Ayaz Mütəllibov: “O zaman müxalifətin cəmiyyətdə nüfuzu var idi”
Prezident seçkisinin keçirilmə vaxtının önə çəkilməsini normal qarşılayanlardan biri də Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdur. Araz.az xəbər verir ki, “Yeni Müsavat”ın suallarına cavab verərkən o, seçki mövzusu ətrafında dolaşan söz-söhbətlərə münasibət bildirməklə yanaşı, digər məsələlərə də toxundu.
– Ayaz müəllim, prezident seçkisi ilə bağlı verilən qərarı gözləyirdiniz, yoxsa seçkinin irəli çəkilməsi gözlənilməz oldu?
– Yox, o qədər də gözlənilməz olmadı. Çünki bu haqda söhbətlər var idi.
– Eks-prezidentin hər halda məlumat qaynaqları olmamış deyil. Belə demək olarmı ki, bu barədə qabaqcadan informasiyanız olub?
– Düzü, bilmirdim ki, seçki aprel ayında olacaq. Sadəcə, ümid edirdim ki, belə olacaq. Ancaq dəqiqliklə deyə bilməzdim. Cəmiyyətdə müxtəlif söhbətlər gedirdi, ona görə də dəqiq nə isə demək mümkün deyildi. İqtidarın bu addımı şəxsən məni də düşünməyə vadar edib.
– Düşündükdən sonra yekun nəticə necə oldu? Yaxud aldığınız məlumatlar nə deyir, seçkinin tarixinin dəyişdirilməsi hansı zərurətdən baş verdi?
– Mən onu dəqiq deyə bilmərəm. Burada təkcə ölkəmizin daxilində gedən proseslərdən söhbət getmir.
– Bu məsələ ilə bağlı xarici faktorlardan çox danışılır. Siz necə hesab edirsiniz, seçkinin oktyabrda keçirilməsi halında hansı ölkələr təhdidlər yarada bilərdilər?
– Azərbaycanın daxilindəki vəziyyəti nəzərə alanda şəxsən mən ehtiyat hiss etmirdim. Ancaq ümumi analitiklərə istinad etsək, onlar “ola bilər” ifadəsindən istifadə edirlər. Naməlum vəziyyət ola bilərdi. Ancaq dəqiq heç kim nə isə deyə bilməz. Kimsə dəqiq deyə bilməz ki, filan amillərə istinad edərək hansısa qüvvənin Azərbaycana mənfi təsiri ola bilərdi.
– Adətən 2013-cü il seçkisi ərəfəsində baş verənlər xatırlanır. O zaman Rusiya “Milyarderlər ittifaqı”nı yaratdı və hakimiyyətə təzyiq rıçaqlarını işə saldı. Bu mənada Rusiyadan yeni sürprizlər gözləniləndirmi?
– Zənnimcə, yox.
– Hansı əsaslara görə bu qənaətə gəlmisiniz?
– Ümumi analitikaya baxanda Rusiyanın öz dərd-səri var. Ona görə də elə bir ehtimalım yoxdur.
– Yəni deyirsiniz Qərbin sanksiyaları səbəbindən Rusiyanın başı özünə qarışıb?
– Əlbəttə ki.
– Amma təcrübə göstərir ki, Rusiya təzyiqlərlə üz-üzə qalanda daha da aqressivləşir. Hətta qarşıdakı seçkidən sonra Putinin SSRİ-ni bərpa planını işə salacağı iddiası var…
– Yox, onlar söz-söhbətlərdir. Reallıqda belə şey ola bilməz.
– Vladimir Jirinovski adətən, Kremlin “danışan dili” missiyasını yerinə yetirir. Bu yaxınlarda dedi ki, Qarabağ məsələsinin birdəfəlik həlli Azərbaycan və Ermənistanın Rusiyaya birləşdirilməsindən keçir. Sizcə, bu, hansısa planların anonsu deyil?
– Bu, elə-belə söhbətdir. Reallıqda ola bilməz.
– Lakin başımıza gələn bəlalarda Rusiya faktoru həmişə “rol”unu oynayıb.
