“Onlar vəzifə kreslosu adlı süni tənəffüs aparatına bağlanıblar, danışa bilmirlər”
Son Tovuz olayları da bir daha göstərdi ki, bütün cəmiyyət Qarabağ məsələsində barışmaz mövqedədir və hər hansı bir super güc, beynəlxalq qurum, hərbi blok onu təslimçiliklə, torpaq itkisi ilə razılaşmağa məcbur edə bilməz. Azərbaycanda nəsillər dəyişib, amma cəmiyyətin Qarabağ haqda rəyi dəyişməyib. Prezident İlham Əliyevin qətiyyətli, qərarlı, milli mənafelər naminə savaşçı davranışı, heç vaxt olmadığı qədər hamını ordu-millət halına gətirib.
Millət –ordu halına çatdığımıza hakimiyyət Tovuz olaylarında tam əmin oldu. Bu mühüm test idi. Azərbaycan cəmiyyəti də bir çox sualların cavabını aldı. Hakimiyyətin diplomatik sahədəki işlərinin sonuclarını, dünyadakı reaksiyalar, ordusunun gücünü, diasporasının fəaliyyəti, ölkədəki siyasi qüvvələrin dərhal və qeyd şərtsiz bir yerdə olmasını, tək-tük sapı özümüzdən olan baltaları da, və.s.
Artıq torpaqlarımızın işğalına son verəcək, milli varlıq və inkişafımızın yeni mərhələsinin başlnğıcı olacaq müqəddəs müharibə üçün bütün şərtlər qənaətbəxşdir. Bugün mövcud olan daxili, istərsə də xarici, hərbi-siyasi və iqtisadi vəziyyət, hərbi potensial və müttəfiqlər balansı, Qarabağla bağlı beynəlxalq aləmdə formalaşmış fikir, rəy bizim xeyrimizədir. Belə olan təqdirdə, bir dövlət olaraq fürsəti əldən verməyərək torpaqlarımızın işğaldan azad olunmasında qətiyyətli addımlar atmalıyıq.
Çox məsuliyyətli, həssas dövrə qədəm qoyduq. Müttəfiqlərimiz də, bitərəf olanlar da və düşmənlərimiz də gerçək əhvalımızı hiss etməlidir. Həm ehtiyatlı (yersiz risklərsiz) , həm də çox qətiyyətli (qorxmağa bəhanə axtarmadan) mövqe sərgilənməsi vacibdir. Söhbət cəmiyyətin bütün kəsimlərinin münasibətindən gedir. Həm də bu münasibətlər çox ahəngdar və biri-birini tamamlayan olmalıdır. Bəzən özümüzü aldatmaqla guya qarşımızdakı dövlət və ya Beynəlxalq qurumları rahatladırıq. Bu görüntünü yaratmaq heç nəyə yaramaz. Qarabağ çözümündə super aktyorlardan Rusiya və Türkiyə indi daha açıq münasibətlər sərgiləmək mərhələsindədirlər. Tərəzinin hansı gözünün ağır olması Azərbaycanın hansı mövqedə və əhvalda olacağından daha çox asılıdır.
Azərbaycan cəmiyyətinin ortaq fikir məcmusu budur ki, məhz indi Moskvanın necə davranması ədalətli status-kvonun bərpasından sonrakı dönəm üçün yeni Moskva –Bakı münasibətlərinin təməlidir. Bu baxış ictimai rəy məhsulu kimi Rusiya cəmiyyətinə ,hakimiyyətinə təqdim olunmalıdır.
Nədənsə, Rusiya amilindən yan keçmək və onun Ermənistan-Azərbaycan müharibəsindəki dünənki, bugünkü, sabahkı təsir və imkanlarından danışmaq ehtiyatsızlıq sayılır. Bu susqunluqla guya hakimiyyətin işinə dəstək verilir. Əslində bəzi məmurlar, deputatlar sadəcə özlərinin şəxsi və qrup maraqları baxımından bu məsələdən yan keçirlər. Prezident məcbur olub Milli Məclisin ilk iclasında cəsarətli olmağa, hər hadisəyə adekvat cavab verməyə çağırsa da kiçik istisnalarla danışmalı olanlar “orta-ağır vəziyyətdə reanimasiyadadırlar”. Vəzifə kreslosu adlı süni tənəffüs aparatına bağlanıblar. Danışa bilmirlər. Nəsimi demişkən “ bir barmağın kəssən dönüb haqqdan qaçanlar” barmağını uzadıb həqiqəti göstərmək istəmədikcə Prezident bütün ağırlıqları üzərinə götürmək məcburiyyətində qalır.
