Kəmalə Ağazadə: “Mən inanmıram ki, oğlanı həbs etsinlər. Hər şeydə qızı günahlandıracaqlar və onu heç kim müdafiə etməyəcək”
Əjdər Ağayev: “Əsas səbəb xətanı törədənin ailəsiylə bağlıdır. Həmin uşaq ailədə mənəm-mənəmlik, “nə istəsəm edərəm” psixologiyası ilə böyüyüb”
Jalə Mütəllimova: “Bu hadisənin baş verməsi sırf ailədən gələn nəzarətsizlikdir. Gözəllik salonunda saatlarla vaxt keçirən analar, övladına yarım saat ayırmır”
Hələ də günün baş xəbəri 132-134 saylı təhsil kompleksində baş vermiş hadisədir. Xəbərin gündəmdən çıxmamasının ictimai maraq, ictimai qəzəb, ittiham, tənqid və təhqirlərlə yanaşı, bir səbəbi də hadisənin zəncirvari davamıdır. Adıçəkilən təhsil kompleksinin 11-ci sinif şagirdinin 7-ci sinif şagirdi məktəbli qıza qarşı geyinib-soyunma otağında intim hərəkətlər etməsini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra zorakılığa məruz qalmış qız, damarını necə doğradığını özü çəkib instaqrama yerləşdirib. Məhz bu paylaşım vəziyyəti daha da gərginləşdirib.
Məktəbli qızın intihara cəhdində məhz ictimaiyyət qınanır.
“Məsələyə həssas yanaşın…”
Təhsil Nazirliyindən hadisə ilə bağlı BAKU.WS-ə verilən açıqlamada deyilir: “Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı bildiririk ki, təhsilalanların yaş həddi nəzərə alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda bildirilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Şagirdlərin yetkinlik yaşına çatmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur”, – deyə açıqlamada bildirilir.
“Məktəbli qız zorakılığın qurbanıdır”
Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə zorakılığa məruz qalmış məktəbli qızın müdafiəsini vacib bilir:
– Bu hərəkətləri edən gənc oğlan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 150.3.3. maddəsi ilə (aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli əməllər törətmək) cinayət işi başlanılıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Görünür ki, qız bundan əvvəl də zorakılığın qurbanı olub, lakin bu barədə heç kim danışmır. Mən inanmıram ki, oğlanı həbs etsinlər. Hər şeydə qızı günahlandıracaqlar və onu heç kim müdafiə etməyəcək. Onlar başa düşməlidirlər ki, qız zorakılığın qurbanıdır. O uşaqdır, 13 yaşı var və böyük psixoloji problemləri var. İndi isə mənə belə söhbətlər çatıb ki, oğlan keçmiş nazirin nəvəsi olduğu üçün jurnalistlərə zəng vurub onun barəsində heç nə yazmamağı tələb ediblər.
Hüquq müdafiəçisi qeyd edib ki, məktəbdən qovulma ən ağır cəza deyil. Cəmiyyət iki düşərgəyə bölünüb: biri qızı qınayır, digəri müdafiə edir. K.Ağazadə qeyd edib ki, qızın anası psixoloqdur və o, övladının müdafiəsinə qalxmalıdır.
“İndi ilk növbədə, bu videonu çəkən və yayanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bir çoxları bu videonu axtarır və baxmaq istəyir. Burada uşaq pornoqrafiyasının yayılması faktı var. Qızı məktəbdən qovdular, sonra? Onlar Azərbaycandan getməlidirlər?” – K.Ağazadə sual verir.
Hüquq müdafiəçisi ictimaiyyəti qızın müdafiəsinə qalxmağa, ona bu vəziyyətdən çıxmaqda kömək etməyə çağırıb:
“Allaha şükür olsun ki, biz qadınların daş-qalaq edildiyi cəmiyyətdə yaşamırıq”.
