hokm efefb25fc7d60eab86129af8ce4cd55f cen9ab8hykjvuplzgq3r 620x432Hörmətli cənab Baş prokuror,

2011-ci ilin oktyabr ayında mənə məxsus olmuş “İdeal Kompani” MMC-nin (“Şirkət”) fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə Şirkətdəki paylarımın 50 % ni  “Gazelli” şirkətinə satmışdım. Məqsədim əlavə maliyyə resursları cəlb edilməsi hesabına zirkətin daha dinamik inkişafına nail olmaq idi. Buna baxmayaraq “Gazelli” şirkətinə paylarımın bir hissəsinin ötürülməsi sahibkarlıq fəaliyyətimin inkişafı ilə deyil, əksinə hüquqlarımın kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, “Gazelli” şirkətinin sahibləri tərəfindən Şirkətdə mənə məxsus olan 50 % payın zorla əlimdən alınması üçün ilk növbədə direktor vəzifəsindən istefa verməyə məcbur edilmiş, təsisçi kimi razılığım və iştirakım olmadan şirkətə yeni direktor təyin edilmişdir. Bundan sonra şirkətin yeni direktoru vasitəsilə saxta sənədlər və əsassız mülahizələrlə mənim şirkətin qanuni təmsilçisi olduğum dövrdə mənimsəmə faktları ilə əlaqədar ittiham olunmağım üçün prokurorluq orqanlarına müraciət edilmişdir.

Şirkətimə tamamilə sahib olmaq niyyətində olan “Gazelli” şirkəti və onun aidiyyəti şəxsləri əvvəlcədən planlaşdırılmış bu hərəkətləri nəticəsində 07 iyun 2017-ci il tarixində, heç bir rəsmi yoxlama sənədi olmadan mənim qeyri-qanuni həbsimə nail olmuşlar. Bundan sonra  mənə daha bir təzyiq üsulu kimi adıma saxta kredit müqaviləsi rəsmiləşdirilmiş və faktiki olaraq heç bir vəsait əldə etməməyimə baxmayaraq 5 milyon manat kredit vəsaitinin mənə verildiyi iddia edilmişdir. Qeyd olunan məqsədyönlü qanunsuz addımların davamı kimi 12 və 14  sentyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Penitensiar Xidmətinin Baş Müalicə müəssisəsində olduğum zaman, azadlığa buraxılmağım müqabilində Şirkətdəki paylarımın və 100 % mənə məxsus olan “Ideal” əmtəə nişanının digər təsisçi “Gazelli” şirkətinin sahiblərinə ötürməyim tələb edilmişdir. Bu məqsədlə müalicə müəssisəsinə mənim istəyim və razılığım olmadan notarius dəvət edilmiş və hədə-qorxu təsiri altında müvafiq əmlaklarımın əvəzsiz olaraq, heç bir ödəniş edilmədən digər təsisçiyə ötürülməsi barədə sənədlərə imza atmağa məcbur edilmişəm. Müvafiq sənədlərə imza atdığım gün barəmdə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdur. Halbuki həmin tarixə qədər qətimkan tədbirinin dəyişdirilməsi barədə etdiyim bir neçə müraciət məhkəmə tərəfindən rədd olunmuşdur ki, bu hal da zorakılıq və hədə təsiri altında həmin sənədlərə imza atdığımı və nəticədə əmlaklarımdan iradəmə zidd olaraq məhrum olduğumu açıq şəkildə göstərir.

