Şair, tərcüməçi, şərqşünas-alim Nəriman Qasımoğlunun “Yeni Sabah”a müsahibəsi:
– Dinçilərin və inanclı insanların bir qismi koronavirus bəlasını cəza, digərləri isə sınaq adlandırırlar.
– Müqəddəs Yazılardan anladığım budur ki, hər hadisə – istər ağır günlər, fəlakətlər olsun, istər xoş təsadüflər, zərurətlər, uğurlu işlər – sınaq kimi anlaşılmalıdır. Bu virus bəlası planetimizdə demək olar yer qoymadı yayılmasın. Yeri gəlmişkən, bir məqamı vurğulamaq istərdim. Bəşər övladı ətraf mühitə vurduğu dəhşətli ziyanların qarşılığını bu koronavirus bəlası ilə ödəməkdədir. Havanı, suları, torpağı, yaşıllıqları zəhərləyən insan indi məcbur edilir ki, təbii aləmi rahat buraxsın. Yer üzündə bizdən əvvəl məskunlaşmış heyvanları da planetdə, necə deyərlər, küncə sıxışdırmışıq. Unutmuşuq ki, “yer üzündə canlı olan nə varsa, cüt qanadıyla uçan nə quş varsa hamısı ümmətlərdir” bizimtək (6, 38). Yəni bizimlə Yer icmasının bərabərhüquqlu üzvləri heyvanların haqlarını da qorumaq planetdə Tanrı xəlifəsi, idarəçisi insanın öhdəsindədir.
Nəhəng sənaye müəssisələrini, avtomobilləri, təyyarələri müvəqqəti olaraq dayandıran pandemiya ekoloji tarazlığın bərpasına da öz töhfəsini verir. Pandemiyanın bir dərsi də budur ki, insan Yer kürəsi ilə münasibətlərinə yenidən baxmalıdır. Hərdən ürəyimdən keçir bütün ölkələrin, beynəlxalq qurumların rəhbərlərinə müraciət edim ki, ildə bir dəfə bir ay müddətinə indi pandemiya günlərində olduğu sayaq əsas fəaliyyət növlərinin dayandırılması barədə ümumdünya razılığı əldə edilsin, planetimizə hər il bir aylıq istirahət verək.
– Karantin sizə işləmək imkanı verirmi, yoxsa pərişanlıq var?
– Pərişanlığı, necə deyərlər, pərişan edirəm, üzrlü bilsin, ona vaxt ayıra bilmirəm: yazı işlərimlə məşğulam, payız sessiyasında nəzərdə tutulan onlayn dərslərimin texniki məsələlərini qaydaya salıram, dünyanın müxtəlif yerlərindəki doğmalarımla, dostlarımla məktublaşıram və s. və i.
– Bu pandemiya da qiyamətin əlamətidir?
– Siz düşündüyünüz mənada yox. Bu qəbildən pandemiyalar tarixdə o qədər olub ki… Yəni müqəddəs yazılarda təsviri gedən qiyamətin əlaməti deyil, əlbəttə. Qiyamət günü Oxu-da “Böyük Gün” ifadəsi ilə təqdim edilir. Elə bilirəm, koronavirus pandemiyası tipli ümumplanetar bəlanı kiçik qiyamət hadisələrindən biri kimi dəyərləndirmək mümkündür. Oxu ayələrində bunun teoloji dəlilləri var, bu barədə bir yazımda geniş şərh vermişəm. Çalışmışam bu qəbildən kiçik qiyamət olaylarının bizə hansı qurtuluş dərslərini öyrətdiyini teoloji baxımdan əsaslandırım. Və inanın ki, o Böyük Günün dağıntılarından da kimlərsə mütləq qurtulacaq. İndi bu müsahibədə məqalədə yazdıqlarımı danışsam uzun sürər. Tapıb oxumağı məsləhət bilirəm.
– Nəriman bəy, son zamanlar bioloji canlı bir aləm, yeraltı dünya haqqında müxtəlif teoloji nəzəriyyə və ehtimallar, eləcə də mistik yozumlar irəli sürülür. Yeraltı dünya deyilən nəsnə nədir axı, paralel aləmmi, yoxsa cinlər məkanı?
