066ef5d9-5928-4d99-8d3e-5060f16dff78.jpg


Böyük şəxsiyyətlər, dahi insanlar, zəmanə ziyalıları, elm xadimləri… haqqında söz demək çətindən çətindir. Lakin ad günü  haqqında söz demək istədiyim bu insanı yaxşı tanımağım, üstəlik, cəmiyyətin onu mən təsvir etmək istədiyim kimi tanıması, o, özünü, elə, belə də cəmiyyətə tanıtması  bu çətinliyi mənim üçün, az da olsa, asanlaşdırıb. Bir də ki, daim zəhmətə qatlaşmağa, yalnız özünə, öz əməyinə güvənməyə, insanlara qayğı və həssaslıqla yanaşmağa, imkansız və kimsəsizlərə arxa olmağa, onlara köməklik göstərməyə, əl tutmağa, sadə və təvazökar həyat sürməyə üstünlük verən bir elm adamı, vəzifə sahibi, ictimai xadim haqqında təbrik əvəzi söz deməklə, onun böyüklüyünü, əzəmətini daha çox hiss edirsən — söz deməyi asanlaşdıran bir amil də, elə, budur.

mirkazim.jpg


Mirkazım SEYİDOV,

Türkdilli Xalqlarla Slavyan Xalqları arasında «Sodrujestvo» («Əməkdaşlıq») Fondunun rəhbəri,
Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair¬publisist,
«Araz» Media Qrupunun və araz.az saytının Baş məsləhətçisi.

  Bəli, bu gün 84 yaşını qeyd etdiyimiz akademik Arif Paşayev Azərbaycan ictimaiyyətinin sayılıb¬seçilən simalarındandır. Dünyada tanınan və Azərbaycana şöhrət gətirən nəslin görkəmli nümayəndəsi, böyük şəxsiyyət, məşhur yazıçı və ədəbiyyatşünas alimimiz Mir Cəlal Paşayevin layiqli övladı olan bu əvəzsiz insanın fitri istedadı və mənəvi zənginliyi ziyasının işığında çoxları özlərinin gələcəyə gedən yolunu tapıblar. Bu yol onları daim irəliyə aparıb, xoşbəxtliyə qovuşdurub, əllərini halal çörəyə çatdırıb. Elə, bu səbəbdən, mən həmişə onun haqqında sonsuz qürur və iftixar hissləriylə xoş sözlər deməyə daxilən mənəvi ehtiyac duymuşam…
 Mən Arif müəllimi çox sadə, təkəbbürdən uzaq, təvazökar, müdrik, nəcib bir insan, görkəmli alim kimi çoxdan tanıyıram. Onu bir mən yox, hamı belə tanıyıb, daha doğrusu, o, özünü belə tanıdıb: Azərbaycan elmində özünəməxsus mövqeyi və imici olan, elmi şöhrəti ölkəmizin hüdudlarına sığmayan görkəmli bir elm xadimi olduğunu ortaya qoya bilib. Onu tanıdığım andan, onun simasında, yaddaşımda son dərəcə tələbkar, prinsipial, həddən artıq təmkinli, sözünün həddini və qiymətini bilən, yüksək intellekt və mədəniyyət sahibi olan əsl vətənpərvər obrazı formalaşıb, onda yüksək keyfiyyətlər müşahidə etmişəm, fenomenal yaddaşına heyran qalmışam. Sadəliyini,  adiliyi içindəki paklığını, təmizliyini, ucalığını, nəhayətsiz vətənpərvərliyini gördükcə heyrətdən quruyub qalmışam. Bir sözlə, həyat salnaməsində elmin üstün yer tutduğu bu müdrik insanın görkəmli elm xadiminə xas olan bütün keyfiyyətləri özündə birləşdirdiyini aydın sezmişəm.
 Yeri gəlmişkən, onu da qeyd edim ki, çoxlarında olmayan işgüzarlığıyla seçilən bu elm xadimi, özünəməxsus xüsusi istedadı ilə, zirvələr fəth edib — Azərbaycanın görkəmli alimi, pedaqoqu, elm və təhsil təşkilatçısı, ictimai xadimi, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professoru, akademiki kimi şöhrət qazanıb.
Akademik Arif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Mir Cəlal Paşayev görkəmli yazıçı, tanınmış alim, böyük pedaqoq və ədəbiyyat xadimi olduğundan, Arif Paşayevin uşaqlıq və gənclik illəri o dövrün böyük, adlı-sanlı tanınmış şəxsiyyətlərinin əhatəsində keçib. Məhz belə bir genişmiqyaslı münbit mühit onun dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayıb.  Fizika sahəsində əldə etdiyi nailiyyətlərinə görə, Arif Paşayev 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. Arif Paşayev yeni istedadları aşkara çıxarmağa və onları dəyərləndirməyə üstünlük verən nadir şəxsiyyətlərdəndir. O, fizika elmi ilə maraqlanan gənc kadrlara həmişə dəstək olub və onlara hər cür kömək göstərib.
Ümummilli lider Heydər Əliyev aviasiya sahəsində milli kadrların hazırlanmasına xüsusi önəm veridiyindən, bu məqsədlə 1992-ci ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin (indiki “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti) Milli Aviasiya Mərkəzinin əsasında Milli Aviasiya Akademiyasının yaradılması haqqında sərəncam verib. 1996-cı ildə Arif Paşayev həmin akademiyanın rektoru təyin edilib. O vaxtdan akademikin Azərbaycan mülki aviasiyasında milli kadrların hazırlanmasında əvəzsiz xidmətləri danılmazdır. O, elmi nailiyyətlərinə görə, dəfələrlə yüksək səviyyəli beynəlxalq və dövlət mükafatlarına, orden və medallara layiq görülüb. Bu gün 84 yaşını sevinclə qeyd etdiyimiz bu el ağsaqqalı, hələ də gənclik həvəsiylə yorulmadan çalışır, elmimizə əvəzsiz töhvələr verir.
Şəxsən öz adımdan və rəhbəri olduğum qurumların kollektivləri adından, akademik Arif Paşayevə bu xoş günündə möhkəm cansağlığı, uzun ömür, elmin və təhsilin, Azərbaycan ziyalılığının müasir tələblər səviyyəsində inkişaf etdirilməsi yollarında daha böyük uğurlar arzulayırıq.

araz.az xəbər portalı.