“190 manatla bağlı bizə olan çoxlu müraciət daxil olur. Vətəndaşların bununla bağlı şikayətləri var”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Elnur Allahverdiyev deyib.
O bildirib ki, kimin 190 manata həqiqətən ehtiyacı olub-olmadığını araşdırmaq elə çətin məsələ deyil.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, 190 manat proqramının ilkin icrası zamanı 200 min şəxs nəzərdə tutulmuşdu: “Prezidentin tapşırığı il bu say 600 minə qaldırıldı. Mexanizm belədir ki, “Məşğulluq haqqında” qanuna əsasən, işsiz kimi qeydiyyatda olan şəxslərə ödəmələr düşür.
Pandemiya dövründə işini itirən şəxslərə də işsiz statusunun verilməsini nəzərdə tutduq. Bundan sonra 16 bölgə üzrə xüsusi sərtləşdirilmiş karantin rejimi tətbiq edildi. Bu da nəzərə alınaraq vətəndaşlara sosial ödənişlər yenidən verildi. 2016-cı ildən həyata keçirilən ictimai işlər proqramını 90 minə qədər qaldırdıq. Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər. Bizim 26 mindən artıq vakant iş yerimiz var. 190 manatla bağlı şikayətlər nazirlik tərəfindən fərdi qaydada araşdırılır.
Problemi olan vətəndaş dəvət olunur. Onlara mövcud qanunvericilik çərçivəsində müxtəlif işlər təklif olunur. Amma bir sıra halda vətəndaşlar bu işlərdən imtina edir, 190 manat ödənilməsini tələb edirlər. Məşğulluq Mərkəzi təklif edilən işdən imtina edən vətəndaşı işsiz kimi qeydiyyata almaqdan imtina edir”.
O, bloklanmış kartlarının sayı ilə bağlı rəqəm açıqlamaq istəməyib, bildirib ki, 1-ci və 2-ci ay gəlib kartlarını götürməyən şəxslərin kartı bloklanıb və o kartlara ödəniş edilməyib.
araz.az
araz.az xəbər portalı.