modern.az hmm 593Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

Artıq dörd gündür davam edən təlimlər Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi ilə izlənilir. Buna baxmayaraq, koronavirus pandemiyası və ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi türkiyəli hərbçilərin daha böyük təntənə ilə qarşılanmasına mane olub. Sosial şəbəkələrdə ordumuza dəstəyini ifadə edən istifadəçilər qardaş ölkənin hərbçilərinin bir hissəsinin Azərbaycanda qalmasını da təklif edirlər.

Bu barədə Modern.az-a danışan  deputat Elman Məmmədov bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığının bizə yaşadığı, qürur, sevinc hər birimizin ürəyincədir:

“Bunu dilə gətirmək, bəyan etmək üçün heç də həmişə kütləvi tədbirlər keçirilməsinə, nümayişkaranə bildirməyə ehtiyac yoxdur. İndi elmi-texniki inkişaf əsridir. Hər cür imkanlar var. Milyonlarla azərbaycanlı sosial şəbəkələrdə fəaldır. Hər gün sosial şəbəkələrdə dolaşanda bu qardaşlığa, birliyə münasibətimizi ifadə edən fikir, status yaza bilərik. Mənə belə gəlir ki, bu yüzlərlə, minlərlə insanın bir yerə toplaşmasından da dəyərlidir. Çünki yazdığımız statusları tək biz deyil, bütün dünya oxuyur.

Türkiyə ilə bizim aramızda olan qardaşlıq, münasibətlər gündən günə inkişaf edir. Mən çox istəyərdim ki, bizim bu qardaşlığımız daha da irəli getsin. Biz hərbi müttəfiqlər rolunda çıxış edək, bu müttəfiqliyimiz irimiqyaslı olsun. Lakin türkiyəli hərbçilərin Azərbaycanda qalması barədə təklifləri açıq bəyan etməyimiz yerinə düşməz. Ulu Öndərin başlatdığı bu əlaqələr indi də davam edir. Azərbaycanlı hərbçilər Türkiyə hərbi məktəblərində təhsil alır, formalaşırlar”.

  • Məmmədovun sözlərinə görə, bu gün Azərbaycan ordusu elə hazırlıq səviyyəsinə malikdir ki, düşməni İrəvandan da qovub çıxara bilər. Ona görə, hələlik heç bir dövlətin ordusunun, əsgərinin bizim ərazimizdə olub, kömək etməsinə ehityacımız yoxdur. Daha böyük təhlükələr olarsa, qardaş Türkiyənin simasında bir çox qardaş ölkələr yanımızda olacaqlar.

Mən istəyərdim ki, Türkiyənin, Pakistanın, Azərbaycanın bu həmrəyliyi digər müsəlman dövlətlərə, o cümlədən türkdilli dövlətlərə də ibrət olsun. Bizə qardaş, dost deyib, Ermənistanın qida borusuna çevrilməsinlər. Ermənistanı bəsləyib, hələ üstəlik şimal qonşumuzun silah-sursatını da öz ərazilərindən Ermənistana keçirirlər. Erməni bütün müsəlman ölkələrini hədəfə alır, bəzi müsəlman dövlətləri isə bu işdə sanki ermənilərə dəstək olurlar”.

Deputat Tahir Kərimli isə Rusiyanın Şimali Qafqazda 50 min nəfər heyətlə hərbi təlimlər keçirdiyini xatırladıb:

“Türkiyənin 11 min türk qoşunu Naxçıvana daxil olub. Naxçıvanla bağlı öhdəlik götürən dövlətlərdən biri Türkiyədir. Bağlanan müqavilənin 100 illiyi də artıq yaxınlaşır. Ermənistan əgər Naxçıvana hücum etmək niyyətinə düşərsə, bu o deməkdir ki, Türkiyəyə də hücum edir. Bunu qeyd etmək çox vacibdir. Onsuz da faktiki olaraq, bu təlimlər Ermənistan və Rusiyada ciddi reaksiya doğurub. Əməli proses gedir. Hesab edirəm ki, bütün dünya başa düşür ki, Azərbaycan və Türkiyə birlikdədir və bu təlimlər dünyaya açıq mesajdır .