– Elə hadisələr olub. Ancaq bu dəfə mən belə düşünmürəm.
– Hazırda Bakı ilə Moskva arasında münasibətlər haqqında nə deyə bilərsiniz?
– Mən əlaqələri müsbət qiymətləndirirəm.
– Ancaq 2 milyondan çox azərbaycanlını öz ətrafında birləşdirən diaspor təşkilatımız ləğv olundu, yenisinin yaradılması məsələsi də uzanır.
– Diaspor təşkilatlında baş verənlər daxili proseslərdən yarandı.
– Nə mənada?
– O mənada ki, bizim diasporumuzun Rusiya dövlətində o qədər də yeri yoxdur. Daxildəki qarşıdurmadan da söhbət gedə bilər. Dəfələrlə deyilib ki, Rusiyanın özündə Azərbaycan diasporunun siyasi məsələlərə təsiri yoxdur.
“Ümumi söz-söhbətlərdən başqa reallıqda heç nə görmürəm” |
– Buna imkan verməyən qüvvələr hansılardır?
– Onu deyə bilmərəm. Fərasət, aktivlik olmalıdır. Kimin nə fikri var, o, ikinci dərəcəli məsələdir, sən öz işini gör!
– Rusiya siyasi mühitinə yaxından bələd olan təcrübəli siyasətçi kimi yeni diaspor təşkilatını yaratmaq istəyənlərə sözünüz varmı? Nələri etmək lazımdır ki, hansısa qüvvələrin əlinə bəhanə verməyək?
– Bu suala birmənalı cavab vermək çətindir. Gərək işin içində olasan.
– Ayaz müəllim, Azərbaycan müxalifətinin aparıcı təşkilatları seçkini boykot qərarı verdilər. 1992-ci ildə yaxşı tanıdığınız bu qüvvələrin qərarını necə dəyərləndirirsiniz?
– O zaman müxalifətin cəmiyyətdə nüfuzu var idi. Ancaq indi bunu demək çətindir. Müxalifətin indiki çalışmalarında hər hansı bazaya istinad olunmur. Boykot nə deməkdir? Yəni sənin cəmiyyətdəki qüvvən lazımi qədər olsa, onda boykotdan danışa bilərsən.
– Müxalifətin seçkidən imtinası sizcə, beynəlxalq səviyyədə necə qarşılanacaq?
– Heç cür. Bu qərar ciddi reaksiya doğurmayacaq.
– Alternativsiz seçkinin özəllikləri barədə nə demək olar?
– Keçid dövrdə belə seçki rahatdır. Yoxsa xaos, qalmaqal yaratmağa lüzum görmürəm. Əslində belə bir imkan da yoxdur. Arzuolunan idi ki, bütün qüvvələr seçkidə iştirak etsin. Biz bütün dünyaya deməliydik ki, bizdə o qədər də problem yoxdur, olan problemlərimiz də daxili məsələmizdir. Azərbaycanın nüfuzuna gəldikdə, bu mənada narahatlıq yoxdur. Keçmiş illərin təcrübəsinə istinad etsək, müxalifət düşərgəsi müəyyən bazaya söykənməlidir. Artıq elə baza yoxdur.
– Nəyə istinad edərək bunu bəyan edirsiniz?
– Qeyri-real məsələdir. Həmişə deyilib də, “parçala, idarə et!” Biz niyə buna könüllü getməliyik? Gözəçarpacaq dərəcədə müxalifətçiliyin varmı, yoxmu, bu, bir tərəfə, ancaq belə sözlərə nə ehtiyac var? Bununla nə demək istəyirsiniz? Azərbaycanda qeyri-sabitlik var? Azərbaycanda siyasi stabillik mövcuddur. İqtisadi problemlərin həlli ilə bağlı gözəçarpan dərəcədə işlər aparılır, nailiyyətlər də var. İndi bunları demokratiyaya qurban etmək nə qədər doğrudur?
– Heç tərəfdarlarınızdan sizin namizədliyinizi irəli sürmək üçün təşəbbüs göstərən oldumu?
