Kitab Azərbaycan – İtaliya dostluğuna ithaf olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov və filologiya üzrə fəlsəfə doktoru Günel Bayramovanın həmmüəllifliyi ilə yerinə yetirilən Pietro della Vallenin “Türk dilinin qrammatiksı”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyası yenicə işıq üzü görüb (Bakı: Zərdabi Nəşr MMC, – 2020. – 1096 səh.). Bu, 2017-ci ildə prof. İdris Abbasov tərəfindən əsası qoyulmuş tərcümə, tədqiq və şərh modelində ərsəyə gətirilən ikinci böyük əsərdir. Xatırladaq ki, Azərbaycan dilçiliyində bu birincilik mütərcimlərin hazırkı tədqiqat və şərhdə bəhrələndikləri Mirzə Kazımbəyin Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi (Azərbaycan dilinin ilk elmi qrammatikası) monoqrafiyasının payına düşür (Bakı: Zərdabi Nəşr MMC, – 2017. – 1007 səh.).
Əlimizdəki bu kitab Pietro della Valledən əvvəl, onun dövründə və ondan sonra yazılmış Türk-Azərbaycan, latın, fransız, italyan və ərəb dillərinin qrammatikasına dair fundamental əsərlərlə müqayisə edilərək 400 ildən sonra ilk dəfə tədqiqat mahiyyətli müfəssəl şərhlərlə Azərbaycan dilinə tərcümə edilib.
Kitabda Vallenin dil tarixi və müasir dilçilik üçün maraq doğuran ideyaları araşdırılır, ümumi və müqayisəli dilçilik nöqteyi-nəzərindən dəyərləndirilir. Əsər Azərbaycan dilçiliyinə və dünya şərqşünaslığına dəyərli töhfədir. Kitabla tanışlıqdan sonra oxucu o dövrdə Azərbaycan dilinin Səfəvilər İmperiyasında üstün mövqeyinin, bu dilin Orta Asiya, Qafqaz və Yaxın Şərqdə zəruri beynəlxalq ünsiyyət vasitəsi olmasının bir daha şahidi olur. Zəngin linqvistik-filoloji və tarixi faktları ehtiva edən tədqiqat və şərh məzmunlu monoqrafiya Türk-Azərbaycan dili tarixi mütəxəssisləri, dilçi-tədqiqatçılar, şərqşünaslar, filoloqlar, dil nəzəriyyəçiləri, türkoloqlar, romanşünaslar, müxtəlif profilli dilçilər, o cümlədən tarixçi və etnoqraflar üçün nadir nüsxədir.
Azərbaycan dilçiliyində və dünya şərqşünaslığında xüsusi önəmi olan kitabın məsləhətçi və elmi redaktoru filologiya elmləri doktoru, professor İdris Abbasov özüdür. Ön sözün müəllifi və rəyçilərdən biri akademik Nizami Cəfərov, digər rəyçilər isə filologiya elmləri doktoru Zemfira Əliyeva və filologiya elmləri doktoru Nərmin Əliyevadır.
Qeyd edək ki, yeddi kitabdan ibarət Türk dilinin qrammatikası Pietro della Vallenin çoxcəhətli yaradıcılığında nakam, nəşrinə qovuşdurulmamış bir əsər kimi tarixin arxivində qalmışdır. Onun çapı italyan aristokratın əbədi arzusuna çevrilmişdir.
ilkxeber.org
araz.az xəbər portalı.