“Kökümüzdən uzaqlaşmışıq”
Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev “Şərq”ə açıqlamasında hadisəyə gətirib çıxaran səbəbləri göstərdi:
– Burada bir neçə səbəb ola bilər. Amma əsas səbəb xətanı törədənin ailəsiylə bağlıdır. Oğlanın bu hərəkəti birbaşa ailə tərbiyəsindən irəli gəlir. Həmin uşaq ailədə mənəm-mənəmlik, “nə istəsəm edərəm” psixologiyası ilə böyüyüb. Uşağa ilk növbədə ailə, valideyn məsuliyyət daşıyır. Məktəb ayrı-ayrı fərdlərə deyil, kollektivə cavabdehdir. Əgər o uşağın təhsil aldığı məktəbdə, sinifdə müəllim diqqətli davransaydı, onun necə eqoist olduğunu hiss edəcəkdi. Çünki belə uşaqlar hərəkətlərindən, davranışından, oturuşundan-duruşundan tanınır. Gərək bu uşaq sinif rəhbəri tərəfindən nəzarətə götürüləydi. Məktəblərdə təcrübəli pedaqoqlar işləməlidir. Əsl pedaqoq uşağın dilini bilir və uşaqla onun dilində danışır. Bizim yaxşı məktəblərimiz var. Amma məsələ təkcə keyfiyyətli tədris verməkdə deyil. Əsas keyfiyyətli insan yetişdirməkdir. Mən təhsil sahəsində baş verən bu kimi hadisələri bizim kökdən – əsas təlim-tərbiyə təcrübəmizdən uzaqlaşmağımızda görürəm. Məktəblərdə kollektiv iş aparılmır. Psixoloji tədqiqatlar aparılmır. 132-134 saylı təhsil kompleksi fransız təlim metodlarından istifadə olunan məktəbdir. İstəyirsən, Avropadan ən qabaqcıl təhsil metodlarını gətir burda tətbiq et, ənənəvi təcrübəyə əsaslanma yoxdursa, iş uğurlu alınmayacaq. Təlim tərbiyə ilə yanaşıdır. Bunların ikisi ilə də eyni vaxtda, birgə iş aparılmalıdır. Tərbiyə işinin təşkili, ona yanaşma zəngin təcrübə əsasında aparılmalıdır. Tərbiyənin hər hansı cəhəti nəzərə alınmırsa, təlim də uğurlu olmayacaq. İnsan amilinə fikir vermək lazımdır. Burada da əsas amil mənəvi keyfiyyətlərdir. Problem bundan qaynaqlanır ki, pedaqoji işi bilməyənlər cəlb olunur. Hər şey özbaşına buraxılıb. Biri deyir, sinif rəhbəri nəyə lazımdır?.. Biri deyir, məktəb direktoru müəllim olmaya da bilər!.. Menecer olsun. İdarəetməni yaxşı bilsin. Müəllimdən yaxşı məktəbi başqa kim idarə edə bilər?! Problem bundadır ki, müəllimliyi ən arxa plana keçirir, sonuncu şərt kimi irəli sürürlər. Halbuki pedaqoji sahədə çalışmağın ən ümdə şərti məhz müəllimlik olmalıdır. Məktəblərdə baş verən xoşagəlməz hadisələrin əsas səbəblərindən biri keyfiyyətsiz tədrislə bağlıdır.
Ə.Ağayev yeniyetmə və gənclərin əxlaqının pozulmasında sosial şəbəkələr, internetin də mənfi rolunu vurğuladı:
– Bizdə bu sahənin mədəniyyəti hələ formalaşmayıb. Sosial şəbəkələrlə bağlı ciddi qanun qəbul olunmalıdır. Hər kəs öz ruhi əlamətlərini sosial şəbəkələrə gətirsə, cəmiyyət üçün çox təhlükəli vəziyyət yaranacaq. İnformasiya-kommunikasiya texnologiyaları mütləq tənzimlənməlidir. Çox zaman deyirlər ki, hər şeyi qanun çərçivəsinə salmaq olmaz. Belə deyil. Qanunlar insanların hərəkətlərini tənzimləməsi üçündür.