– Xeyr. Mən dəfələrlə demişəm ki, siyasətlə məşğul deyiləm. Öz fikrimi ifadə edə bilərəm, ancaq başqa cür yox.
– Bir ara baş nazir ola biləcəyinizlə bağlı xəbərlər yayıldı…
-Yox, boş söhbətdir, bunlar hamısı uydurma sözlərdir. Kimsə, nə isə deyirsə, durub ona reaksiya verməliyik? Elə şey yoxdur. Yoxdur deyəndə ki, heç olmayıb da.
– Bəs, seçkidə sizin namizədiniz kimdir?
– Mən demişəm, iqtidardan danışanda birinci növbədə İlham Əliyevi nəzərdə tuturam. Seçkilərdə ona səs verəcəyəm.
– Seçkidən sonra hansı addımları gözləyirsiniz?
-Hələlik mən bu suala cavab verməyim. Qoyun seçkilər bitsin. Seçkinin yekunları ilə əlaqədar müəyyən proseslər öz yerini tutacaq. Ancaq hansı həcmdə, hansı istiqamətdə addımlar atılacaq, bunu demək çətindir. Yəqin ki, iqtidarın özündə də, hakim partiyanın namizədi İlham Əliyevin özündə müəyyən təsəvvür var.
– Bu il həm də Cümhuriyyətimizin 100 illiyidir. Seçkiöncəsi Azərbaycanın maraqları baxımından hansı arzu-istəkləriniz var və onların reallaşmasını istəyirsiniz?
– Arzu-istəyim odur ki, Azərbaycanda əmin-amanlıq hökm sürsün, qarşıdurma olmasın, yekdillik olsun, keçid dövrünə aid olan təcrübədən istifadə olunsun və bu stabillik ələlxüsus seçkilər zamanı qorunsun. Azərbaycana paxıllıq edən mənfi qüvvələr az deyil. Onları konkretləşdirməyə ehtiyac yoxdur. Analitiklər istər-istəməz bu fikirlərə istinad edirlər. Ancaq biz imkan verməməliyik ki, Azərbaycanın daxilində qarşıdurma baş versin. Bunun zərərdən başqa, heç bir xeyri ola bilməz.
– Eks-prezident kimi yəqin ki, Cümhuriyyət tədbrlərinə dəvət gözləyirsiniz, eləmi?
– (Pauzadan sonra) Görək.
– İndiyədək eks-prezident statusunda dövlət tədbirlərində iştirak etmisiniz?
– Xeyr.
– Dəvət almamısınız, yoxsa getməmisiniz?
– Yox, belə söhbət olmayıb.
– Türkiyədə ənənə var ki, milli bayramlarda keçmiş-indiki məmur, dövlət başçısı, iqtidar-müxalifət fərqi qoyulmur. Bu ənənəni necə qarşılayırsınız?
“Mən dəfələrlə demişəm ki, siyasətlə məşğul deyiləm” |
– Müsbət qarşılayıram.
– Bu il iki mərhum sabiq prezidentin – Heydər Əliyevin və Əbülfəz Elçibəyin yubileyi keçiriləcək. Hər iki düşərgədən tədbir gəlsə, tədbirlərdə iştirak edəcəksiniz?
– Dəvət gəlsə, düşünərik. Niyə iştirak etməyək? Heydər Əliyevin ad-sanı indinin özündə də dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edir. Onun prezidentliyinin düşdüyü qalmaqallı dövr hamımızın yadındadır. Onun bu dövrdən ustalıqla, siyasi müdrikliklə çıxması da göz qabağındadır. Başqa qiymət vermək olmaz.
– Bəs, Elçibəyin yubileyində iştirak edərsinizmi?
– Yox, mən hələ bu haqda düşünmürəm.
– Ayaz müəllim, yəqin Qarabağla bağlı gedişatı da izləyirsiniz. ATƏT-in müşahidəçilərinin sayının artırılması sizcə, nə verəcək?