Rusiyaya məsləhət vermək, Ermənistanın onları satacağını təkrarlamaq kimi bəsit yanaşma və Rusiyanın bu fikirlərdən qənaət hasil edəcəyini düşünmək əlbəttə ki, sadəlövhlükdür. İndi Rusiyanın siyasətinə yön vermək təklifləri də dəbdədir. Paşinyanın qərbə meyilli olması və s. kimi Rusiyanın yerinə narahatlıqlar da aşırı bəsitdir. Heç bu amilin üzərində bizim özümüzün də nəinki “A”, heç “B” və ya 5-ci ehtiyat variant qurmağımız belə doğru deyil. Paşinyanı istənilən an Ter-Petrosyanın taleyi gözləyə bilər. Ona görə Azərbaycan Prezidentinin “bizi yarımçıq həll variantı qane etmir“ deməsi çox doğru yanaşmadır.
Biz Rusiyaya iki müstəvidə aydın və təsirli olmalıyıq.
1)Biz indiki status –kvonu ədalətli status-kvoya dəyişdikdən sonra Rusiyaya nə qədər faydalı olacağıq;
2) Bu status –kvonu dəyişməyə nə qədər istəkliyik.
Birinci məsələyə münasibət – bu müstəvidə də əvvəllər nə olub, ikinci dünya savaşında nə qədər neft verdik və nə qədər insanımız həlak olub kimi əslində unudulması mümkün olmayan məsələlərin də Rusiya üçün heç bir önəmi yoxdur. Gözlənti tərəflərin maraqlarını özündə ehtiva edən rasionallıqdır.
Ona görə də iradlarımızda da, təkliflərimizdə də açıq, birbaşa olmalı, tərəfə anlatmalıyıq ki, Rusiya siyasətçilərinə və siyasətinə olan münasibət Rus xalqına olan münasibət kimi qəbul olunmamalıdır. Həm də dönəm hakimiyyətinin münasibətini bütün dövrlərdə hakimiyyətlərə aid etmək də olmaz. Biz Azərbaycana yaxşı münasibət göstərən istənilən dövrdəki Rusiya hakimiyyəti ilə, Xocalı soyqırımında iştiraka razılıq vermiş hakimiyyəti eyni tutmuruq və hakimiyyətdə olanlar da bunu bilməlidir. Tərəfimizdən yaxşını da yaxşı, pisi də yaxşı kimi sərgiləmək bizə yaxşı münasibətdə olanların sayını azaldar. Özümüzə hörmət etmədiyimiz mənasın daşıyar və haqlı olaraq da bizə hörmət etməzlər. Sadə misal. 1992-ci ildə Xocalı soyqırımında iştirak etmiş Rusiya ordusunun 366 –cı alayı nədən bütün sənəd və tariximizdə olduğu kimi tarixləşdirilməsin? Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı müraciətdə bu alay SSRİ ordu hissəsi kimi göstərildi. Mən qətiyyətlə bunun əleyhinə çıxdım. Bildirdim ki, o dönəmdə SSRİ artıq yox idi. Hər hadisə öz adı ilə göstərilməlidir. Axı bu müraciət qəbul ediləndə hamı –müraciəti qəbul edənlər də, müraciət göndərilən ünvanlar da, Rusiya da və Azərbaycan da hər kəs həqiqəti bilirdi. Nəyi kimdən gizlədirdik? Dünya bilməlidir ki, bu xalqa olan yaxşılıq da, pislik də unudulmur. Azərbaycanın haqlı mövqeyini müdafiə edən Rus generalı, Rusiya Dumasında müdafiə komitəsinin sədri Vladimir Şamanov tərəfimizdən sonsuz rəğbətlə qarşılandığı kimi, 20 yanvar qırğınını törədənlərin başında olan marşal Yazov da nifrətlə tariximizdə təsbit olunmalı və yaddaşlara həkk olunmalıdır. Bu gün Rusiya -Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev obyektiv mövqeyinə görə tərəfimizdən sayğı ilə qarşılanır. Eyni Dumada Azərbaycana qarşı qərəzli olan Zatulin isə tərəfimizdən qınanır. Eyni millətin nümayəndələrinin-hərbçi və deputatlarını müqayisə etdik. Yəni, söhbət millətdən və dövlətdən getmir. Münasibət mövqeyədir, yürüdülən siyasətədir, millətə deyil. Hətta şəxslərə də deyil. Zatulinin əvvəlki davranışları qınağımıza səbəb idisə, Ermənistanın son davranışlarına münasibəti fərqli olduğundan ona da münasibət fərqli oldu.
