Böyük Britaniya və ABŞ alimlərinin fikrincə, hündürboy insanların koronavirus xəstəliyinə tutulma riski daha yüksəkdir.
Alimlər insanların boyunu nəzərə almaqla virusa yoluxanların statistikasını təhlil ediblər. Boyu 182,8 santimetrdən çox olanların yoluxanlar arasında üstünlük təşkil etdiyi üzə çıxıb.
Onların nəzəriyyəsi ÜST-ün hələ də bilmədiyi yeni məlumata əsaslanır – təhlükəli hissəciklər toz hissəciklərinə asıldıqda virus hava ilə ötürülə bilər. Bu halda nəfəs almaq kifayətdir ki, virusa yoluxasınız.
İngiltərədə hündürboy kişi və qadınlar boyu 182,8 sm-dən aşağı olanlarla müqayisədə COVID-19-a daha çox yoluxurlar. ABŞ-da da boyun təsiri qeyd olunur, lakin əsasən hündürboy qadınlar yoluxur – onlar üçün yoluxma riski miniatür boylu qadınlara nisbətən doqquz dəfə çoxdur.
Mançester Universitetinin professoru Evan Kontopantelisin sözlərinə görə, bu araşdırma küçələrdə maska taxmağın vacibliyini sübut edir. Bəzi alimlərsə bu nəzəriyyəyə şübhə etdiklərini bildiriblər:
“İnsanların epidemioloji araşdırmalarda etdiyi ən böyük səhvlərdən biri çoxsaylı fərziyyələrin sınaqdan keçirilməsidir”, – Şərqi İngiltərə Universitetinin professoru Pol Hanter “Daily Mail”ə açıqlamasında deyib. O, həmkarlarını məlumatları diqqətlə şərh etməyə çağırıb.
Alimlərin bu iddiası barədə “Sherg.az”a danışan həkim- allerqoloq Şahvələd Məmmədov yayılan informasiyanın hələ fərziyyə olduğunu deyib:
“Hündürboylu insanlarda “D” vitamini, kalsi daha çoxdur. Ona görə də onların nisbətən tez yoluxma ehtimalı bir qədər təəccüblüdür. Bir vaxtlar deyirdilər ki, virus 26 dərəcə temperaturda ölür. Bəs nə oldu? Fərziyyə özünü doğrultmadı. Bu səbəbdən də belə fikirlər səsləndirmək doğru deyil”.
Həkim, həmçinin siqaret çəkənlərlə bağlı maraqlı fakt açıqlayıb:
“Mən müşahidə etdim ki, siqaret çəkənlər virusa az yoluxdu. Bunu hər kəsin siqaretə qurşanmasından ötrü demirəm. Amma nikotin virusu zərərsizləşdirə bilir. Onu da deyim ki, ağciyərləri zədələnmiş adamların ölüm riski daha çoxdur. Yəni siqaretdən və digər zərərli vərdişlərdən uzaq qalmaqda fayda var”.
araz.az
araz.az xəbər portalı.