– Məsələlər müşahidəçilərdən asılı deyil.
– Bu, status-kvonun saxlanması üçün düşünülmüş oyun ola bilərmi?
– Nə bilim, vallah. Bəlkə kiminsə fikrində belə şey var. Ümumi söz-söhbətlərdən başqa reallıqda heç nə görmürəm.
– Ermənistanın hakim partiyasının prezidentliyə namizədi qanunsuz olaraq Qarabağa gəldi, separatçılarla görüşdü. Güman ki, növbəti prezident olacaq. Necə bilirsiniz,belə bir adamla danışıqların nəticəsi ola bilərmi?
– Zənnimcə, nəticə mümkün deyil. Hələ ki, real olaraq bir nəticə gözləmirəm.
– Seçkidən sonra hərbi əməliyyatların başlayacağı barədə ehtimallar necə, real görünürmü?
– Heç nə olmayacaq. Mən deyilən tərzdə heç nə gözləmirəm.
– Əgər Azərbaycanla Rusiya arasında siz deyən kimi, münasibətlər normaldırsa, məntiqlə şimal qonşumuzun “zərərsizləşdirilməsi” halında torpaqları azad etmək üçün yaxşı fürsət düşüb. Elə deyil?
– Dəqiq nə isə demək olmaz.
– Amma sizin dövrdə Çaykənd əməliyyatı keçirilərkən hətta rus qoşunları ölkəmizdə idi…
– O dövr başqa idi. O zaman imkan var idi. Mən də həmişə deyirdim ki, bu qondarma problem yaranmış vəziyyətə uyğun olaraq öz yerini tapa bilər. Ancaq indi elə bir şərait yoxdur. Düzdür, Azərbaycanın hərbi əməliyyat keçirməyə haqqı var. Dağlıq Qarabağ bizim torpaqlarımızdır.
– Bəs, elə isə əməliyyatlar niyə keçirilmir?
– Mən bu sualı cavablandıra bilmərəm. Bu, ciddi məsələdir. Hamı bununla məşğul olmalıdır. Götür-qoy etmək lazımdır. İctimai fikri də nəzərə almalıyıq. Amma güman edirəm ki, bu haqda düşünənlər də var. İqtidar sahiblərindən söhbət gedir. 2016-cı ilin aprel əməliyyatlarını nəzərə alsaq, biz o zaman öz gücümüzü layiqincə göstərdik. Beynəlxalq qanunlara görə də bizim tam ixtiyarımız var ki, dediyimiz istiqamətdə bu problemi həll edək. Əlbəttə ki, Qərbin özündə də alqışlayan az olacaq. Çünki bu vaxta qədər siyasi yolla, dinc danışıqlara, masa arxasında oturmağa çağırıblar. Ancaq faktiki olaraq Azərbaycan torpaqları bu vaxta qədər işğal altındadır. Biz nə vaxta qədər bu vəziyyətin şahid olacağıq? Ancaq eyni zamanda bu məsələyə gözüyumulu şəraitdə yanaşma olmaz, bu, ciddi məsələdir.
– Keçən söhbətimizdə demişdiniz ki, müraciət olsa, Elçibəyin ailə üzvləri ilə görüşərsiniz. Sizə müraciət oldumu?
– Xeyr.
– Seçkiqabağı amnistiya təşəbbüsləri də səslənir, yəqin oxuyubsunuz bu haqda.
-Bəli. Yaxşı təşəbbüsdür. Bu, humanitar addımdır, buna getmək lazımdır.
-Eks-spiker Rəsul Quliyev iqtidarla yanaşı, müxalifəti də kəskin tənqid edir.
– Mən xaricdən səslənən bu cür çıxışlara əsas görmürəm.
– Rəsul Quliyevi yaxından tanıyırsınızmı?
– Yox. Mən onunla işləməmişəm.
– Çox iddialıdır. Xalqın onu dəstəkləyəcəyini, prezident olmaq üçün şansının olduğunu deyir…
– Əşi, indi deyir-desin də.
“Yeni Müsavat”
araz.az xəbər portalı.