Nə Rusiyanın Azərbaycan xalqına iradı ola bilər, nə də Azərbaycanın Rus xalqına. Çünki Azərbaycanda yaşayan yüzminlərlə rus digər vətəndaşlarımızla eyni hüquqdadırlar. Yüzlərlə təhsil müəssisəsi, kilsələri və s. qaydasındadır. Rusiyada yaşayan Azərbaycanlılar da həmçinin ticarət sahələri, təhsil və səhiyyədə, digər sahələrdə geniş imkanlara malikdirlər. Afinadan fərqli olaraq Moskvada və digər iri şəhərlərdə məscidlər fəaliyyət göstərir və s. Sadəcə qəbul edək ki, siyasi institutların fəaliyyətinə münasibəti xalqlar arası münasibət kimi ictimai rəyə qərəzli və zərərli sırıma cəhdi var. Ölkəmə qarşı istənilən ölkənin siyasətinə münasibətimiz də o ölkələrin xalqlarına qarşı deyil. Milli maraqlarımız vaz keçilməzdir və bunu hamı qəbul etməlidir. Bax bu baxış Rusiyada dərk olunmalıdır. Buna çalışmalıyıq.
Gizlədiləsi bir şey yoxdur. Dost çətin gündə seçilər. Dost olmamaq da olar, amma bu halda düşmən olmaq da mütləq deyil. Həm də bütün mənalarda perspektivsiz Ermənistana görə. Biz sadəcə uğrunda ölümünə döyüşəcəyimiz işğal olunmuş torpaqlarımızda işğalçı Ermənistandan başqa heç bir ölkənin əsgəri ilə qarşılaşmaq istəmirik.
Moskva onu da anlamalıdır ki, işğalçı Ermənistana dəstək nəinki Rusiyanın Azərbaycanla isti münasibətlərini təhdid edər, eyni zamanda Bakını Qərbdən kömək axtarmağa itələmiş olar. Kremlin Dağlıq Qarabağa baxışları onun post sovet məkanındakı digər dondurulmuş münaqişələrə dair mövqeyindən əhəmiyyətli ölçüdə fərqlənir. Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyir: ”biz Dövlət Dumasında ərazi bütövlüyünün toxunulmazlığına qarşı çağırışlara görə cəza haqqında qanun qəbul etdik. Bu qanunu Rusiya vətəndaşlarının necə böyük məmnunluqla qarşıladığının şahidi oldum. Ona görə də, sadə azərbaycanlıların ölkənin ərazi bütövlüyü ilə bağlı ağrısını, dərdini çox yaxşı başa düşürəm.”
Bizdə isə ərazi bütövlüyü Ermənistanın işğalı nəticəsində pozulub. Hansı məntiqlə Rusiya ərazi bütövlüyümüzün bərpasına mane olmalıdır? Azərbaycan XİN yeni diplomatik dil axtarışında olmalı və yeni çağırışlara uyğun fəaliyyət qurmalıdır.
