richard mur 8Ərgün Dilər
“Takvim”, Türkiyə, 31 iyul 2020-ci il

Ötən gün gecə dostlar o yazı ilə əlaqədar olan bölümü mənimlə elə hey paylaşdılar. Bu qədər diqqətlə izlənməkdən şikayət edən deyiləm. Əslində, xoşuma gəldi. 18 dekabr 2019-cu ildə yazmışdım. Üstündən təqribən 2 il keçib. Yadıma saldılar…
17-25 dekabr (2013-cü il – tərc.) əməliyyatları, “Gəzi parkı” hadisələri (28 may-30 avqust 2013-cü il – tərc.), “MİT TİR-ları” hadisəsi (01 və 19 yanvar 2014-cü il – tərc.) və 15 iyul (2016-cı il – tərc.) kimi qırılmalar yaşadıq. Zirvədə gedən savaş kimyamızı pozur, sinir sistemimizi iflic edirdi. 15 iyul isə kasanı daşıran son damla oldu. Türkiyə özünü müdafiə edir, bəlanı uzaqlaşdırırdı. Qiyamdan sonra Türkiyəyə ilk gələn ingilis nazir idi. Yardıma ilk gələn Alan Dunkan idi. İndi Mİ6-nın zirvəsində olan İngiltərənin Türkiyədəki sabiq səfiri Riçard Mur isə ilk müsahibə verən şəxs idi.
Bəli, təqribən, 2 il öncə Ankarada vəzifədə olan və özünü sosial media vasitəsilə çox sevdirən İngiltərənin Ankaradakı səfiri Riçard Murun Mİ6-nın rəhbəri olduğunu yazmışdım. Ankara günləri bitdikdən sonra İngiltərə kəşfiyyatının patronu oldu. Burada təəccüblənəcək bir şey yoxdur. Sadəcə mən öncədən bu köşəmdə yazmışdım. Mur burada işlədiyi, hətta Türkiyəyə ilk gəldiyi 1990-cı illərdən etibarən Anadolunu yaxşı tanıyan bir şəxsdir. Başqa önəmli şəxslər kimi, sabiq səfir, hazırda kəşfiyyat rəhbəri olan Murun bir çox açıqlamasını yaxından izlədim. Ağıllı insanlar “Sözün tamamı dəliyə deyilər” misalında olduğu kimi danışırlar. Kritik vəzifələrdə olan şəxslər kritik açıqlamalar verirlər. Önəmli olan onu görmək və qeyd etməkdir.
“Beşiktaş” klubunun tərəfdarı olması, Qordon Milnə və 3 ingilis futbolçusuna görə “qara-ağ”a könül verməsi, əlbəttə, çox önəmli və ağıllı addımlar idi. Lakin mənim heç unutmadığım və qeydlərimin arasında əsla və qəti şəkildə silinməyəcək olan yer başqa idi.
İngiltərə böyük ənənələrə sahibdir. Mur Ankaradakı vəzifəsinin müddəti bitərkən üzüntüsünü dilə gətirmiş və belə demişdi: “Xarici İşlər Nazirliyinin ənənəsidir. Vəzifəsi başa çatan səfirin rəsmi divardan asılır. Mən Türkiyədə işləyən 80-ci səfirəm. Uilyam Harborn öz etimadnaməsini 1583-cü ildə təqdim etmişdi…”
Murla bağlı bir çox nöqtə ağlımda qalsa da, 15 iyul tamamilə başqa idi. 15 iyulla birlikdə Türkiyə titrəyir, uçurumun kənarınadək gəlir və geri dönürdü. Amma o günlərdə hər kəsin bir dedi-qodu ardınca sürükləndiyini görürdük. Dərinlərdə nə var idi? Nələr olurdu? 15 iyulu kim, nə üçün, nə məqsədlə etmişdi? Uğur qazana bilmədikdən sonra pərdə arxasında nələr yaşanırdı? Bilmirdik. O gün biz bu sualların cavabını axtararkən, Riçard Mur çevriliş cəhdindən təqribən 10 gün sonra bir qəzetə danışmışdı. Bax, elə həmin danışığın sətir aralarında hər şeyi açıqlamışdı. Ünvanı göstərən, “dərini yandıran” top atmışdı.