“Valideynlər övladları ilə maraqlanmır”
Müstəqil jurnalist, valideyn Jalə Mütəllimova da “Şərq”ə açıqlamasında baş vermiş hadisəni mental dəyərlərdən uzaq düşməyimizlə izah etdi:
– Bu, ilk növbədə mənəviyyat məsələsidir. Təəssüf ki, mental dəyərlərdən imtina etdik, özümüzə yad dəyərləri mənimsəməyə cəhd göstərdik. Biz buna hazır deyildik. Özümüzə xas dəyərlərdən imtina edib yad təsirlərə düşməyimiz elə sürətlə baş verdi ki, özümüzü itirdik. Bizim məktəbli olduğumuz dövrlərdə də xoşagəlməz hadisələr baş verirdi, amma o zaman hadisələr indiki kimi ictimailəşdirilmirdi. Hansısa uşaqla bağlı nəsə bir hadisə baş verirdisə, bunu ailəsi, bir də məktəbin rəhbərliyi bilirdi. Amma indi necədir? Bir hadisə olub, bəli, çox pis, iyrənc hadisədir, rəzalətdir. Əxlaq standartlarına uyğun olmayan, biabırçı hadisədir. Amma hərə bir söz yazır. Hansısa generalın şəxsiyyəti müzakirəyə çıxarılır. Ailələr barədə olmazın həqarətlər, təhqirlər yazılır. Mən elektron KİV-ləri qınayıram. Xəbər ardınca bu qədər də ucuz qaçılmamalıdır. Mən hətta bu hadisələrdə siyasi təxribat izləri də görürəm. Məktəblərimiz haqqında nə qədər mənfi xəbərlər yayılır. Gah narkotik vasitələrdən yazırlar, gah müəllim-şagird intim münasibətlərindən. Bəzən düşünürəm ki, kimlərsə zərərli informasiyaları bilərəkdən yayır. Yəni, mənəviyyatımız bu qədərmi aşındı ki, o görüntülər belə sürətlə yayıldı, ictimailəşdirildi?! Kiminsə qüsurundan danışmaq, müzakirə etmək əvəzinə, hər kəs öz qüsurlarını bilsəydi, bu vəziyyətə düşməzdik. Uşaqların tərbiyəsinə ailə cavabdehdir. Bu hadisənin də baş verməsi sırf ailədən gələn nəzarətsizlikdir. Bu gün valideynlər hədsiz dərəcədə sosiallaşıb. Gözəllik salonunda saatlarla vaxt keçirən analar, övladına yarım saat ayırmır. Onun problemləri ilə maraqlanmır. Sosial şəbəkələr, internet deyirsiniz. Mən də anayam, məktəb yaşında oğlum var. Mənim övladım bəlli saytlara bəlli zamanlarda daxil olur. Bununla bağlı evdə ciddi nəzarət var. Yalnız icazə verilən saytlara giriş var. Mən övladımla hər mövzuda söhbət edirəm. Təbii ki, ölçülü-biçili bir söhbət. “Hər mövzu” deyiləndə bəzən belə anlaşılır ki, uşaqla hər şey barədə açıq-saçıq danışmaq lazımdır. Xeyr. Hər mövzuda uyğun sözləri tapmaq lazımdır. Saat 21:00-da isə yatmaq vaxtıdır. Bu, illərdir bizim evimizdə tətbiq olunan qaydadır. Amma bir halda ki, valideyn uşağı nəzarətsiz qoyub harasa gedir, mobil telefon, kompüteri də qoyur uşağın qarşısına ki, başı qarışsın, daha burada hər hansı nəzarətdən danışmaq artıq yersizdir. Belə yerdə tam nəzarətsizlik olacaq əlbəttə.
“Hər günahı məktəbə “yükləmək” olmaz”
J.Mütəllimova məktəblərdə psixoloqlara ciddi ehtiyac olduğunu dedi:
– Məktəblərdə psixoloqlara ciddi şəkildə ehtiyac var. Psixoloq ştatı çox məktəblərdə boşdur, çünki əmək haqqı aşağı olduğundan heç bir mütəxəssis vaxtını buna sərf etmək istəmir. Düşünürəm ki, məktəbli qıza qarşı əxlaqsız hərəkətlər edən oğlanın da psixoloji durumu öyrənilməlidir. Damarlarını kəsən o məktəbli qızda da nevroloji problemlər olmamış deyil. Məktəblərdə psixoloqlar daim işləsə, problemli uşaqların müəyyən edilməsi də asanlaşar. Bu zaman onlarla işləmək də asanlaşar, təhlükəli tendensiyaların qarşısı da alına bilər. Valideynlər çox zaman uşaqları nəzarətsiz buraxır. Mənim valideyn komitəsində təmsil olunduğum orta məktəbdə hər həftənin 4-cü günü “Açıq qapı” günüdür. Valideynlər həmin gün məktəbə gəlməkdə sərbəstdirlər. Dərslərdə də əyləşə, məktəbin bufetini də yoxlaya, müəllimlərlə övladları barədə söhbət də apara bilərlər. Amma mən 4 min şagirdlik məktəbdə “Açıq qapı” günü dördcə valideyn görmürəm. Görün, valideynlər nə qədər biganədirlər. Amma bir hadisə baş verən kimi hamı məktəbi qınayır.
Məlahət Rzayeva
R.S.
Həmin oğlan təhsil aldığı məktəbdə nəzarətin ciddi olduğunu və etdiyi hərəkətin də bağışlanmayacağına əmin olsaydı, öz iyrənc hərəkətləri üçün başqa məkan seçərdi. Deməli, bu oğlan təhsil aldığı məktəbi saymır. Məktəb sadəcə, özünə hörmət qazandıra bilməyib. Bu da bir arqumentdir. Üzərində düşünməyə dəyər. Sherg.az
araz.az xəbər portalı.