənə 96,6 faiz səs verdiyiniz üçün sağ olun və bilə-bilə ki, seçki 100 faiz ikinci tura qalmışdı?
Sözarası deyim ki, dustaq qardaşım siyasətdə ancaq Əli Kərimlinin əleyhinə danışmırdı: nə qədər olmasa da, “Azadlıq” qəzeti şəklini siyasi məhbus kimi verirdi “Yeni Müsavat”dan fərqli olaraq! – türmədə olan üçün bu da böyük dəstək idi!
Nəhayət:
2003-cü il sentyabrın 28-də “Milli yol”da yazı yazmışdım: “Aydın Canıyev vəfat etmişdir”
Yazının mahiyyətini qısaca çatdırıram: İlham Əliyev ölkənin prezidenti olacaq və bu ölkədə həkimlər, müəllimlər ən hörmətsiz adamlar olacaq!
Bu gedişə Qərbin və Avropanın əl tulaları rolunda çıxş edən siyasətçilərimizin daldeylərdə razılıq verməsi səbəbindən onların üzünə hətta tualetdə oturanlar unitazdan durmayacaq! İlham Əliyevin prezident olduğu ölkədə isə… Aydın Canıyev kimilər öləcək, öldürüləcək!
Çox az sonra hər şey təsdiqini tapdı: təkcə “yanlış” olan oydu ki, ağzından güllələnən Aydın Canıyev yox, Elmar Hüseynov oldu, o da ona görə ki Aydın Canıyev partiya və qrup marağından çıxış etmirdi. Ancaq Aydın Canıyev vəfat etdi: ailəsi dağıldı, paralic oldu, mikroinsult keçirdi, şərlənərək həbs olundu, 10 ildi heç kim heç harda iş vermir, hətta qonorarla dəvət olunduğu yerlərdə uzağı üç aydan sonra bəhanəylə əlaqə kəsilir! Bütün bu zərbələr bir həmlənin-hücumun nəticəsidi! Amma bu ölkədə İsa Qəmbərə 25 ildi hücum edilir!
Əslində, bu yazını 25 il sonra yazılmış hesab edin!
Bilirsiniz niyə? 25 il sonra heç kim Əliyevlər klanını tərifləməyəcək, amma İsa Qəmbərə peşimançılıq yaşanacaq – xatirələr, anlaşmalar, ideyalar üzə çıxacaq, Əbülfəz Elçibəy kimi sirləri özüylə qəbrə aparmayacaq İsa bəy, zənnindəyəm! Buna əmin olmaq üçün bir az bəsirətli olmaq yetər. Azərbaycan xalqı Mehriban Əliyevanı (hələ mən Kərimov Əlini, İlqar Məmmədovu demirəm) bu gün prezident seçsə, sabahdan Azərbaycanda bir nəfər də naxçıvanlı-yeraz klanından hakimiyyətdə kimsə olmayacaq, Heydər Əliyevin nəinki heykəlləri, bütün şəkilləri yığışdırılacaq, onun haqqında yazılan kitablar dağ kəndlərinin sakinlərinə veriləcək ki, qışda odun yerinə ocağa atsınlar – day Əli Həsənovun, Siyavuş Novruzovun, Bəxtiyar Sadıqovun, Hikmət Babaoğlunun, Elman Nəsirovun yazdığı yazılar olan qəzetləri, çıxış elədikləri telekanalların lentlərini demirəm!
Amma İsa Qəmbər dözür! Dözür və hələ də bu xalq üçün düşünür…
Türmədə hamının (danışıb-dərdləşdiklərimi nəzərdə tuturam) yanında demişəm: türmədən çıxan kimi Heydər Əliyevi və Əfruz Məmmədovu ziyarət edəcəm!
Heydər Əliyevi ona görə ki (düzdür, hələ də ziyarət etməmişəm, yolpulu tapan kimi, ya da Hacıbala Abutalıbovdan xahiş edərək, bunu edəcəm!), o bilə-bilə ki, bu xalqın mahiyyəti, əxlaqı, yaşam tərzi nədir, yenə də bu xalqın rəhbəri olmaqdan əl çəkmədi!
Əfruz Məmmədovu da ona görə ki (düzdür, rayona gedəndə bu istəyimi yerinə yetirmişəm, yolüstü dönüb Xıl kənd məzarlığında bu uca və ali məzarı ziyarət etmişəm), bu xalqın yaşam meyarı, istəyi, düşüncəsi nədir, amma 55 il kəndindən çıxmadı, onu savadlandırmaqdan yorulmadı!
İndi İsa Qəmbər də… yorulmur e bu xalqı düşünməkdən!
