78a1f1aa 73c6 4ab8 830f 87b2797909a1 660x330Müdafiə Nazirliyi cəmiyyəti inandırdı, ancaq generalın şəhidliyinə ağlasığmaz versiyalar uyduran bəzi media orqanlarının qəsdi nə?…

Sosial şəbəkələrdə və bəzi saytlarda ordumuzu nüfuzdan salmağa çalışan informasiyaların yayılması davam edir. İndi də son döyüşlərdə şəhid olan və xalq arasında əsl qəhrəman kimi tanınan general Polad Həşimovun, güya elan olunan şəraitdə deyil, başqa vəziyyətdə dünyasını dəyişməsi ilə bağlı dezinformasiyaları dövriyəyə buraxırlar. Bununla bağlı Müdafiə Nazirliyi bəyanatla çıxış edib. Bəyanatda deyilir:

“General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur. Videomaterialda 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildiririk ki, nəinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.

Videoda general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndiririk. İddia edildiyi kimi, general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir.

Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmalarını və daha konstruktiv mövqe nümayiş etdirmələrini tövsiyə edirik. Müdafiə Nazirliyi mediamızdan və sosial şəbəkə istifadəçilərindən şəhidlərə və onların ailələrinə hörmət, hərbi qulluqçularımızın vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə xidmət edən çıxışlar gözləyir”.

Generalımızın şəhidliyi ilə bağlı ağlasığmaz versiyalar ortaya atan media qurumlarının hansı məqsədləri ola bilər?

“Belələrinə, erməniləri ifşa etməkdən daha çox, özümüzə zərbə vurmaq maraqlıdır…”
Bugünlərdə cəbhənin Tovuz istiqamətindəki ön xəttində olan və bəzi monitoriqnlər aparan İctimial Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə hallardan dərin təəssüf hissi keçirir:“Biz analoji təxribatları bütün müharibə boyu görmüşük. Hələ sosial şəbəkələr və saytların olmadığı dönəmdə belə şayiələri müxtəlif adamların vasitəsilə yayırdılar. Müharibələrin tarixində belə hallar hər zaman olub. Ancaq hər zaman da bu, ağır bir cinayət sayılıb. Yalan panika yayanlarla elə müharibə qanunları çərçivəsində davranılıb. Təəssüf ki, hazırda klaviatura arxasında özünü şirə döndərənlər bunun fərqinə varmır. Biz Aprel döyüşləri zamanı medaianın daha çox səhvlər etdiyinin şahidi olduq. Dövlətin əlaqədar qurumlarının müdaxiləsi və tövsiyyələrindən sonra həmin istiqamətdə bir qədər nizam-intizam yaradıldı. Tovuz hadisələri zamanında da biz analoji təxribatları gördük. Ancaq bu dəfə belə addımları peşəkar KİV yox, daha çox xaricdən idarə olunan səhifə və saytlar edirdi. Onlar sosial şəbəkənin Azərbaycan seqmetindədirlər. Daha çox bizim auditoriyaya xitab edirlər. Ancaq təəssüflə qeyd edim ki, bir çox hallarda ermənilərin paylaşımları ilə sinxronluq da müşahidə olunurdu. Mən buna təsadüf kimi baxmıram. Bunu birbaşa xarici qüvvələrin əli ilə idarə olunan prosesə bənzədirəm. Çünki xaricdəki diaspor nümayəndələrimiz ermənilərlə əsl döyüş apardığı halda, həmin “təbliğatçılar” Azərbaycana arxadan zərbə vurdular. Baş verənlərə görə erməniləri deyil, bizi baltalamağa başladılar. Fikir verin, indi də xalqın gözündə əsl qəhrəman kimi qəbul olunan şəhid generalımızın ölümünü belə təftiş etməyə qalxıblar. Bu istiqamətdə yalan informasiyalar tirajlayırlar. Bunu ancaq vətənini istəməyənlər edə bilər. Çünki yaxşı başa düçürlər ki, Polad Həşimov gənclər üçün bir örnəyə çevrilib. Gənclərimizin çoxu onun kimi şəhid olmağı özünə arzulayır. Belə məqamda generalın şəhadətinə şübhə salmaq ancaq xainlərə xas olan əməldir. Biz bölgədə olanda bir çox mülki evlərin dağıdıldığının şahidi olduq. Niyə həmin jurnalistlər gedib dağılan evləri çəkmir? Dünyaya erməni vəhşiliyini sübut edəcək bundan gözəl fakt nə ola bilər? Deməli, belələrinə erməniləri ifşa etməkdən daha çox, özümüzə zərbə vurmaq maraqlıdır”.

Müharibədə informasiya ən ağır silah sayılır. Bu vasitə ilə xaincəsinə davrananlarla bağlı daha ciddi hüquqi ölçülər götürülsə yaxşı olar.

Məhəmmədəli QƏRİBLİ

araz.az xəbər portalı.