– Sözün açığı, bu barədə ciddi teoloji dəlillərə rast gəlməmişəm. Paralel aləmə, yəni görülməz aləmə, qeybə inanıram, amma ehtimallarım teoloji dəlillərə hələ çevrilməyib, ciddi bir söz deyə bilmərəm.
– Səmavi kitablarla gələn ilahi kəlamların sirli enerjisindən dəfələrlə söz açılıb. Və bu barədə yazan bəzi mənbələr Tövratın və İncilin təhrifə uğradığını qeyd edərək iddia edirlər ki, Qurandan savayı heç bir müqəddəs kitabın xüsusi enerjisi yoxdur.
– Əslində, bu barədə də ciddi teoloji dəlil yoxdur ki, Tövratla (Törə) İncilin (Müjdə) hər hansı təhrifə uğradığını təsbit etsin. Bunun ən azından Oxu təsdiqi yoxdur. Oxu-da bu müqəddəs Yazılara iman təlqin edilir və məsələ burasındadır ki, bunların Oxu enən zaman ayələrdə istinad edilən variantları elə indi oxunan mətnlərdən fərqli olmayıb.
– Gündəlik həyat tərzində ibadəti adətə çevirən bəzi şəxslər sanki islam barədə çox oxuyub çox bilməkdən ehtiyat edirlər. Hətta bir dindar müsəlmanın “dərinliyinə varmaqdan qorxuram, birdən qıldığım namaz haqqında tərəddüdüm, şübhəm yaranar” söylədiyini xatırlayıram. İslamın müqəddəs kitabında dini bilgilərdən uzaq olan ibadət əhli haqda nə deyilir?
– İstərdim Oxu mətninin təlqin etdiyi vacib bir məqamın üzərində dayanım. Bizim dünyəvi-dini deyərək apardığımız bölgü müqəddəs mətnin məntiqinə ziddir. Ayrıca olaraq dini bilgilər deyilənə Oxu mətnində sadəcə yer yoxdur. “Elm Tanrınındır” təlqini var Oxu-da. Yəni bizim dünyəvi elmlər kimi qəbul etdiklərimiz – istər təbiət elmləri olsun, istər humanitar, istər riyaziyyat, ya fəlsəfə – ümumilikdə bu təlqinin içindədir, çünki imanını idrakla gəlişdirən şəxs bütün elmləri Tanrı dərkinə yardım, yaxud vəsilə məzmununda qəbul edir. İlahi mətndə O-nun dəyərlərinə təslim olanlar üçün nəzərdə tutulan bir dua resepti var: “İlahi, elmimi artır mənim”. Ayələrin birində də Tanrı birliyinə şahidlik edənlərin siyahısında bir Tanrı Özüdür, mələklərdir, bir də elmi dərin olanlar. İnsan elmdə dərinləşdikcə, imanı daha da kamilləşir. Və o dərəcədə kamilləşir ki, Tanrı mövcudluğu, birliyi, səltənəti barədə şahidlik qabiliyyətli birisi kimi ucalır. Aristotel, Platon, İbn Sina, Farabi, Xarəzmi, Biruni, Tusi, Nizami, Nyuton, Spinoza, Bekon, Eynşteyn, Darvin və onlarla başqa zəka sahibləri – elmdə dərinləşmiş kimsələr olaraq Tanrı mövcudluğunu təsdiqləyiblər. Təkamül nəzəriyyəsinin banisi kimi tanınan Darvin ateistlərin və başqalarının istinadı olsa da, alimin özü təkamül qanunlarını ərsəyə gətirən Ali Substansiyaya – Ali Qanunvericiyə inandığını bəyan etmişdi.
Sualınızda istinad verdiyiniz şəxsin fikirlərinə gəlincə, ona deyərdim, özünü müsəlman sayırsansa, OXU-nu oxu, islam haqqında yazılanların böyük əksəriyyəti təhrifli yazılardır, bunlar səni, əlbəttə, çaşdırar. İlahi ismarışları kənara qoyub niyə də əksəri qaranlıq pərdəsinə bürünən mövhumatçı yazıları oxumalısan?
