resize 3jpg 1596454763Mətbuata heç vaxt müsahibə verməyən, lakin ssenarisini yazdığı “Deli Yürek”, “Kurtlar Vadisi” “Eşkiye dünyaya hükümdar olmaz” kimi serialları ilə könüllərdə taxt quran Raci Şaşmaz ilk dəfə qardaşı Necati Şaşmaz ilə küsülü olmasının səbəblərini açıqlayıb.

 Publika.az  ssenaristin Türkiyə mətbuatına müsahibəsini təqdim edir:

– Demək olar ki, görünməz adam təsiri bağışlayırsınız, insanlardan həmişə qaçırsınız. Niyə heç vaxt müsahibə vermirsiniz?

– 800-dən çox seriyanı gözlər önündə yaza bilməzsiniz. Hər yazıçı kimi təcrid olunmuş bir həyatım var. Açığı, intellektual istehsalın başqa cür həyata keçirilə biləcəyini düşünmürəm. Həyatımın 18 saatı masada keçir. Niyə müsahibə verməməyimə gəlincə, öz hiss və düşüncələrini yazaraq ifadə edən bir adamam. Danışmaq mənlik deyil.

– Hollandiyanın kiçik bir qəsəbəsində yaşayırdım. Cümə axşamı Avropadakı milyonlarla insan, o cümlədən mənim üçün “Kurtlar Vadisi Pusu” günü idi. Düşünürəm ki, istehsal ölkəyə milyonlarla sevgini aşıladı. Buna necə nail oldunuz?

– Vətənimi və millətimi sevən bir insanam. Türkiyənin güclü və tam müstəqil ola bilməsi yolunda deyə biləcəyim hər şeyi söylədim. İzləyənlər əvvəlcə bu səmimiyyəti duydu və qəbul etdi. Odur ki, “Kurtlar Vadisi” cəmiyyətin həqiqət carçısına çevrildi.

– İddia olunurdu ki, siyasi olayları “Kurtlar Vadisi” əvvəlcədən bilirdi. Həqiqətən müxtəlif dövlət qurumlarından məlumat alırdınız?

– Əlbəttə ki, yox. Biri “Kurtlar Vadisini mən yazdırıram” adlı kitab buraxmışdı, üstəlik, xəcalət çəkmədən kitabı yollayıb televiziyada reklam etməyimizi xahiş etmişdi.

– Bir çox insan bilmir, amma siz 15 iyul qazisisiniz. Niyə bunu dilə gətirmirsiniz?

– Əslində söyləmişəm. Danışacağım yer məhkəmə salonu idi, getdim və vətəndaşlıq borcumu yerinə yetirdim.

– Həssas insansınız və bununla gündəmə gəlmək istəmirsiniz. Ancaq düşünürəm ki, baş verənləri sizin dilinizdən bilmək çox önəmlidir.

– Qiyamət kimi bir gecə idi. Allaha şükür xalqımız qalib gəldi. Əks təqdirdə bu gün ölkədən və ya gələcəkdən danışa bilmərdik. Rəhmətlik Erol Olçok mənim yaxın dostum idi. Dərdləşdiyim və fikir mübadiləsi apardığım təmiz, cəsur biri idi. Onun və oğlunun şəhid olduğunu biləndə körpüyə getdim. Çengelköy alovlar içində idi. Həm Çengelköy Polis Mərkəzindəki Alaattin komisarın, həm də yoldaşlarının müqaviməti və məhəllə muxtarı Can Cumurcunun səyləri ilə xainlərin cəhdləri Çengelköydə uğursuz oldu.

Şirkətin o vaxtkı prodüseri Mehmet Baş ilə küçələrdə gəzərkən zibil konteynerinin arxasında gizlənən xainlər silahları bizə tərəf tuşladı və əsir götürüldülər. Polis bölməsinə apardılar. Gördüm ki, xainlər ələ keçirdikləri vətəndaşları əlləri qandallı halda sipər kimi yerə düzüb. İnsanların onlara tərəf getməsinin qarşısını almaq üçün… Yerə uzananların çoxu Çengelköy və ətrafındakı restoran və kafelərdə işləyən gənclər idi.