Başqa misal deməyəcəm, hərçənd başqa misal deyəcəkdim: Status yazmışam ki, bu 16 oktyabr çox şərəfsiz gündür! çoooox e, lap çooox! Bir yandan Etimadın vəfatı, bir yandan da İsa Qəmbərin qətli günüdür…
Elə bu yazını yazıb bu yerə çatanda gördüm ki, komp cükküldəyir ki, Kəramət Böyükçöl statusuna şərh yazıb. Etiraf edirəm: cazibədar oldu, çünki Kəraməti söyənlərə belə Kəramət şərh yazmır, xeyir ola? Baxıram ki, Heydər Əliyevdən yazı yazıb 3 min manat mükafat alan, eyni həvəslə Əbülfəz Elçibəydən yazıb 1500 manat qazanacağına iddia edən Kəramət Böyükçöl öz aləmində mənə söz soxur, sual verir, İsa bəylə virtual mırt tutur: “İsa bəy sağdı axı. Onu qətlə yetiriblər ki?”
Bax İsa Qəmbər yazıçısı, özü də allah eləməmiş şair oğlu, bu əxlaqda, bu ağılda olan xalqın azadlığı üçün vuruşur və… söyülür, təhqir olunur, aşağılanır, ittiham olunur! Guya bu – şeytanın erkəyini qarışqanın dişisiylə cütləşməyə aparan tülüngü bilmir ki, “İsa Qəmbərin qətli” yazarkən mən nəyi nəzərdə tutmuşam!
Yazıçısı, şair oğlu bu ağılda, bu əxlaqda, bu xislətdə olanın, gör “kütlə”si, qaragüruhu nə gündədi və onu hara, necə istiqamətləndirmək olar!? Amma deyim ki, əgər İsa Qəmbərdən zərrə qədər xeyir gəlsəydi, and içirəm anamın südünə, bu Kəramət İsa Qəmbərin paçasından öpərdi! Necə ki dədəsi Etibar Məmmədov üçün bunu edib, kitablarını amipçilərə satdırıb, pulunu alıb, birdəfəlik AMİP-i və onun sədrini unudub!
Amma İsa Qəmbər yorulmur – şair də, yazıçı da, tülüngü də əleyhinə ağlına və ağzına gələni yazır da, deyir də!
Onu nə qədər qətl edirlərsə də, o zəndədirlərsə də, sağdır, yaşayır və mübarizə aparır!
İsa Qəmbərin xilası bu ölkədə Kəramət Böyükçöllərin, Qəşəm Nəcəfzadələrin kütləvi şəkildə Binəqədi zibilliyində “yandırılması”ndan keçir!
Əziz oxucu, mən bu hissədə tamam ayrı adamdan sitat gətirəcəkdim: daha doğrusu, 2002-ci ildə yazdığım, “REAL NAMİZƏD” yazımdan. O yazını oxuyanlar bilir nə yazmışam, bircə fikri çatdırıram:
– İsa Qəmbər ilk növbədə prezident seçkilərində qalib gəlmək üçün tum müxalifətə qalib gəlməlidi, müxalifərə qalib gələndən sonra… Rauf Arifoğluna. Bu qələbəni əldə etdikdən sonra düşünmək olar ki, onun qabağında duracaq bir rəqib yoxdu!
Zaman mənim 15 il əvvəl yazdıqlarımı təsdiq etdi – ümumiyyətlə isə, təvazökarlığı Kador, Pankisi və İncə dərəsinə atıb deyirəm ki, mənim yazdıqlarım onilləri qabaqlayıb həmişə. İndi day o da mənim günahım deyil ki, oxucular bunun fərqində olmayıb. Ancaq heç kimi qınamır, giley də etmirəm, çünki bu ölkənin ən “möhtəşəm” yazarı Kəramət Böyükçöl ağlında olan biridir!
Və biz istəyirik ki, İsa Qəmbər əlinin altında Siyavuş Novruzova, Bahar Muradovaya, Kamal Abdullaya (o ayrı söhbətdi Kəramət haçan Siyavuşa “kamaz şoferi”, Bahara “jek süpürgəçisi”, Kamala “arvad hesabına kişi olan alim” deyəcək) bəy tərifi deyən Kəramət kimi yüzlərlə belə yazıçı-şair olan hakimiyyətə demokratik yolla qalib gəlsin, bizi xoşbəxt eləsin!
Və… İsa Qəmbər o siyasətçilərimizdəndir ki, ondan… ondan asılı olmayanı etməyi istəyir, tələb edir, onu öz istəklərinin rellaşmaması qarşılığında ittiham edirlər! Nə bir kişi, nə bir kopayoğlu, nə bir mərd, nə bir namərd də demir ki, a bala, bu ölkədə hakimiyyət dəyişikliyi kütləvi itaətsizlikdən keçir! Sınan, sındırılan xalqın qələbəsi və qalibi olmur!
