1598826660 499Açıq şəkildə tələbəyə deyirlər ki, imtahana az qalıb, bu qədər gətir, qiymətini yazaq”

“Kollecdə özbaşınalıq baş alıb gedir. Tədris hissəsinin müdiri Şahin Əliyev, əyani şöbənin müdiri Kamilə Həmidova, qiyabi şöbənin müdiri Güllübəyim Həsənova məktəbi az qala şəxsi mülkiyyətlərinə çeviriblər. Rüşvət bu müəllimlərin vasitəsilə yığılır, gedir məktəbin direktoruna…”

Bunu Meydan TV-yə övladları Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alan bir qrup Göyçay sakini deyir. Eyni məzmunlu şikayətlə valideyn və tələbələr bu ilin fevralında da Meydan TV-yə müraciət etmişdi.

Şikayətçilər deyirlər ki, ötən müddət ərzində heç nə dəyişməyib. Baxmayaraq ki, karantin rejimi ilə əlaqədar dərslər təxirə düşüb.

Valideynlərin sözlərinə görə, hər dəfə imtahan vaxtı tələbələrdən 400-500 manatadək rüşvət alınır və qiymət yazılır.

“İmtahanlarda 400-700 manat rüşvət alınır”

İddiaya əsasən, məktəbdə rüşvətin yığılması tədris hissəsinin müdiri Şahin Əliyev, əyani şöbənin müdiri Kamilə Həmidova, qiyabi şöbənin müdiri Güllübəyim Həsənova baxır:

“Açıq şəkildə tələbəyə deyirlər ki, imtahana az qalıb, bu qədər gətir, qiymətini yazaq. Elə yanvarda semestr imtahanında tələbələrə pulsuz qiymət yazılmadı. Pulu olmayanı da bir bəhanə tapıb məktəbdən qovurlar”.

Valideynlər deyir, direktor İrşad Abbasova barama verilib, o da müəllimlərdən həmin baramaya görə məcburi 50 manatdan pul yığıb:

“Hətta buna görə direktor böyük iclas da keçirib. İclasda elan edib ki, baramaya görə 50 manatdan yığılır. Müəllimlər ayağa qalxdı, etiraz etdi, məsələni ictimailəşdirdi, ondan sonra direktor dedi, pul yığımı məcburi deyil, kim istəmirsə, verməsin. Müəllimlərin bir qismi pul verdi, bir qismi yox…”

Karantində iclas

Daha bir şikayətsə məktəb direktorunun karantin vaxtı geniş tərkibdə iclas keçirəsi ilə bağlıdır. Valideynlərin iddiasına görə, direktor virusla mübarizə məqsədilə qoyulmuş qaydaları və qanunu pozaraq bu yaxınlarda geniş tərkibdə müəllimlərin iştirakı ilə iclas keçirib:

“Direktor Təhsil Nazirliyində Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini işləyən oğlu Orxan Abbasova arxayındır. Bilir ki, nazirliyə gedən şikayətləri oğlu yerindəcə “yoxa” çıxarır. Ancaq fikirləşirik ki, artıq yeni nazir təyin olunub və artıq ondan şikayət məktubu gizlətmək mümkün olmayacaq. Nazirdən istəyimiz odur ki, kollecdə yoxlama, araşdırma aparılsın, tələbələr, validenylər, müəllimlər danışdırılsın, tədbir görülsün”.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecin direktoru İrşad Abbasov isə deyilənləri təkzib edib.

araz.az

araz.az xəbər portalı.