Gəlin, səfirin dediyi sözləri xatırlayaq və sondakı cümləyə diqqət edək. Mur deyirdi: “Xeyr, biz qəti şəkildə bu çevrilişin içində yoxuq. Yeri gəlmişkən, ABŞ da yoxdur (ABŞ adından danışması mənə o gün də qəribə gəlmişdi, bu gün də qəribə gəlir). Bunlar çox gülüncdür. Çevriliş cəhdindən sonra verilən bəzi verilişlərin həm informasiyaya dayanmadığını, həm də xoş niyyətli olmadığını söyləməliyəm. Bu, bəzi Qərb mətbuatı baxımından da belədir, lakin qorxuram ki, bəzi türk mətbuatı baxımından da belə olsun. Əfqanıstandakı bəzi amerikan generalları barədə yazılanlar sadəcə gülünc deyil, eyni zamanda zərərvericidir”.
Diqqət edirsinizsə, Mur “Xarici bir güc yoxdur” demir, “Biz və ABŞ yoxuq” deyir…
Və davam edirdi: “Hüquqi proses irəlilədikcə daha aydın görüb, daha yaxşı anlayacağıq. Hökumətin bu çevriliş cəhdində Gülənçilərin yer alması ilə bağlı verdiyi açıqlamaları qəbul etməkdə çətinlik çəkmirəm. Bu ana qədər ortaya çıxan dəlillər, saxlanılan bəzi hərbçilərin verdiyi ifadələr, Baş Qərargah rəisinin Fətullah Gülənlə danışdırılmasının istənməsi, detallı şəkildə baxıldığında, mənə xeyli inandırıcı bir durum kimi görünür. Təbii ki, gələcək həftələrdə ortaya daha çox dəlil çıxacaqdır. O üzdən, indidən mühakimə yürütmək istəmirəm…”
Mur, başqa açıqlamalarında olduğu kimi, burada da “Gülənçiləri terror təşkilatı olaraq görmürəm, ancaq çevrilişin arxasında onlar vardır” deyirdi. Daha doğrusu, demək istəyirdi.
Ardınca da bunları əlavə edirdi: “Təbii ki, Türkiyədən gələcək hər hansı bir təşəbbüsü ciddi şəkildə diqqətə alacağıq. Hələ ki, bir şey gəlməyib, amma gələcəyindən əminəm. Bu mövzuda açıq işarətlər vardır. Baş Əmniyyət Müdürlüyünə getdiyim zaman hörmətli Baş direktor Londondakı Gülənçilərin durumunu diqqətimə çatdırdı. Mən də ona bu məsələyə ciddi şəkildə baxacağımızı çatdırdım. Əgər Türkiyə Gülən hərəkatı ilə bağlı qurumların qeyri-qanuni fəalliyətlər göstərmələrilə, demokratik qurumları yıxmağa təşəbbüs etmələrilə əlaqədar bizimlə birlikdə çalışarsa, o zaman təbii ki, tərəddüdsüz əməkdaşlıq edərik”.
Yəqin ki, öncəki paraqrafda deyilən “Çevrilişin arxasında Gülənçilər var” sözlərilə burada altı cızılanlar arasındakı fərqi görürsünüz. Çevrilişin arxasında Gülənçilər var deyilirsə, onların “demokratik qurumları yıxmağa təşəbbüs etmələrilə əlaqədar” dəlillər axtarılmaz.
Yuxarıda da altını cızdığım kimi, Riçard Mur çox zəki bir səfir idi. Doğrusu, heç kimi haqq etmədiyi halda “Ser”lərin oturduğu Mİ6 patronluğuna oturtmazlar.
