Tanınmış hüquqşünas və keçmiş məhkəmə sədri Firudin Ələkbərlinin qətli ilə bağlı məhkəmə prosesi başlayır.
Yenisabah.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Hazırlıq iclasından sonra hakim prosesi avqustun 12-nə təyin edib.
Qətldə təqsirləndirilən şəxs 61 yaşlı Əli Şamiyevdir. “Göl Əli” kimi tanınan bu şəxs 2019-cu il sentyabrın 13-də Firudin Ələkbərlini güllələyərək qətlə yetirib. Əli Şamiyev həm də Tovuzun oliqarxlarından hesab edilir.
O, Firudin Ələkbərlini iş yerində qətlə yetirib. Əli Şamiyev hüquqşünasın iş yerinə gələrək ona odlu silahdan bir neçə dəfə atəş açıb. Firudin Ələkbərli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Firudin Ələkbərli
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələr ilə cinayət işi başlanılıb.
Olayın səbəbinə gəlincə, ilkin araşdırma zamanı məlum olub ki, Firudin Ələkbərli Əli Şamiyevə məxsus rayonunun Yanıqlı kəndi ərazisindəki “Su səsi” istirahət kompleksinin və iki çimərlik hovuzunun qanunsuz inşa edilməsi, həmin kompleksin istifadəsi zamanı zərərli tullantı sularının axıdılaraq rayon mərkəzinin və digər yaşayış məntəqələrinin içməli su təhcizatını təmin edən Zəyəm çayınının çirkləndirilməsi ilə bağlı ayrı-ayrı dövlət orqanlarına, aidiyyatı üzrə qurumlara çoxsaylı şikayətlər ünvanlayıb.
Bundan başqa, Firudin Ələkbərli Tovuz rayon Məhkəməsinə də müraciət edib. Lakin məhkəmə iş adamının xeyrinə qərar çıxarıb.
Bütün bunlar hüquqşünasla iş adamı arasında münqaqişəyə səbəb olub və ağır cinayətlə nəticələnib.
Məlumatlara görə, Əli Şamiyev Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. “Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər. Tofiq Zeynalov isə DYP şefi general Ramiz Zeynalovu qardaşıdır.
araz.az xəbər portalı.