877Sumqayıt xəstəxanasında işləyən rusiyalı həkim koronavirusdan nə ilə xilas olmaq və ağciyərləri süni havalandırma aparatından sonra xəstələrin sağ qalmasından danışıb

Aleksandra Zuyeva. Bu pandemiyanı gözləyirdik, çünki müəyyən qanunayğunluq var – onlar təxminən hər 80 ildən bir təkrarlanır.

Bunu Sputnik Azərbaycan-a Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım İnstitutunun baş elmi işçisi İlqar Əliyev deyib.

Əliyev Azərbaycana Heydər Əliyev Fondunun dəvəti ilə COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərə kömək üçün gələn 22 rusiyalı həkim qrupunun tərkibində təşrif buyurub. Hazırda Sumqayıt şəhər 1 saylı xəstəxanada işləyir.

Yeri gəlmişkən, Sumqayıt təsadüfi seçilməyib. Əliyevin sözlərinə görə, rusiyalı həkimləri oraya ən böyük problemləri həll etməyə göndərdilər. Həmin problemləri hətta onlardan öncə Sumqayıta gələn türkiyəli həkimlər də çözə bilməmişdilər.

Bu xəstəxanada qarşılaşdıqları əsas problem isə reanimasiya olub.

“Terapevtik bölmələr mövcud durumun öhdəsindən gəlirdi, amma reanimasiyada vəziyyət kifayət qədər çətin idi. Və hələ də o cürdür”, – həkim qeyd edib.

Bunun səbəbini Sputnik Azərbaycan-ın həmsöhbəti insan faktorunda görür: tibbi heyət çatışmır, olanın da kifayət qədər təhsili yoxdur. Bunu isə, Əliyevin sözlərinə görə, onunla izah etmək olar ki, orta tibbi personal heç vaxt reanimasiyada işləmədiyindən bu işin xüsusiyyətini bilmir. Üstəlik, Sumqayıt xəstəxanasında əsasən anestezioloqlar işləyirlər.

“Bilirsiniz, əgər xəstələri uzunmüddətli ağciyərlərin süni havalandırma (ASH) aparatına  qoşsalar, sonradan da havalandırmanı düzgün aparmasalar, düzgün müalicə etməsələr, onlar sağ qalmayacaqlar”, – həkim deyib.

Belə də alınır: yerli həkimlər təcili kömək göstərir, xəstəni intibasiya edir, onu ASH cihazına qoşurlar, amma xəstənin özünün aparatsız nəfəs ala biləcəyi səviyyəyə çatdıra bilmirlər. Çünki, Əliyevin sözlərinə, bu, artıq başqa qəbildən olan bilikləri tələb edir. 

Məsələn, onun sözlərinə görə, əlamət və analizlərlə adamın xəstəliyinin dərəcəsini təyin etmək, sonra isə xəstəliyin mənfi dinamikasını hesablamaq olar. 

“Bizimlə bir qrupda gələn terapevtlər dərhal məhz bununla məşğul oldular: onlar xəstələri müayinə edir, risk qrupuna aid olanları təyin edərək reanimasiyaya vəziyyətləri kəskinləşməyə macal tapmamış köçürürdülər”, – İ.Əliyev deyib. 

Həkim, eyni zamanda, koronavirusa yoluxub ASH cihazına qoşulan xəstələrin 80%-nin sağ qalmadığı haqda mifi də rədd edib: “İki ay yarımdan çox kovid mərkəzində işlədim. Reanimasiyadan xəstələrin 90%-i keçdi. Onlardan yarısı ASH cihazına qoşulu idi. Ölənlər isə cəmi 30% təşkil elədi”. 

İ.Əliyev rusiyalı həkimlərin Sumqayıt xəstəxanasında qarşılaşdıqları daha bir ciddi problemə toxunub: sən demə, tibbi heyət iki həftə müddətində “qırmızı zona”da sutkada 8 saat işləyirmiş.

“Bu, reanimasiya üçün həddən artıq çoxdur. Düzgün anlamanız üçün – “qırmızı zona”da 4 saat işləməyin özü çoxdur. Səkkiz saat – insanın imkanları xaricindədir”, – həkim deyib.

Ancaq iş qrafikini başqa cür qurmaq alınmayıb, çünki həkim çatmırmış. Müvafiq olaraq, Əliyevin sözlərinə görə, reanimasiyada müalicənin nəticələri elə də ürəkaçan olmayıb.

Rusiyalı həkimlərin gəlişi ilə xəstəxanada çox şey dəyişib: bu müddət ərzində sahman yaratmaq, nəyin harada yerləşəcəyini, kimin nə edəcəyini izah etmək, eləcə də tibbi heyətə bu işləri yerinə yetirməyi öyrətmək mümkün olub.

COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb – TƏBİB>>

Sumqayıt xəstəxanasında avadanlıqla bağlı da problem olub. Bu məsələnin həlli üçün rusiyalı mütəxəssislər TƏBİB-lə əlaqə saxlayıblar.

“Onların vasitəsilə lazımi avadanlığı sifariş verir və qısa zaman ərzində əldə edirdik”, – Sputnik Azərbaycan-ın həmsöhbəti deyib.

Ümumilikdə COVID-19-la mübarizə barədə danışarkən İlqar Əliyev bildirib ki, pandemiyanı dayandıra biləcək yeganə vasitə peyvənddir. Bununla yanaşı, həkim əmindir ki, yeni virus bizimlə daimi qalacaq və öz-özünə yox olmayacaq.

Dərmanlara gəlincə, onun sözlərinə görə, virus əleyhinə preparatlardan heç biri COVID-19-u müalicə etmək üçün yetərli deyil.

“Hər birimizin immun sistemimiz fərqlidir və virusa reaksiyamız da buna müvafiqdir. Kiminsə immun sistemi özü virusu dəf edir və onlar üçün hər şey tez və əla bitir. Bəzilərində isə ciddi problemlər yaranır”, – həkim deyib və əlavə edib ki, sonunculara daha çox şəkərli diabeti, artıq çəkisi olanlar aiddir ki, onların orqanizmi yoluxma ilə bacara bilmir. 

Bütün bunları nəzərə alaraq, İlqar Əliyev qeyd edir ki, hər bir şəxs öz sağlamlığına diqqətlə yanaşmalıdır: əlləri tez-tez yumaq, burnu təmizləmək, boğazı yaxalamaq gərəkdir. “Özündə koronavirusun hansısa əlamətini sezdikdə isə bunun soyuqdəymə olduğunu düşünərək  özünümüalicə ilə məşğul olmaq yaramaz, dərhal həkimə müraciət etmək lazımdır”, – mütəxəssis məsləhət görüb.

Əliyev həmçinin xatırladıb ki, COVID-19 insanların dünyagörüşünü dəyişə bilsə də, dünya iqtisadiyyatına ciddi təsir etsə də, bəşəriyyətin başına oyun açan ilk pandemiya deyil.

“Biz bu pandemiyanı gözləyirdik, çünki müvafiq qanunauyğunluq var. Təxminən hər 80 ildən bir pandemiyalar təkrarlanır. 1918-ci ildə “ispan qripi” vardı, bu əsrdə də COVID-19 gözlənilən idi”, – deyən həkim insanları sakit olmağa çağırıb.

araz.az

araz.az xəbər portalı.