“Əsas səhvlər, misal çəkdiyim kimi, kadrların seçilməsi və irəli çəkilməsində olub…”
“Demək, ətrafımda cürbəcür kadrların öyrənilməsi, onların irəli çəkilməsi ilə məşğul olan adamlar mənə düzgün məlumat verməyiblər, mən də bu adamlara inanmışam…”
Dünyada səhvsiz, nöqsansız insan olmur. Tarix boyu hətta peyğəmbərlər, ən məşhur hökmdar, fateh və sərkərdələr də, dahi hesab edilən alim və ədəbiyyat, incəsənət adamları da öz həyat və ictimai fəaliyyətlərində səhvlərə, nöqsanlara, bəzən hətta bütövlükdə dövlət, ölkə, bəşəriyyət üçün bəla və faciələrlə nəticələnmmiş xəta və günahlara da yol veriblər…
…Yəqin ki, çoxları, xüsusən dövlət, Vətən, xalq naminə yox, kürsü, vəzifə, var-dövlət, fəxri ad, mükafat maraqları üçün Azərbaycandakı mövcud iqtidarın indiki və keçmiş rəhbərlərini, yeri gəldi-gəlmədi, obyektiv yox, ikrah hissi doğuran məddahlıq və yaltaqlıqla tərifləyənlər də inanmaz ki, həm sovet dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etmiş Heydər Əliyev hakimiyyətdə ikən yol verdiyi bəzi səhvləri nə vaxtsa etiraf edib…
İnanmayanlar buyurub 1990-cı ilin avqustunda o vaxt Naxçıvanda olan Heydər Əliyevin qonağı olmuş tanınmış jurnalist və publisist Azər Abdullanın onunla çox maraqlı müsahibəsindən bir epizodu Moderator.az-da oxuya bilərlər…
“
– Yoldaş Əliyev, bütün dövlət başçılarının buraxdığı səhvlər sonradan aşkara çıxarılır, tarixə çevrilir. Tarixçiləri qabaqlayıb respublikamızda rəhbər olduğunuz vaxtda yol verdiyiniz yanlış və səhvləri etiraf etməyinizi xahiş edirəm…
– Bilirsiniz, işdə səhv ola bilər. Böyük bir respublıikanın rəhbərliyinin işində, şübhəsiz ki, səhvlər ola bilər. Ancaq bu gün mən təmiz vicdanla deyə bilərəm, biz işlədiyimiz dövrdə buraxdığımız səhvləri, bütün nöqsanları açıq-aşkar bütün xalq qarşısında etiraf edirdik. Əgər siz o vaxtın materiallarını götürüb tanış olsanız, xüsusən qəzet-mətbuatda bizim plenumların, yığıncaqların materialları dərc olunurdu, onlarla tanış olsanız, siz tam belə fikrə gələrsiniz ki, biz heç bir səhvimizi, günahımızı gizlətməmişik, açıqca demişik, etiraf etmişik…
Çox hallar olub ki, bir nəfəri rəhbər işə irəli çəkmişik, iki-üç il keçəndən sonra onun işdə buraxdığı səhvləri görüb ona böyük cəza verərək işdən azad etmişik. Mən bunu qətiyyətlə deyə bilərəm, o dövrdə ümumi ittifaqda bizim davranışlarımız tamamilə seçilirdi. Çünki başqa yerlərdə belə hərəkət etmirdilər. Beləliklə, ola bilər ki, bəzi adamları şəxsən mən özümə qarşı qoyurdum. Məsələn, Şamaxı rayon Partiya Komitəsinin keçmiş 1-ci katibi Sahib Sayılov… Biz onu öz təşəbbüsümüzlə vəzifəyə qoymuşduq, ona mükafatlar vermişdik, onu qabaqcıl rayon partiya komitəsinin 1-ci katibi kimi qələmə vermişdik. Lakin 2-3 il sonra bu adamın natəmizliklər etdiyi, səhvlər buraxdığı aydın olanda biz onu partiyadan xaric edib cəzalandıraraq işdən götürdük. Sonra isə istintaq orqanları onu günahkar hesab edib azadlıqdan məhrum etdilər. Elə bu, yol verdiyimiz səhvlərə bizim münasibətimizi göstərir…
Aydındır ki, Sayılov kimi adamlar və ətraflnda olanlar, qohum-əqrəbaları mənə indiyədək
düşmənçilik etməkdədirlər. Ancaq mən bunu ümumi xalqın naminə etmişəm…
Bilirsinizmi, bir sözlə, biz o vaxt səhvlərimizi etiraf etmişik, gizlətməmişik. Ancaq indi müəyyən vaxt keçdikdən sonra mən həmin səhvləri daha aydın və dəqiq görə bilirəm. Əsas səhvlər, misal çəkdiyim kimi, kadrların seçilməsi və irəli çəkilməsində olub. Ona görə yox ki, mən bunları qəsdən etmişəm, yaxud yararsız olduğunu bildiyim halda kimisə irəli çəkmişəm. Demək, ətrafımda cürbəcür kadrların öyrənilməsi, onların irəli çəkilməsi ilə məşğul olan adamlar mənə düzgün məlumat verməyiblər, mən də bu adamlara inanmışam, onları irəli çəkmişik və yalnız müəyyən vaxtdan sonra onların iç üzü açılıbdır. Bax, bunları, mən özümə səhv hesab edirəm. O ki qaldı iqtisadiyyat sahəsinə, onu tam açıq bilin, həm sənaye, həm kənd təsərrüfatı sahəsində kobud səhvlər olmayıb…”
(Davamı var)
Azər Abdulla, “Onlar qəmli idi…”, Bakı, 2007-ci il. Səh.178-179.
Təqdim etdi: Sultan Laçın
araz.az xəbər portalı.