Yerə uzananda gənclər məni tanıdı. Kimsə hətta pıçıldadı və dedi: Səni tanısalar, öldürərlər. Cavab verdim ki, bu gecə ölməyib bəs nə vaxt öləcəyik ki? Hər halda, Allah şəhidlik nəsib etmədi. Səhər 10.00-11.00 radələrində evə yola düşdükdə Mehmetdən qorxub-qorxmadığını soruşdum. “Çox qorxdum, qardaş. Qaçsaydım, bu vicdan əzabı ilə necə yaşayardım?” dedi. Ölməkdən deyil, qaçmış insan kimi yaşamaqdan qorxuruq. Belə Mehmetlerimiz olduqdan sonra heç bir xain bu vətəni əlinə ala bilməz.

– Bəs həyatda xəyanətlə üzləşmisiniz?

– Bəli, mən də xəyanətə uğradım, aldatıldım. Bəlkə də sadəcə mənə zərər versəydilər, bu vəziyyəti bağışlaya bilərdim. Ancaq mənimlə birlikdə yüzlərlə insana zərər verdilər. Onları heç vaxt bağışlamayacağam.

Çox məlumat verə bilmərəm, çünki “Səlimoğlu inşaat” şirkətinin istintaqı davam edir. Bu şəxslər əvvəlcə ailəmlə aramıza girdi, iki qardaşı bir-birinə küsdürdü. Sonra məni qurduğum şirkətdən və işimdən ayırdılar. Yazmaqla qazandığım 15 illik təcrübəmi investisiya adı ilə məndən oğurladılar. Bu yaxınlarda 25 nəfər tutuldu, 7 nəfər həbs olundu. Məhkəmənin nə ilə nəticələcəyini yaşayıb görəcəyik.

– Tikinti biznesindən bəhs edirsiniz? Tikinti işinə bilərəkdən və istəyərək daxil olmadınızmı?

– İşim, nüfuzum və pulum var idi. İstədiyim kanalda istədiyim teleserialları və ya film layihələrini həyata keçirə bildiyim halda tikinti biznesinə başlayım ki? Sadəcə əlimdə bir qədər pulum var idi. Bu pulu bankda saxlamaq və ya yerə yatırım etmək istəyəndə etibar etdiyim biri tərəfindən aldadıldım. İşimi-gücümü, varımı-yoxumu itirdim, 100 milyon lirəyə qədər borca sürükləndim.

– Heç şübhə etmədiniz?

– Şirkətdəkilər imzamı təqlid etmiş, saxta çeklər və veksellər vermişdilər. Mənə səhv sənədlər göstərilirdi.

– Həqiqət necə ortaya çıxdı?

– Təhlükəsizlik xidmətində Kiber Cinayət Şöbəsi yaradılıb, dünya səviyyəsində iş görürlər. Yox edilən, silinmiş bütün məlumatları geri qaytarmağı bacardılar.

– Ancaq özünüzə dəymiş zərəri dilə gətirirsiniz. Bəs bu fırıldağın qurbanı olmuş vətəndaşlar haqqında nə deyə bilərsiniz?

– Bu məsələ mənim üçün yaradır. Buradakı torpaqlar yığılarkən şirkətlə heç bir əlaqəm yox idi. Məndən əvvəlki dövrdür. Mən başa düşürəm ki, bir çox saf və təmiz insanları daşınmaz əmlakları kommersiya baxımından real olmayan kənar qiymətlərlə verməyə inandırıblar. Bu insanların şikayətlərini sonradan öyrəndim. Hadisəni üzə çıxartmamaq üçün insanları yüzlərlə yazılı ərizə ilə məhkəmələrə yönəldib, məni borca və çıxmaza saldılar.

– Dediklərinizə görə ətrafınızdakıların hamısı günahkardır. Bəs özünüzdə heç bir günah görmürsünüz?