İndi isə 15 iyuldan sonra Murun söylədiyi sözlər arasındakı ən vacib məqama gələk. Doğrusu, əsas məsələ elə budur. Sonda söylədiyi bir cümlə işarət etdiyi mərkəzi göstərməsi baxımından son dərəcə önəmli idi. Mur fikrini bitirərkən bir səhifəlik müsahibəni yalnız 3 kəlmə üçün verdiyini bəlli edirdi. Bunu, bəlkə də, yalnız doğru seçilmiş eynəklə oxuyan görürdü. Mur finalda müsahibəsini bu cümlələrlə başa vururdu: “AB üzrə nazirimiz Alan Dunkan çevriliş təşəbbüsündən cəmi bir neçə gün sonra, 20-21 iyul tarixlərində Ankarada idi. Nə üçün gəldi? Nə üçün mən gəlməsini tövsiyyə etdim? Çünki yalnız açıqlamalar verməklə kifayətlənməyib, simvolik bir hərəkət nümayiş etdirməyin çox önəmli olduğunu düşünürdük. Nazir Dunkan təyyarədən enər-enməz Məclisə getdi və “Baxın, mən bombalanan Məclisə gəldim. Mən burdayam” dedi. Xatırlatmaq istəyirəm ki, İngiltərə parlamenti ən son Hitler tərəfindən bombalanmışdı…”
Burada iki önəmli mesaj vardır. Birincisi, Alan Dunkanla bağlıdır. Bu önəmli şəxs AB və ABŞ-la münasibətlərə görə məsuliyyət daşıyan dövlət naziri idi. Mur çağırdı və ilk gələn o oldu. Bu, iki ölkənin bir-birinə verdiyi dəstəyi göstərməsi baxımından dəyərli idi.
Ancaq əsas məsələ başqa idi. Mur “Xatırlatmaq istəyirəm ki, İngiltərə parlamenti ən son Hitler tərəfindən bombalanmışdı…” sözləri ilə gedən savaşın tərifini, tərəflərini və şiddətini anladırdı. O, İngiltərə və Hitlerdən misal çəkərək, “15 iyulun arxasında Almaniya vardır” deyirdi. “Türkiyəni uçurumun kənarına gətirən güc Berlindir” deyirdi. “Bu böyük təhlükəni sizə yaşadan germanların hədəfləridir” deyirdi. Hitlerdən misal gətirərək, 15 iyulun içində özlərinin də, ABŞ-ın da olmadığını açıqlayırdı.
Mən bütün bu sətirləri qeyd etmişdim və kənara qoymuşdum. Onları çox önəmli hesab etmişdim. Həmin günlər üçün qeyri-adi bir açıqlama idi. Lakin çox adam Murun anlatmaq istədiyini anlamırdı. Almaniya bu açıqlamaya aydın münasibət bildirmədi.  Cavab vermədi. Baxdım, ancaq tapa bilmədim. Ancaq bu sətirlər ortadadır.
İndi 15 iyuldan, Riçard Murdan bu günə gəlsək, görərik ki, Aralıq dənizi və Liviyada Fransa ilə qarşı-qarşıya gəlməyimiz, Almaniyanın Liviyaya  freqat göndərməsi, üstüörtülü embarqo qoymağa başlaması, sərhədlərini, demək olar ki, qapatması gedən mübarizənin miqyasını aydın göstərməkdədir.
Türkiyə çox önəmli ölkədir. Avrasiyadan Cəbəllütariqədək uzanan “təyyarədaşıyan gəmi”dir. Hər kəs bu gəmidə olmaq istəyir. Önəmli olan kapitanın, yəni Ankaranın öz yanında kimə yer verəcəyidir.
“Son Ceyms Bond”un sözlərini xatırlatmaq istədim. İstədim ki, hadisələrə daha geniş miqyasda baxasınız. Bayramınız mübarək olsun!

araz.az

araz.az xəbər portalı.