Ermənistanı qorxudan əsas amil Azərbaycan Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi deyil, ehtimal bir müharibədə Türkiyənin Azərabaycana daha tez yardıma gəlməsidir.
araz.az xəbər verir ki, bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Naxçıvanda keçirilən birgə təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarının İrəvana hava zərbəsi məsafəsinə qədər yaxınlaşması ilə bağlı yayılan xəbər haqda danışarkən deyib.
Polkovnik qeyd edib ki, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı birgə təlimləri başda Ermənistan olmaqla, ona havadarlıq edən qüvvələri narahat edir:
“Rəsmi İrəvanın narahatlığını anlamaq olar. Çünki təlimlərdə iştirak edən ölkələrdən birinin 20 faiz torpağını işğal edib, digərinə isə əsassız ərazi iddiaları irəli sürür. Bu gün bu iki ölkə birlikdə regionda hərbi təlimlər keçirir. Düşünürəm, bu səbəbdən Ermənistan narahat olmaqda tamamilə haqlıdır.
Bu gün Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi açıqca bəllidir. Ali Baş Komandanın hər zaman dediyi kimi, biz gec-tez öz torpaqlarımızı azad edəcəyik, hansı yolla olur-olsun. Bugünkü təlimlər də bir daha onu göstərir ki, Azərbaycan verdiyi sözə sadiqdir və səbri daşmaq üzrədir”.
Polkovnikin sözlərinə görə Ermənistan həmişə olduğu kimi, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimini dünya ictimaiyyətinə fərqli göstərməyə çalışır:
“Ermənistan rəhbərliyi həm öz ictimaiyyətini, həm də dünya ictimaiyyətini yalan və əsassız məlumatlar ilə aldadır. Məsələ ondadır ki, iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimləri vahid plan və tapşırıq əsasında keçirilir. Nə Türk Ordusu, nə də Azərbaycan Ordusu təcrübəsiz və ya qeyri-nizami qoşundur. Xüsusilə, türk pilotları dünyada xüsusi nüfuza, dəqiqliyə sahibdir.
Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları birbaşa döyüş kursu ilə İrəvana istiqamət alıb, lakin Ermənistan paytaxtına 56 kilometr qalmış (bu, aviasiya raketlərinin zərbə radiusudur) geri qayıtması həqiqəti əks etdirmir. Təlimlər beynəlxalq hüquq çərçivəsində aparılır. Yəni pilotlar təyinatı üzrə havaya qaldırılıb, daha sonra da geri qayıdıb”.
araz.az
araz.az xəbər portalı.