– Günahkar olub-olmadığımı məhkəmə müəyyən edəcək. Yenə boynum qıldan incədir. İnanclı insanam, taleyimizdə yazılanları yaşayacağıq. Ancaq boğazımdan bir dənə də olsun haram tikə keçməyib. Bu insanlar nəyim vardısa, hamısını silib süpürdü. Hələ də çox ciddi borclarım var. Fırıldaqları başa düşəndə çox gec idi… Əlbətdə səhvim var. İnsanlara güvənmək mənim ən böyük səhvimdir… Bilmədiyim işə başlamaq da səhvdir.

Artıq gizlədəcək bir şeyim yoxdur. Şəxsən mənim 100 milyon lirəyə yaxın pulum və əmlakım getdi, ciddi borc mənim üzərimdə qaldı. Əlbəttə ki, zərər çəkmiş insanların kompensasiya edilə bilməyən maddi və mənəvi itkiləri var…

– Necati bəy bir müsahibəsində deyib ki, ən böyük arzusu sizi bayram süfrəsində qarşılamaq və barışmaqdır. Bu, o bayramdır?

– O bayram önümüzdəki bayramdır inaşallah.

– Hələ də küsülüsünüz?

– Aramızı vuranların bəziləri həbsxanadadır, bəziləri azadlıqda. Azadlıqda olanlar da həbs olunduqdan sonra küsülü qalmağımız üçün heç bir səbəb qalmayacaq.

– Neçə ildir Necati Şaşmazla görüşmürsünüz?

– 7 il. (kədərlənir)

– Əvvəllər çox yaxın idiniz?

– İki çox yaxın qardaş idik. Məndən 2 yaş böyükdür. Qardaşdan daha çox iki yaxın dost kimi idik. 10 illik “Kurtlar Vadisi” serialının çəkilişləri zamanı heç bir mübahisəmiz olmayıb. Mən masada, o da çəkiliş meydançasında mübarizə apardı. Amma demək ki, qismətimizdə ayrılıq da var imiş.

– Ailəniz sizi barışdırmaq üçün heç bir çaba göstərməyib?

– Atam, anam, qardaşım da çox narahatdır. Lakin onların heç bir müdaxiləsi yoxdur. Dua etdilər, soyuqluğu aradan qaldırmaq üçün əllərindən gələni etdilər. Bunun üçün təkcə onlar deyil, bütün sevənlərimiz mübarizə apardılar. Özümdən çox, qardaşımın başına gələnlərə görə təəssüflənirəm, adamın yuvasını dağıtdılar. İki günahsız övladı var. Nə günahları var idi?

– Serialın yayımı dayandırıldı, şirkətləriniz bağlandı. Bu vəziyyətdə gələcəyə necə baxırsınız?

– Birincisi, ölkəm dağılmayıb, ikincisi, ailəm yanımdadır, üçüncüsü, ömrüm bitməyib, işləyib yenə qazanaram. Dördüncüsü, yaxşı insanlara, vicdanlı insanlara olan etibarım bitməyib. Sual verə bilərsiniz ki, hələ də insanlara etibar edirsiniz? Bəli, güvənirəm. Hər şeyə baxmayaraq, insanların təmiz və dürüst olduğuna inanıram. Ədalətə inamım sonsuzdur. İnanıram ki, ən doğru qərarlar verəcəklər. Bundan əlavə vəkilim Rojbin Karakoç Çelik bu müddətdə həmişə yanımda olub. Mənimlə böhtanlara məruz qalsa da, öz işini ürəkdən və canla yerinə yetirdi. Çox sağ olsun.

– Mənim kimi izləyicilərinizin çoxu da maraqlanır. Yeni serial və ya film layihələriniz olacaqmı?

– Böyük bir layihə üzərində işləyirəm. Hər kəs üçün böyük bir sürpriz olacaq. Ümid edirəm ki, çox səs-küy yaradan və yenidən bəyəniləcək bir layihə olacaq.

 

 

 

 

 

 

araz.az

araz.az xəbər portalı.