Adi bir misal: Şəkər Yusifli, Moskvada ali təhsil almış neftçi mütəxəssis bunu əvvəlki illərdəki statusunda yazıb:
“Deməli, 2003-cü il 16 oktyabr idi. Sənanla Azadlıq meydanina getmişdim. Polis cumdu uşağın üstünə. Dubinkanı qaldırdı ki, vursun onu. Mənim axı səsim çıxmır (burda qoçaq göründüyümə baxmayın), necə qışqırdımsa polisin üstünə, “toxunma ona”,- dedim. Elə qışqırmışdım ki, boğazımdan qan gəlmişdi, damarlarım partlamışdı. Polis dönüb getdi. Bizi meydandan basqa bir polis çıxartdı.
Həmişə vicdanıma görə lazım olan yerdə olmuşam”.
Daha bir status Şəkər Yusiflidən: İsa Qəmbərin qətl edildiyi 16 oktyabra aid:
1. Baş bəlasıdır qeyri-adekvat adamlar….
2. 2003-cü ilin oktyabr hadisələri zamanı qardaşımı həbs etmişdilər. Halbuki o heç meydana da getməmişdi. Mənim valideynlərim dağdılar ki, dözdülər bu haqsızlığa, oğullarının çəkdiyinə…. Sevə bilərəm mən bunları?! Anam bir dəfə də heç kimə qarğımadı. Oğluna dözüm arzuladı ki, sınmasın və şikəst olmasın.
Qardaşıma işgəncə edən adam xəstəxanaya çatıb, darvazası açılmayıb, bayırda ölmüşdü…
İllər sonra. Bizə etdiklərini bağışlayıram deyə bilərəm. Əminəm ki, Allah heç vaxt bunu zalımlara bağışlamayacaq.
İqtidarçı da olmaq olar, müxalifətçi də. Ədalətsizliyə uğramış balaca, əziz, sevimli qardaşımın bacısı olmaq bunlardan gözəldir”.
(Bax mən bu iki statusa görə, Kəramət Böyükçölə sual verə bilsəm də, vermirəm: sən, dədən, əmin və… hardaydı?
İndi sual verirəm: “Həmişə vicdanıma görə lazım olan yerdə olmuşam”, “Ədalətsizliyə uğramış balaca, əziz, sevimli qardaşımın bacısı olmaqdan qürur duyuram” deyən neçə nəfər, neçə min adam “İsa Qəmbər” deyir? Kəramət Böyükçöl kimi “Heydər Əliyev qol götürüb oynadı qaçqınlarla, dünya gördü ki…” deyib mədhiyyə yapan neçə milyonumuz?
Bax, İsa Qəmbərə qətl edildiyi bu gündə dərin hüznlə başsağlığı verirəm: Sizin prezidenti olacağınız xalq yoxdu! Amma əvəzində İlham Əliyevin prezidenti olacaq, daha doğrusu, bundan sonra da 25 il Prezidenti olacaq xalq var!
Yeganə çıxış yolu odu ki, Kəramət Böyükçölü və o tipdə olanlar olmasın!
Dünyaya bütün analar və oğullar İsa Qəmbər gətirməlidir, o şərtlə ki, orada Etibar Məmmədovlar olmasın!
Görürsünüzmü, nə qədər çətindi siyasətçi olmaq?
Görürsünüzmü, bir xalqı demokratiyaya və azadlığa aparmaq nə qədər çətindi?
Görürsünüzmü, İsa Qəmbər necə qətl olunur?
Bəi, mən İsa Qəmbəri tənqid hədəfi edən ən qatı düşmənlərdənəm, amma unudaraq ki:
Bu ölkənin siyasətində İsgəndər Həmidovu, Surət Hüseynovu, Əbülfəz Elçibəyi, Əli Kərimlisi, ədəbiyyatında Vaqif Səmədoğlusu, Rüstəm Behrudisi, Zəlimxan Yaqubu, Kamal Abdullası, Qabili, Sabir Rüstəmxanlısı, Kəramət Böyükçölü, Qəşəm Nəcəfzadəsi, iqtisadiyyatında Mübariz Mənsimovu var!
… Azər Rəşidoğlu, Elxan Şükürlü, Əvəz Zeynallı, Surxay Hüseynli, Qənimət Zahidov, Mirzə Sakit, Zamin Hacı, İsrail Musayev olmaq yetərli deyil! Sadəcə… yetərli deyil!
İsa Qəmbər o mənada əzizdi ki, hərəmiz əlində bir daş üstünə gedirik, dinmir!
İsa Qəmbər o mənada əzizdi ki, hərəmiz bir daş əlimizdə onu prezidentliyə aparası soydaşımızdı!