Şirkətin digər təsisçisi (“Gazelli” firması və onun sahibləri) tərəfindən bir sıra qanunsuz (hədə-qorxu, təzyiq və s. üsullarla) və silsiləvi tədbirlər nəticəsində əmlaklarımın mənimsənilməsi barədə dəfələrlə Azərbaycan Respublikasının Baş prokurorluğuna müraciət etmişəm. Şikayətlərimdə hər zaman mənim mülkiyyətimdən qanunsuz məhrum edildiyimi sübut edən halları qeyd etmiş və səlahiyyətli şəxslər tərəfindən qəbul olunduğum təqdirdə bütün halları sübut edəcəyimi və lazımi dəlil və sənədləri müvafiq qurumlara təqdim edəcəyimi bildirmişəm. Buna baxmayaraq Azərbaycan Respublikasının Baş prokurorluğunun Preventiv tədbirlər və təhqiqat idarəsindən təqdim edilmiş 21.05.2020-ci il tarixli 02/2-8320-17/796 nömrəli məktubda şikayətimlə bağlı araşdırmaların aparıldığı və 12.02.2018-ci il tarixli məktubla mənə qanun pozuntularının aşkar edilməməsi barədə məlumat verildiyi qeyd edilmişdir. Aşağıdakı əsaslara görə hesab edirəm ki, müraciətimdə qeyd olunan hallara nə maddi, nə də ki prosessual hüquq normaları baxımından düzgün hüquqi qiymət verilməmişdir:

1. İlk növbədə onu qeyd etmək istəyirəm ki, tərəfimdən Şirkətin digər həmtəsisçisinin faktiki sahibliyində olan  “Premium Bank” ASC-nin (“Bank”) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı müraciətim əsasında Vergilər Nazirliyi tərəfindən Bankda yoxlamalar aparılmış və bir sıra mühüm qanun pozuntuları aşkar edilmişdir. Qeyd olunan hallar vergi orqanları tərəfindən təqdim edilmiş 20 noyabr 2018 ci il tarixli, 1816020112962700 nömrəli məktubunda da öz əksini tapır. Bu faktın özü belə mövcud iş üzrə pozuntuların mövcudluğunu ilkin olaraq təsdiq edir. Prokurorluq orqanlarının araşdırmaları isə səthi xarakter daşımaqla bu halları belə nəzərə almamış, araşdırmanın hansı istiqamətlərdə aparılması barədə mənə heç bir məlumat verilməmişdir.

2. Cinayət əməlləri barədə dəfələrlə müraciət etməyimə baxmayaraq, mən nə şikayətimin araşdırılması üçün Baş Prokurorluğa dəvət edilərək dinlənilmiş, nə də mənə yuxarıda qeyd edilən 12.02.2018-ci il tarixli məktub təqdim edilmişdir. Külli miqdarda əmlaklarımın mənimsənildiyi və mövcud sübutların əksəriyyətinin məndə olduğu halda araşdırmada iştirakımın heç bir formada təmin edilməməsi, şikayətimin obyektiv və ətraflı tədqiq edilmədiyinə dair ciddi şübhələr yaradır.

3. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən müvafiq qərar 24 saat müddətində cinayət haqqında məlumat verilmiş şəxsə göndərilir. İndiki halda isə mənə qarşı cinayət əməllərinin törədilməsi barədə dəfələrlə prokurorluq orqanlarını məlumatlandırdığıma baxmayaraq heç bir qərar qəbul edilməmiş, uzun müddətdən sonra ümumi məzmunlu məktubla cavab verilmişdir.

Qeyd olunan halları və pozulmuş hüquqlarımın müdafiəsi üçün təcili addımlar atılmasının zəruri olduğunu nəzərə alaraq yuxarıda qeyd olunan qanunsuz əməllərə hüquqi qiymət verilməsi üçün müvafiq göstəriş verməyinizi, eləcə də şikayətimin dinlənilməsi və qeyd etdiyim hallarla bağlı sübutların sizə təqdim edilməsi üçün məni qəbul etməyinizi xahiş edirəm.

Qoşma:
Azərbaycan Respublikasının Baş prokurorluğunun Preventiv tədbirlər və təhqiqat idarəsinin məktubun surəti  – 01 nüsxədə.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin  20 noyabr 2018 -ci il tarixli məktubu – 01 nüsxədə.

Hörmətlə İlqar İsmayılov.

 araz.az

araz.az xəbər portalı.