– Hədislərə istinad etməklə din tarixini yazmağa çalışırlar. Ümumiyyətlə, səhih hədis anlayışı nə deməkdir? Həqiqətənmi belə hədislərin arxasında təkzibedilməz tarixi faktlar dayanır?
– Hədisləri boş verin, istər səhih, yəni doğru hesab edilsin, istər qeyri-səhih, doğru olmayan. İndinin ənənəvi müsəlman şüuru Oxu vəhylərinə tay tutulan hədislərin təsiri ilə müəyyənləşir. Bu şüur da ki, qalıb orta əsrlərdə. Qalıb dinamizmini itirmiş, yeniliyə, elmlərə qapalı bir mahiyyətdə. Hədis deyilən nəsnələrin arxasında ciddi tarixi faktlar da dayana bilməz. Çünki ağızdan-ağıza, şəxsdən şəxsə ötürülərək peyğəmbər vəfatından 150 il sonra yazıya alınıbsa, peyğəmbərin öz dövründə də, sonrakı raşidi xəlifələrin zamanında da yazıya alınması məsləhət bilinməyibsə, deməli, ən azından bu da nəzərə alınmalıdır. Ən maraqlısı da budur ki, zaman keçdikcə sayca azalmalı hədislər artıb. Bunların əksəriyyətinin Oxu ayələri ilə ziddiyyətdə olduğu öz yerində, indi ən adi riyazi hesablama da Buxari hədislərinin bir çoxunun uydurma olduğu qənaətini möhkəmlədir. Deyilənə görə, 60 il ömür sürmüş Buxari qələmə aldığı hədisləri 600 min hədisin içindən seçibmiş. Sonra, yenə deyilənə görə, etibarlılığı şübhə doğuranlarını kənara qoyaraq kitabında 7275 hədisə yer verib. İndi siz təsəvvür edin, diyar-diyar gəzərək topladığın hər hədisin etibarlılığını yoxlamaq üçün nə qədər vaxt sərf etməlisən. Bir gün vaxt sərf etsən, bu, 1644 ilə bərabər olmalıdır. Bir gün yox, bir saat sərf etsən – hərçənd kommunikasiyanın müasir dövrlə müqayisədə xeyli zəif olduğu bir zaman bunun özü də sual altındadır – bu da onun yaşadığı illərdən artıq edir. Birmənalı olaraq qeyd edim, müsəlmanların hazırda fikir böhranının ideoloji səbəbi tarixən siyasət qaynaqlı prosesin Oxu-ya paralel olaraq gəlişdirdiyi hədislərdən qaynaqlanır.
– İslamda təqlid varmı?
– Ənənəvi “islam”da var, OXU islamında yox.
– İslam dünyası üçün mükəmməl mənbə hesab ediləcək Quran təfsirləri varmı? Mümkündürsə, bir az həmin təfsirçi alimlər barədə məlumat verərdiniz…
– Quranın ən mükəmməl təfsiri Quran mətninin özündədir. Mövcud təfsirlərin əksəriyyəti isə hədislərə əsaslandığından maraqsız və faydasızdır. Quranı hədislərlə deyil, Quran mətninin özü ilə təfsir edənlər də var və belələrinin təfsirləri, əlbəttə, daha etibarlı, daha faydalıdır. Amma deməliyəm ki, bunlar da tam mükəmməlliyə iddia edə bilməz. Səbəb çox sadədir. Bu barədə vaxtilə yazdığımı bir daha xatırladım ki, kosmik-ilahi informasiya qaynağı OXU zamansızlığın məhsulu olaraq daxili dinamikasını özündə saxlayan, yeni təfsirlərə, islaha, yeniliyə, tərəqqiyə, inkişafa, mənəvi zənginləşməyə, elmi təfəkkürə meydan açan və yönəldən bir məzmundadır. Ona görə də daim canlı, yaşayan bir Yazıdır. OXU-nun bir ulu qayəsi budur ki, insan həqiqət iddialı məlumatları yalnızca eşitməklə yetinməsin, oxuyub dərk eləsin. Həm də özü oxusun, başqalarına oxutdurmasın. Ona görə özü oxusun ki, bu Yazının hər fərdə deyəcəyi sözü var, hər fərdlə canlı olaraq onun anlayacağı səviyyədə və dildə danışır, hər fərdin duyğusal dərk imkanları ölçüsündə özəl anımsal mənalar yaradır. Bu səbəbdən hətta özümə görə mükəmməl saydığım təfsirlər belə qeyd etdiyim missiyanı obyektiv olaraq yerinə yetirə bilməz.
