“Belarusda həbs olunan rusiyalılar bu ölkədə qalmağı planlaşdırmayıblar və İstanbula uçmalı idilər”.
Bu sözləri Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsev deyib.
Diplomat bildirib ki, Rusiya vətəndaşları təyyarə reysinə gecikdikləri üçün Minsk yaxınlığındakı sanatoriyaya qayıdıblar:
“Onlar iyulun 25-də İstanbula uçmaq niyyətində olublar və respublikanın ərazisində uzun müddət qalmağı düşünməyiblər. Bir müddət sonra isə başqa ölkədən Belarus ərazisindən yan keçməklə, Rusiya paytaxtına qayıtmağı planlaşdırıblar”.
Səfirin açıqlaması qəribədir və şübhə doğurur. Həbs olunanların sayı 33 nəfərdir, Belarus rəsmilərinin məlumatına görə, ümumilikdə ölkəyə 200 “vaqnerçi” daxil olub. Əgər səfirin dedikləri doğrudursa, görəsən, bir qədər muzdlu döyüşçü hansı məqsədlə Türkiyəyə gedirmiş? Onların Türkiyə vizası olubmu? İnandırıcı görünmür. Çünki Türkiyə hazırda Liviyada Xəlifə Haftar qüvvələrinə qarşı müharibə aparır və bu qüvvələrin tərkibində “Vaqner” özəl hərb şirkətinin muzdluları da var. Bundan başqa, Türkiyənin Suriyada dəstəklədiyi silahlı qruplar dəfələrlə “vaqnerçilər”lə qarşı-qarşıya gəliblər. Digər tərəfdən, “Vaqner” qrupu Türkiyənin ən yaxın dostlarından olan Ukraynanın şərqində xeyli qan töküblər, insanlığa qarşı cinayətlər törədiblər. Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə öz çıxışlarında bu qrupun neqativ rolundan bəhs edib və onları faktiki olaraq, Türkiyənin düşməni adlandırıb. Belə olan halda, Türkiyə bu qrupun üzvlərini ölkə ərazisinə buraxarmı? Türkiyənin xüsusi xidmət orqanları o qədər aciz deyil ki, bu döyüşçüləri identifikasiya edə bilməsin və onların sıradan rusiyalı turist olduğuna inansın.
Başqa önəmli məqam budur ki, Belarus hüquq-mühafizə orqanları yaxalanan rusyalıları terror aktı hazırlamaqda ittiham edir. Ciddi əsas olmasa, yəqin ki, Belarus dövləti Rusiya vətəndaşlarına qarşı bu cür ağır ittiham irəli sürməyə cəsarət etməzdi.
Hər halda, çox maraqlı məsələdir və qarşıdakı günlərdə və ya həftələrdə güman ki, mənzərə aydınlaşacaq.
Press Klub
araz.az xəbər portalı.