424584361Çay göbələyindən alınan içki, sözsüz, adi kvasın bütün xüsusiyyətlərini özündə əks etdirir. Yayda sərinlik gətirir, mədə-bağırsaq sisteminin işini rahatlaşdırır.

BAKI, 1 avqust — Sputnik. Dünyanın bir çox yerində yayın isti keçəcəyi elə əvvəlcədən proqnozlaşdırılmışdı. Küləksiz, qızmar isti havadan xilas olmaq olduqca müşkül məsələdir. Kimi kondisioner altında yaşayır, kimi ailəsini də götürüb dədə-baba bağına tərəf üz tutur.

Çay göbələyindən çox gözəl bir kvas alınır

Hərə isti ilə bacardığı kimi mübarizə aparır. 30 dərəcədən yuxarı istidə su qəbulu da kəskin çoxalır. Qışda suya tərəf baxmayan insanlar yayda elə bil bunun acığını çıxırlar. Günə 3-4 litr maye qəbul etməklə orqanizmi bir növ cavanlaşdırırlar. Bədəndə toplaşan toksinlərdən orqanizm elə yayda azad olur, məhz su içməklə. İnsan var suyu az içər, amma maye balansını bərpa etmək üçün sərin qazlı içkilərə üstünlük verər. Yayda isti çayla susuzluğunu da yatırmağa çalışan az deyil. Belə insanlar elə köhnə qayda ilə isti çaydan içib tərləməklə sərinlik taparlar. Ayran sevənlər də soyuq içkini gündə neçə kərə içərlər.

Dadına o qədər bələd olmadığımız bəzi sərinləşdirici içkiləri elə də var. Yəni əvvəllər ölkədə olmayıb, son dövrdə isə yeni-yeni tanış oluruq. Çay göbələyindən çox gözəl bir kvas alınır. Tərkibi də bir növ bizim ayrana yaxındır, amma daha faydalıdır. Çay kvası içənlər qızmar yay günlərində sərinlik tapırlar.

Çay kvası mədənin öz florasını bərpa etməsinə yardımçı olur

Çay göbələyinin vətəni kimi bir çox mənbədə Çin göstərilir. Bu əvəzsiz məhsulun faydasından uzun-uzadı danışmaq olar. Yaponiyada da olduqca populyar olub. Rusiyaya Uzaq Şərqdən gəlib. Sovet dövründə Rusiyada geniş yayılsa da, Azərbaycana gəlib çıxmayıb. Hazırda dünyanın bir çox ölkəsində azad satışda var. Kim istəsə çay göbələyinin özünü, kimsə də ondan alınan kvası ala bilər.

Çay göbələyi bir neçə növ mikroorqanizmdən ibarətdir. O, sirkə turşulu bakteriya və maya göbələklərinin simbioz həyatı nəticəsində yaranır. 

Çay göbələyinin tərkibi olduqca mürəkkəbdir. Bu mikroorqanizmlər sirkə turşusu və digər birləşmələrə bənzər maddələr hazırlayırlar. Çay göbələyindən alınan içki dadına görə daha çox klassik kvası xatırladır. Həm qazlıdır, həm də kəmşirin.

Çay göbələyindən alınan içki, sözsüz, adi kvasın bütün xüsusiyyətlərini özündə əks etdirir. Yayda sərinlik gətirir, mədə-bağırsaq sisteminin işini rahatlaşdırır. Bir növ mikrofloranı bərpa edir. Tərkibində müxtəlif fermentlər, C və B qrupu vitaminləri də var. Həzm prosesini asanlaşdırır. Həkimlər çay kvasını uzun müddət antibiotik qəbulundan sonra qəbul etməyi məsləhət bilirlər, çünki o, mədənin öz florasını bərpa etməsinə yardımçı olur. Çay kvası bir sıra ziyanlı mikroorqanizmlərin məhv edilməsinə də kömək edir.

Klinik tədqiqatlar çay kvasının qanda ziyanlı xolesterini azaltdığını təsdiqləyib

Anti-bakterial xassəsi olduğuna görə xüsusilə də yayda baş verən ishal, diarreya hallarında qəbul etmək məsləhətdir. Çay kvası həm də qaraciyərin bərpasına yardım edir, hepatitin təsirindən və ya zərərli toksinlərdən azad olmaq üçün olduqca faydalıdır. Bəzi klinik tədqiqatlar çay kvasının qanda ziyanlı xolesterini azaltdığını təsdiqləyib. Ürək-damar, damar, həmçinin diabet xəstəliyi olan insanlara bu kvasdan faydalanmaq olar. Şəkərin də səviyyəsini aşağı salır, damarları da təmizləyir. İnfarkt və aterosklerozla mübarizədə köməkçi ola bilər.

Çay kvasının bir qədər ziyanlı təsiri var. Mədə turşuluğu yüksək olan insanlara, həm də hamilə qadınlara qəbul etmək məsləhət deyil. Yəni tərkibində sirkə turşusu çox olduğundan ehtiyatlı olmaq lazımdır.

Çay kvasını hazırlamaq olduqca sadədir. Ən azı ilkin materialı, yəni çay göbələyini əldə etmək lazımdır. Azərbaycanda çay göbələyi adətən açıq satışda yoxdur, amma internetdən sifariş etmək olar, bəzi platformalarda da çay göbələyini satan da az deyil. İlkin göbələk oldusa, onu 3 litr həcmindəki balona əlavə etməliyik. 2 xörək qaşığı ilə şəkəri 200 qramlıq stəkanda tünd çayla qarışdırıb çay göbələyinin qabına tökürük. Qala hissəni otaq temperaturunda olan su ilə doldururuq. Bir neçə günə çay göbələyi həmin o çay kvasını hazırlayacaq.

Azərbaycanda nə çay kvasının kütləvi istehsalı, nə də çay göbələyinin rəsmi satışı yoxdur. Bu işlə xüsusi məşğul olan da tapmaq çətindir. Tək-tük insanlar məşğul olurlar. Amma ölkədə diabet, ürək-damar, mədə-bağırsaq xəstəliklərinin yüksək göstəricilərinin fonunda bu faydalı göbələyin artırılması və istifadəsi barədə düşünməyinə dəyər. Azərbaycan mətbəxinin yağlı xörəklərinin həzm edilməsində də yardımçı olardı. Hər halda çay kvasını qəbul edənlərin sayı artsa, onun haqqında daha çox məlumat paylaşılsa, gələcəkdə istehsalı da yüksələ bilərdi. Yayda isə əvəzi yoxdur, həm sağlamlıqdır, həm də sərinlik.

 

 

araz.az

araz.az xəbər portalı.