Xalq olaraq tarixi minilliklərin ağrılı-acılı sınağından, yadellilərin təcavüz, təzyiq və işğallarından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər saflığını, zənginliyini qoruyaraq gələn dilimiz, Azərbaycan türklərinin ana dili, müqəddəs Azərbaycan dili – Azərbaycan türkçəsi bizim varlığımızdır. Onu qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Xalqlar dünyada öz dili və mədəniyyəti ilə tanınır deyə dilin qorunmasında hər bir vətəndaş böyük səylə çalışmalıdır. Bu gün latın xalqı olmasa da dilləri onları tarixdə yaşadır. Dil ünsiyyət vasitəsidir, bu dillə bir-birimizi başa düşür, ünsiyyət qura bilirik. Bəs qloballaşan müasir dövrdə dilimizi xarici təhdidlərdən qoruya bilirikmi? Yad kəlmələrin dilə olan axınının qarşısını almağı bacarırıqmı? Bu istiqamətdə sualların sayını yetərincə artırmaq olar. Ancaq biz bu yazımızda tarixin keşməkeşindən məğrurluqla çıxan Azərbaycan dilinin hazırda qarşılaşdığı çətinliklərdən söhbət açacaq və hər bir vətəndaşın doğma dilini qoruması yolunda aparması gərəkən mücadiləyə toxunacağıq.
Doğma Bakımızda hazırda xeyli sayda müxtəlif müəssisə, təşkilat, ticarət şəbəkələri, kafe, restoran və s. fəaliyyət göstərir və bu obyektləri də adsız təsəvvür etmək mümkün deyil. Obyektlərə ad verilərkən ilk öncə dilin zəngin imkanlarından istifadə etmək lazımdır. Çox təəssüf ki, bu sahədə hazırda ciddi nöqsanlar hiss olunur. Öz növbəsində bu nöqsanlar dilin saflığının qorunmasında çalışanları olduqca ciddi narahat edir. Biz paytaxt və regionlarda fəaliyyət göstərən əksər müəssisələrin adlarının xarici kəlmələrdən ibarət olduğunu görürük. Bəzənsə xarici kəlmələrlə yanaşı, lazımsız sözlərdən, söz birləşmələrindən ibarət olduğunun da şahidi oluruq. Öncə bu hal dilin daxili imkanlarından düzgün istifadə edilmədiyini göstərir. Bu cür hallarla qarşılaşdıqca öz-özümə sual verirəm ki, “biz həqiqətən dilimizi sevmirik?” Axı, xarici sözlərə nə ehtiyac var? Axı niyə unuduruq bu dilin yaşaması uğrunda verilən canları? Bugünki durumda beynəlmiləlləşmə, qloballaşma adı ilə dilimizə öz əllərimizlə soyqırım törətmirikmi?
Hə, elə bu yaxınlarda quldur-terror dövləti olan ermənilərin Tovuz rayonu istiqamətində dövlət sərhədini pozmuş və ərazimizə soxulmaq istədiyi zaman onlara sözün əsl mənasında dərs verən silahlı qüvvələrimizin şəhidi generalı Polad Həşimovun doğulduğu Qəbələ rayonunu xatırladım.
Keçən il, yolüstü “Nohur göl” ərazisində istirahət məkanına qısa bir zaman içində daxil olub ərazi ilə tanış olmuşdum. Gördüklərimdən dəhşətə gəlməmək mümkün deyildi. Ana dilini bilməyən biri qara lövhədə cibindən kağız çıxarıb ağ təbaşirlə ərəb əlifbasında nəsə yazmağa çalışırdı. İstər- istəməz bu insanlar arasında gedən söhbəti dinləmiş oldum. Biri digərindən soruşur ki, mətni kimə yazdırdın. Digəri cavab verir ki, molla filankəsə. Sual verən gülümsəyərək istehza ilə cavab verdi ki, o heç özümüzdə məktəb bitirməyib ərəb əlifbasını hardan bilir? Sakitcə molla əminin yazdığı vərəqə baxıb şəklini çəkməyə çalışan cavan oğlan isə cavab verdi ki, əşşi eybi yox əsas odur ki, birtəhər ərəbləri cəlb edək. Maraqlı mövqedir.
Bir az da tərpənmişdim böyük hərflərlə rus dilində “PRİZ” yazılan lövhəyə gözüm sataşdı. Bir az yaxınlaşmışdım baxdım ki, tirdir və hər tərəfdə yalnız əcnəbi-rus dilində yazılıar var. Bilirsiniz, təbii ki, belə hallar ilk növbədə dövlət dilinin tələblərini pozmaqdır. Bəs vətəndaşlıq borcu, milli anlayış, milli kimliyə bağlılıq bu insanlarda niyə şəxsi mənfəət olan yerdə ikinci, üçüncü plana keçir? Niyə bu insanlar anlamırlar ki, ana Vətənimiz, ana dilimiz uğrunda bu gün də Vətən oğulları şəhid olurlar. Elə düşmənlə ön cəbhədə, əsgərləri ilə birgə ön xətdə döyüşərək qəhrəmancasına şəhid olan general Polad Həşimov da ana Vətən, ana dilimiz, dədələrdən miras qalmış dövlətçilik ənənəmiz yaşasın deyə şəhid olmadımı?!
İnsanlarımız gərək üç sinif bitirməyən “vəhy” gəlib mollalıq edənlərə deyil, ümumtürk tarixinin qəhrəmanlıq səlnaməsinə öz ölümləri ilə həyat verən Polad Həşimovlara baxsınlar. Onlardan Vətəni sevməyi öyrənsinlər!
Bir sözlə, dilimizə hörmət, ehtiram göstərmək hər birimizin şərəf məsələsi olmalıdır! Şərəfimizi qoruyaq !
araz.az
araz.az xəbər portalı.