Xalqın təlimlərə dəstəyinə gəlincə isə, bunun üçün böyük nümayişlərə, yürüşlərə ehtiyac olmadığını düşünürəm. Onsuz da Tovuz hadisələri zamanı Azərbaycan bir daha ayağa qalxdı, bunu bütün dünya gördü. İndi beynəlxalq hüququn da bizim lehimizə qərarları var. Hazırda hər şey Ermənistanı bu hüquqa riayət eləmək üçün məcbur etməyə hesablanıb.

Azərbaycan xalqının vətənpərvərlik hissi hər zaman yüksəkdir. Ruh yüksəkliyi hər zaman qaydasındır. Baxın, bütün dünya düşünürdü ki, Azərbaycan torpaqlarını 10 illərdir itirib, hazırda bunu yadından çıxarıb. Halbuki aprel döyüşləri zamanı da, Tovuz hadisələrində də bütün dünyaya sübut olundu ki, nəinki Azərbaycan xalqı Qarabağı yaddan çıxarıb, hətta digər torpaqlarımızın da bizə aid olduğunu dərk edir və cəmiyyətin bu istiqamətdə birliyi var”.

Kərimli düşünür ki, türkiyəli hərbçilərin bir hissəsinin Azərbaycanda qalması haqqında təkliflər mümkün ola bilər:

“Bu danışıqlardan asılıdır. Türkiyə NATO-nun üzvüdür, Azərbaycan isə Qoşulmama hərəkatına qatılıb. Azərbaycanın bir hissəsinin təhlükəsizliyi, düşməni işğaldan çəkindirmək naminə bu cür qərar qəbul edilə bilər. Bu məsələ onu da aktuallaşdırır ki, regionda sabitlik baxımından ATƏT-in Minsk qrupunun “turist səfərləri”ndənsə, bu variant daha məqbuldur”.

Deputat Aqil Abbas isə bildirib ki,  Azərbaycan xalqı ordu ilə birlikdə, prezidentlə həmrəy olduğunu bir daha nümayiş etdirir:

“Bunu Tovuz döyüşlərində də gördük. 10 minlərlə insan şəhidlərin ruhunu yad etdi, dəfndə iştirak etdi, mitinqlər keçirdilər. Bu təlimlər ilk deyil. Lakin bu gün keçirilən təlimlər təbii ki, azğın düşmənə gücümüzü, qüdrətimizi göstərmək  üçün də bir mesajdır. Necə olur ki, ermənilər ruslarla iki gündən bir təlim keçirə bilirlər, Azərbaycan qardaş ölkə ilə təlim keçirəndə birmənalı qarşılanmır? Biz əgər bir millət iki dövlətiksə, niyə ordumuz da bir olmasın? Təbii ki, heç bir dövlət digərinin işinə qarışası deyil, amma lazım olan anda birlik olmalıyıq”.

Türkiyəli hərbçilərin Azərbaycanda qalmasına gəlincə isə Aqil Abbas xatırladıb ki, bu hərbi doktrinadan asılıdır:

“Ölkələr danışıqlar aparıb, bununla bağlı qərar qəbul edə bilərlər. Rusiyanın Ermənistanda ordusu yerləşdirilib, hətta sərhədlərini ruslar qoruyurlar. Azərbaycan Türkiyə ordusu üçün qapılarını aça bilər. Amma Türkiyə NATO-nun üzvüdür. Bu NATO-nun Azərbaycanda qoşun saxladığı anlama gəlməməlidir.  Bizim öz mövqeyimiz var. Lakin qardaş ölkə kimi Türkiyə hərbçilərinin Azərbaycanda qalması mümkün ola bilər”.

araz.az

araz.az xəbər portalı.