– Müsəlmanların müqəddəs kitabı olan Quranın poetikası mövzusuna nədənsə diqqət yetirən azdır. Yoxsa mən yanılıram?
– Yanılmırsınız.
– Quranda əruz vəzni varmı?
– Məsələ burasındadır ki, Quran orijinalı nə şeirdir, nə nəsr. Mətnin özəlliyi odur ki, janrı müəyyən deyil. Ayələrin orijinalda öz ahəngi ilə yanaşı, qafiyəli, qafiyəsiz sətirləri də var. Sətirlər bəzən bir sözdən, bəzən az qala bir səhifəlik sözlərdən ibarət olur. Və bəzi ayələrdə əruz da duyulur, əlbəttə.
– Quran dili, Quran ərəbcəsi ifadəsinə tez-tez rast gəlirik. Quran dili klassik ərəb dilindən hansı xüsusiyyətlərinə görə fərqlənir?
– Ərəb dili mütəxəssisləri Quran ərəbcəsini klassik ərəb dili anlayışından bir qayda olaraq ayırmırlar. Başqa bir ifadə də “post-klassik ərəb dili” ifadəsidir. Bu, yunan elmi ədəbiyyatından təsirlənən İbn Sina, Farabi, İbn Xəldun kimilərinin yazılarında ərəbcənin bir qədər yeni keyfiyyətdə zənginləşməsi və ərəb qrammatikasının standartlaşması ilə müəyyənləşir.
– Nəriman bəy, siz islam deyiminin “təslimolma” ifadəsi ilə əvəzlənməsini təklif etmişdiniz. Bu, Quran ritorikasına zərbə olmazmı?
– Bir dəfə bu barədə müsahibə vermişəm. Qısaca olaraq təkrarlayım ki, “islam” sözünün populyarlaşması tarixdə tədricən baş verib. Bu proses əməvilər xilafəti hakimiyyətinin ilk illərindən etibarən sürətlənib. Dörd raşidi xəlifəsindən sonra hakimiyyətlərini qanuniləşdirmək üçün “islam”ın ayrıcalıqda bir din olaraq siyasi-ideoloji sistemə daxil edilməsində əməvilər həlledici rol oynayıblar. “İslam” sözünün fərqli bir din adına çevrilməsi “mömin” kimliyinə müəyyən mənada siyasi çalar da qazandırıb və buna o zamankı tarixi-siyasi gerçəkliklərin günümüzədək uzanan bəlirtilərindən biri kimi baxmaq lazım gəlir. 2014-cü ildə Harvardda çalışırdım, professor Ali Asani məni bir alimin tapıntısı ilə tanış etmişdi. Həmin araşdırmaçı 7-9-cu əsrlərdə ərəbcə yazılmış 25 min sayda yazı başlıqlarında işlənən sözlərin monitorinqini aparıbmış. Başlıqlar göstərir ki, müsəlmanlar öz dinləri haqqında yalnız 9-cu əsrin ikinci yarısından etibarən peyğəmbər dövrü ilə müqayisədə daha çox “islam” adına ideoloji sistemə salınmış din kimi düşünməyə başlayıblar. Belə ki, zaman keçdikcə yazı başlıqlarında “islam” sözünün istifadəsi artıb, şərti olaraq ilk müsəlmanlar dediklərimizin dilində daha çox işlək olmuş “iman”, “mömin” sözləri isə kəskin şəkildə azalıb. Monitorinq həqiqətən ironik səslənən bir məqamı aşkarlayıb: müsəlmanlar “islam”ın ideoloji anlamda qavrayışına üstünlük verdikcə, Tanrı və iman ruhaniyyəli mətləblərə diqqəti xeyli azaldıblar…
Əgər Quran ritorikası deyəndə insanları Quran həqiqətlərinə inandırmaq mənasını nəzərdə tutursunuzsa, qeyd edim ki, azərbaycanlılar üçün “təslimolma” daha aydınladıcıdır və bu üzdən daha məqbul sayılmalıdır, nəinki sadəcə “islam”. Həm də “təslimolma”nın OXU-da əhatə dairəsi genişdir, “təslimolma”da təktanrılıq dinlərinin hamısı yer alır.
