yXwJ0Cv2001-ci ilin avqustun 1-dən Azərbaycanda latın qrafikalı əlifba tətbiq olunmağa başlanıb.

Buna qədər Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə olunub.

Qeyd edək ki, 1920-1991-ci illərdə SSRİ adlanan dövlətin tərkibində yaşayan Azərbaycan xalqına qarşı şovinist siyasət həyata keçirilib. Bu siyasətin təməlində Azərbaycan türklərinin türk-islam dünyasından ayrı salınması dururdu. Stalin repressiyasına uyğun olaraq Azərbaycan türklərinin adı dəyişdirildi, pasportlarda “milliyyət” qrafasına “azərbaycanlı” yazıldı. Latın qrafikalı Azərbaycan əlifbası slavyan xalqlarının istifadə etdiyi kiril qrafikalı əlifba ilə əvəzləndi. 1991-ci ildə müstəqil olan Azərbaycan zorla unutdurulan milli tarixi köklərinə qayıtdı. Türk xalqları ilə mədəni əlaqələr genişləndi, soy-kökə qayıdış prosesi sürətləndi. 2000-ci illərdə ortaq türkçənin yaradılması ideyası müzakirə olunurdu. Türk cümhuriyyətləri arasında siyasi əlaqələr sıxlaşsa da, ortaq qurumlar yaradılsa da ortaq ünsiyyət vasitəsi ideyası reallaşmadı.

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe. info-ya açıqlamasında deyib ki, türk xalqları Sovet imperiyasının yaratdığı mənəvi buxovlardan azad olmalıdır:

“Bu Güney Azərbaycan üçün pis örnəkdir”

“Birincisi, biz özümüzdən başlamalıyıq, çünki dilimizin adı min illər boyu Türk dili olduğu halda, son iki əsrdə müstəmləkəçiliyin nəticəsi olaraq, öz adıyla adlandırmırıq. Guya, təskinlik olaraq deyirik: nə fərqi var Azərbaycan dili də Türk dili deməkdır. Deməli, biz bu gün dilimizin adına sahib çıxmamaqla böyük Türk dövlətlərimizin varisliyini də, xeyli dərəcədə qəbul etmirik. Üstəlik, müstəmləkəçilik dövründə bizlərə zorla qəbul etdirilmiş qanun və fərmanlara sahib durmaqla, özümüz özümüzü aşağılamış oluruq. Bu isə, nəinki digər Türk xalqlarına, xüsusilə də Güney Azərbaycan türklərinə çox pis örnəkdir. Quzey Azərbaycan və Güney Azərbaycan türklərini yenidən bir bütünə çevirmək əvəzinə, bir çox hallarda, özü də çox önəmli məsələlərdə ciddi yanlışlıqlar edirik. Bu zaman da, əsas bəhanə odur ki, Rusiya Federasiyasının əleyhinə addım atmaq olmaz, İranla qonşuluq siyasəti lazımdır və s. Bu o deməkdir ki, biz Azərbaycan türkləri hər kəsi razı salmaq naminə, öz milli maraqlarımızın üstündən xətt çəkməliyik”.

“Həvəskar bir Anadolu türkcəsi ilə daha çox üz-üzəyik”

Fəlsəfə doktorunun fikrincə, qeyd olunanların fonunda ortaq türk dilinin formalaşması çox da asan deyil: “Türkiyə son illərdə daha müstəqil siyasət yürütməyə çalışır. Ancaq onu da etiraf edək ki, Türkiyə siyasətini daha çox ümmətçilik üzərində qurur, nəinki türkçülük. Bu isə ortaq Türk dilinin formalaşmasını gecikdirən əsas məsələdir. Əgər Türkiyə hökuməti ərəb dilinə və imamativ məktəblərə göstərdiyi qayğının ondan birini ortaq Türk dilinə göstərsəydi indi vəziyyət tamamilə fərqli olardı.

Ona görə də, ortaq Türk dili əvəzinə Türkiyə telekanallarının sayəsində həvəskar bir Anadolu türkcəsi ilə daha çox üz-üzəyik. Əlbəttə, bunun da ortaq Türk dilinin formalaşmasında müəyyən rolu vardır. Ancaq bu bizim və bütün Türk xalqlarının istədiyi ortaq Türk dili deyil.

Azərbaycana gəlincə, son illərdə ortaq Türk dilini inkişaf etdirmək əvəzinə, rusdilli məktəbləri və bölmələri artırmaqla məşğuldur. Üstəlik, bunun fonunda Türkiyə türkcəsini müxtəlif formalarda tərcümə edirlər. Bununla dəmək istəyirlər ki, Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi iki ayrı dildir. Belə olduğu təqdirdə, ortaq Türk dilinin formalaşmasından çox, onun baş tutmaması çox nəzərə çarpır. Şübhəsiz, bütün bunları həyata keçirənlər ruspərəstlər, ya da “5-ci kolon”un nümayəndələridir. Onlar əllərindən gələni ediblər və etməyə də davam edirlər ki, ortaq Türk dili ideyası baş tutmasın”.

“Orta Asiyada da 5-ci kolon güclüdür”

F.Ələkbərlinin sözlərinə görə, Orta Asiyanın türk dövlətlərində də “5-ci kolon”, ya da rusyanlılar güclüdürlər, ortaq Türk dilinin formalaşması yolunda ciddi əngəllər var:

“Vaxtilə Türküstan adlanıb, dili də Türk dili olan, ancaq bu gün qazax, qırğız, özbək, türkmən olub dilləri də buna uyğun adlanan türk xalqlarının da müstəmləkəçilik ruhundan tamamilə qurtulması lazımdır. Bu yöndə Qazaxıstan və Özbəkistan daha israrlıdır, nəinki Qırğızıstan və Türkmənistan. Mənə elə gəlir ki, Orta Asiyanın türk dövlətləri ilə münasibətləri daha da inkişaf etdirmək üçün, ortaq Türk dili və əlifbası məsələsi bir silah kimi istifadə edilə bilər. Yəni Rusiyaya, Çinə, Qərbə qarşı ən güclü ideya məhz ortaq Türk dili və əlifbasını ortaya qoymaqdır. Bu yöndə ortaq Türk telekanallarının olması da son dərəcədə vacibdir. Eyni zamanda bütün Türk dövlətlərinin telekanalları Türk dünyasında problemsiz yayınlamalıdır”.

Tanınmış alim hesab edir ki, vahid Türk dili televiziya kanalı yaradılmalı, birinci sinifdən başlayaraq ortaq Türk dili öyrənilməlidir:

“Türkiyə ümmətçilikdən türkçülüyə üstün verməklə, Azərbaycan və Orta Asiya Türk dövlətləri Rusiyanın təsirindən uzaqlaşmaqla həm ortaq Türk dili ideyası gerçəkləşdirə bilər. Bununla həm də, Türk İttifaqının yaranması sürətlənəcək.

Son aylarda bu yaxınlaşma daha çox hiss olunur. Ümid edirəm ki, yaxın zamanlarda ortaq Türk dili kimi, Türk ittifaqı da ortaya çıxmış olacaq”.

 

 

 

 

araz.az

araz.az xəbər portalı.