Rusiyanın yanlışlarını naxışa çevirmək üçün manevr imkanları da sərhədsizdir. Azərbaycan cəmiyyətinin narazı olmasına baxmayaraq hələlik ATƏT-in Minsk Qrupu mövcuddur. Rusiya Minsk qrupunda hakimlərdən biridir. Ədalətli, bitərəf mövqe nümayişindən başqa umacağımız yoxdur. Bu gercəklər xarici siyasət idarəmiz tərəfindən indiyə qədər Kremldə baxış bucağı kimi qəbul etdirilməli idi. Görünən budur ki, XİN bu sahədə də ümidləri doğrultmayıb.
Prezidentin Tovuz hadisələrində xarici işlər nazirliyinin və nazirinin işinə verdiyi qiymətdə də bu aydın göründü. Prezident özü nazirliyin işini görüb o günlərdə. Əslində xarici siyasət sahəsində uğurlar Prezidentin birmənalı olaraq şəxsi fəaliyyətinin nəticəsidir. Münhündə Paşinyana dərs verəndə də əslində xarici mətbuatda- xaricdə məşhur qəzet, jurnal, xarici televiziyalarda, seminar, konfrans və başqa tədbirlərdə, Avropa parlamentarilərinin elektron poçtalarında materiallar sərgiləməli olanların işini Prezident təkbaşına görürdü. Son açıqlamalarının birində Ermənistana xitab edərək: Qorxmursunuzsa tanıyın “DQR”-I deyəndə də güc nümayişini müxtəlif platformalarda, müxtəlif formalarda etməli olan ən müxtəlif nazirliklərin rəhbərlərinin işini görürdü. Mən illər öncə Parlamentdə bu istiqamətdə dəfələrlə məsələ qaldırmışam və Hökumətin prezidentlə ayaqlaşa bilmədiyini açıqca söyləmişəm. Hesab edirəm ki, vəziyyət hələ də tam düzəlməyib.
Bu gün Ermənistanın forpost olduğunu, öz gücü ilə ərazilərimizi işğal etmədiyini və əldə saxlamaqda davam etdiyini inkar etmək təkcə absurd deyil, həm də çox zərərlidir. Prezident Ermənistana çağırış edir ki, gəlin təkbətək döyüşək. Ermənistan tək döyüşmür deməkdir bu. Absurd olan bunu inkarçılıqdır. Zərərli olansa “əgər Ermənistanın arxasında heç bir qüvvə dayanmırsa, nədən 3 milyonluq (onun da yarısı xaricə köçüb) əhaliyə, Azərbaycandan qat-qat zəif ordu və iqtisadiyyata malik işğalçını qovub çıxarmırıq” kimi cavabsız sual yaradılmasıdır. “Ayı xidməti” edən , özlərinin şəxsi və qrup maraqları baxımından qorxmağa bəhanə axtaranlar bu sualı yaratmaqla iqtidara kömək etmir, zərbə vururlar.
Biz Rusiya ilə çox yaxşı münasibətlər qurmaqda, səmimi, mehriban qonşuluq şəraitində yaşamaqda maraqlıyıq. Faydalı əməkdaşlıq hər iki ölkə üçün cox vacibdir. Bunu ifadə eləmək, əməldə göstərmək lazımdır və vacibdir. Bu istiqamətdə də xeyli iş görülüb. Amma xeyli həqiqətlər də deyilməli, xalqımızın taleyinin həll olunduğu bu dönəmdə milli əhval hamıya doğru anladılmalıdır.
İkinci məsələyə münasibət – Biz indiki status–kvonu dəyişməyə nə qədər istəkliyik? Qısaca.
Bizim müqəddəs savaş zamanı necə davranacağımızın anonsu Ermənistanın özünün də, müttəfiqlərinin də hansı davranış variantı seçimi üçün əsas olacaqdır.
Dünya bilməlidir ki, biz bütün şərtlər daxilində ərazi bütövlüyümüzü təmin edəcəyik.
Biz həm də Millət olaraq kütləvi qəhrəmanlıq göstərəcəyimizə hər kəsi inandırmalıyıq. Prestij üçün yox, gerçekdən, Tovuz olaylarında olduğumuz kimi.
Prezident İlham Əliyevin əhvalı da tam olaraq milli əhval və milli iradəni ifadə edir: “Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar”.
Bu milli həyəcan qorunub saxlanmalı və zamanı itirmədən faydalı işə çevrilməlidir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev
araz.az xəbər portalı.