– İslam coğrafiyası hələ də ənənəçilikdən qurtula bilmir…
– Çətin məsələdir.
– Bir çox şiə alimləri Quranda Sahib Zaman adlanan İmam Mehdi haqqında işarələr olduğunu iddia edirlər.
– Onlara sadəcə olaraq elə gəlir…
– Qurandakı qiyamət günü təsvirlərinin metafora olduğunu söyləyənlər də var…
– Bəli. Qiyamət gününü hərə öz təfəkkürünün imkanları və diktəsi çərçivəsində anlayır. OXU-nun bir özəlliyidir və əslində, belə də olmalıdır. Müqəddəs mətnin məntiqindən, oxuyanları ilə canlı ünsiyyətindən irəli gəlir. Bayaq bu barədə danışdım.
– Sizin tərcümənizdəki OXU müqəddəs kitabına qıcıqlananlar da oldu. Quranı OXU adlandırmağınızı bəyənməyənlər, toxunulmaz orijinal üsluba söz adamı havasıyla, şair sərbəstliyi ilə yanaşdığınızı, müqəddəs kəlamların ilahi avazına müdaxilə etdiyinizi deyənlər var. Haradan qaynaqlanır bu giley?
– Savadsızlıqdan.
– Azərbaycanda dini təhsilin səviyyəsi, ilahiyyat elminin inkişaf etdirilməsi və yaxud islamşünaslıq sferasında görülən işlər sizi qane edirmi?
– Təəssüf ki, xeyr, qane etmir. Qane edən müvafiq dövlət komitəsinin bölgələrdə karantin dövründən əvvəl keçirdiyi maarifçilik tədbirləridir.
– Nəriman Qasımoğlu həm də şairdir. Daha çox bəyəndiyiniz bir şeirinizi dinləyək…
– Üzrlü bilin, başqa bir vaxt. Poetik ovqata köklənəcəyim başqa bir vaxtda poeziya məclisi qurarıq inşAllah və sizə bir yox, şeirlərimdən seçmələri oxuyaram, oxucularınızla paylaşaram.
– Necə düşünürsünüz, Avropa islamşünaslığı daha çox inkişaf edir, yoxsa Amerika?
– Bunu araşdırmamışam.
– Uzun müddət ABŞ-da yaşayıb işləmisiniz. Əzəməti ilə seçilən Amerikanı inanclı dövlət kimi xarakterizə edərdiniz, yoxsa dinsiz cəmiyyət modeli kimi?
– Amerika inanclı cəmiyyətdir. Əhalisinin təxminən 60 faizi fəal, yəni ibadət yerlərini ziyarət edib mərasimlərə qatılan dindarlar, 35 faizi Tanrıya inanan, amma mərasimlərə qatılmayanlar, təxminən 5 faizi isə ateistlərdən ibarətdir. Orada ən fərqli auditoriyalarda çıxışlarım olub. Çıxışlarımın biri Vaşinqtonun Milli Kilsəsində “Community on the Hill” icmasının xahişi ilə baş tutmuşdu. Təsəvvür edin, müsəlman olduğumu bilə-bilə müraciət etmişdilər bazar günü mərasiminin moizə hissəsini mən aparım. “İsa Məsih və Məryəm OXU ayələri işığında” mövzusunda çıxışım oldu. Alqışlarla qarşıladılar, sonra çox maraqlı sual-cavab müzakirəsi keçirildi. Əslən Latın Amerikasından olan xristian inanclı bir rəssam dedi: “Sizin çıxışınızın məntiqindən özüm üçün götürdüyüm o oldu ki, mən də mahiyyətcə təslimolmadayam”.
– Din və demokratiya. Bu, əks qütblərdirmi? Dini demokratik model nümunəsi varmı?