İsa Qəmbər o mənada əzizdi ki, hamının kim olduğunu da bilir, özünün də, amma xalqa, millətə kölgə gətirməsin deyə dinmir, zarafata salır: yaxşı prikolları var!
İsa Qəmbər təmənna uman, alverçi təfəkkürlü siyasətçilərə, yaltaq-yalaq ədəbiyyatçılara, tullab patriotlara çox yaxşı nümunə göstərdi: alverə, təmənnaya qalsa, tumunuzun qazandığından çox qazanaram, heç prezident olmasam da, partiya sədri olmasam da, elə İsa Qəmbər kimi! Min Aynur Camalqızı çıxa televiziyaya, min Vidadi qoyun ferması aça, mini milyon alıb Nardaranda villa tikə mənim əleyhimə çıxmaqla!!!
İsa Qəmbər həm də mənə ona görə əzizdi:
1992-ci ildə Mehman Cavadoğlu “Azərbaycan” qəzetində baş redaktor olanda, İsa Qəmbəri redaksiyaya görüşə dəvət etmişdi. Müavinlər və şöbə redaktorları idi baş redaktorun otağında. Aqressiv şəkildə jurnalistlərin nəqliyyatdan pulsuz istifadə güzəştinə etiraz etdim. Eləcə də müəllimlərə. Guya da ki, müharibə vaxtıdı, iqtisadiyyat bərbad gündə-filan…
Cavab:
– Zamandan və məkandan asılı olmayaraq, müəllim həmişə uca tutulmalıdı, hər yerdə üstün tutulmalıdı!
… İndi müəllimlər lifçiyində bülleten daşıyır, eləcə də tumanlarında!
… Sovet müəllimlərini nə qədər manqurt saysaq da, tarixdən bizə azadlıq ideyalarını aşılamaqdan vaz keçmədilər – meydana bizlər çıxdıq!
… İsa Qəmbərdən sonra müəllim olanlardan… Kəramət Böyükçöllər!
Bax, budu İsa Qəmbəri əziz edən… Zori Balayana cavab yazan tarixçini!
İndi bu ölkənin akademik tarixçisi Yaqub Mahmudov Heydər Əliyevdən başlamış hər nədən, hər şeydən, hər kimdən yazır, amma erməni düşmənçiliyindən başqa!
İsa Qəmbəri, tarixçini belə qətl edirlər hər gün… təməli isə 16 oktyabrdan qoyulub! 2003-cü ildən!
Mən tarix yarada bilən tarixçini həm də buna görə əziz bilirəm: deyəndə ki, gəl, Elçibəyi vahid namizəd edək, qısa və net cavab verdiyi söylənilir: kim qarantiya verir ki, bu dəfə də atıb qaçmayacaq!
Tarix elə də qəliz deyil!
Yazını tarixə atamanlıq etmiş Çörçillin həyatından bir faktla tamamlayıram.
Perl-Harbor döyüşündən Çörçill xəbərdar olub bir gün əvvəl. Amma heç kimə xəbər verməyib. 200 min insanın tələfatıyla nəticələnən Perl-Harbor döyüşü barədə yazılanda, bu fakta göz yummasını irad tutanda deyir ki, İngiltərənin xilası üçün lazım idi!
Necə ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi və möhkəmlənməsi üçün Gəncə və Lənkəran hadisələri lazım idi:
– Jertva yest?
– Net!
– Nado orqanizovat!
… Bəli, İsa Qəmbər haçan bu xalqın müəyyən kəsiminə ölüm hökmü vermək qədərincə əclaflaşsa (ayrı söz yazmaqdan özümü zorla saxlayıram), onda biz onu prezident görərik.
Bu xalqın xilası bu xalqın “güllələnmə”sindən keçir! Başda Kəramət Böyükçöllər olmaqla! Qəşəm Nəcəfzadələr olmaqla!
SON: Mənim əziz və sevimli müəllimim, bu yaxınlarda Haqqın Dərgahına yüksəlmiş Vahid müəllim deyirdi ki:
– Eyşüanı (İsa peyğəmbəri) – İşığı, Nuru çarmıxa çəkib, sonra da qabağında işıq-şam yandıranların dünyasıdı!
Həəə, əzizlərim, təkcə adı İsa olduğu üçün yox, həm də bizim üçün İşıq olduğuna görə çəkirlər çarmığa bu Qəmbəri! Qəmbərdi-Daşdı ki… dözür!
Sizi çox istəyirəm, dəyərləndirirəm – ən azından… bizi bir siyasətçini qətl etmək ləzzətindən məhrum etmirsiniz!
16 oktyabr anım gününüzdü, İsa bəy!
Çox yaşayın, lap çox!
Qoy siyasətçi qətl etmək vərdişimiz yaransın. Ki… qalib olaq!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
araz.az xəbər portalı.