– İnkişaf etmiş bütün cəmiyyətlərdə din dövlətdən ayrıdır. Din, yəni tarixən siyasətlərə alət olmuş ənənəvi din təsisatları. Bayaq dediyim kimi, Oxu məntiqini əsas götürərək Tanrı qatında dini-dünyəvi bölgünün mahiyyətcə mənasızlığını qəbul etsək və təsdiq edə bilsək ki, demokratik toplumlar insan rifahı üçün daha faydalı toplumlardır və bu mənada ilahi dəyərlərin daşıyıcılığına daha iddialı ola bilərlər, onda din (söhbət ənənəvi dindən getmir) və demokratiyanı bir-birindən necə ayrı tutasan? Ənənəvi din isə mahiyyətcə xeyli dərəcədə saxtalaşdırılmış olduğundan xalis Tanrı dininə də, demokratiyaya da əks qütbdədir, təbii.
– Xristian və müsəlman həmrəyliyinə nə mane olur?
– Ənənəvi dini baxışlar, ikili standartlar siyasəti və s. və i. Bu yerdə onu da qeyd etməyə bilmirəm ki, xoş istisnalar var. Təəssüf ki, bu istisnalar sadəcə ayrı-ayrı fərdlər səviyyəsindədir. Özümdən də olsa bir nümunəni yeridir gərək çəkim. 15 ilə yaxındır ki, Britaniya Birləşmiş Krallığının məşhur din və ictimai xadimi, yepiskop, “kimsəsizlərə və ədalət naminə göstərdiyi xidmətlərə görə” Kraliça tərəfindən “Cəngavər” tituluna layiq görülmüş Ceyms Consla dostluq edirəm. Dostluğumuz məişət dostluğu deyil. Bunun hər şeydən öncə etiqadi bir təməli var. Uzun illərdir məktublaşırıq və yazdıqlarımızda Müjdə və OXU mətnlərindəki uyğunluqlar haqqında qənaətlərimizi bölüşürük. Yazışmalarımızın ayrıntılarını Ceyms İngiltərənin ən fərqli auditoriyalarında – universitet çevrəsində məruzəsi, kilsədə çıxışları, radio söhbətləri və s.-də təbliğ edir. Son məktublarının birində Fələstinə və İsrailə şahzadə Çarlzın ziyarəti zamanı onu müşayiətindən və Qüds məscidində (məhz məsciddə!) məndən ötrü dua etdiyindən yazıb. Bundan gözəl nə ola bilər? Məktublarımızı ayrıca kitab kimi nəşr etdirəcəyəm. Sonra da öz dilimizə və başqa dillərə tərcümə edilər. Nədənsə əminliyim var ki, Tanrısevər oxucular özlərini bu yazışmaların içində görəcək, fikirlərini, duyğularını bir-birimizə ünvanladığımız sözlərin arasında gəzdirərək bizimlə həvəslə yoldaşlıq edəcəklər.
– Namaz qılmayan müsəlman hesab edilirmi?
– OXU-da elə bir ayə yoxdur ki, təlqin etsin namazı olmayan müsəlman deyil. Çünki gözəl ilahi qarşılığa layiq bilinmək üçün təkcə iman yetərli sayılmır. Tanrı rizasını qazanmanın birmənalı və birifadəli düsturu var: iman üstəgəl saleh (yəni sülh-barış yaradan, islah edən) əməl. Təsəvvür edin, bu düstura uyğun gələn xristianlarla yəhudilər də iman gətirmədikləri OXU-da belə cənnətlə müjdələnirlər: “O kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar… xristianlar, sabiilər… Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə – ödüncləri Rəblərinin qatında” (2:62). İman-saleh əməl düsturundan kənardakılar sadəcə ayrıntılardır. Hər birinin öz mənası və yeri olan ayrıntılar.
– Meracın fəlsəfi mahiyyəti nədir?
– Bu barədə böyük bir yazım var. Təkrar çapa verərəm, oxucularınız məsələnin geniş təhlili ilə tanış olarlar inşAllah.
– Nəriman bəy, Tanrı bizləri OXU-dan iraq etməsin. Sizə hər alimə nəsib olmayan bir mömin səadəti arzu edirəm.
– Təşəkkürlər. Tanrı amanında olun.
Söhbətləşdi: Oqtay Qorçu
araz.az xəbər portalı.