1596625118 unnamed 91Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, İsveç, İsveçrə, Belçika, Fransa, ABŞ və digər ölkələrin təmsilçilərini özündə birləşdirən Beynəlxalq Qarabağ Forumunun Koordinasiya Şurası videokonfrans formatında iclas keçirib.

Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən Reyting.az-a bildiriblər ki, iclasda işğalçı Ermənistana qarşı dərhal hərbi əməliyyatların başlanması çağırışı ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Forum üzvləri Akif Nağı (Azərbaycan), Sultan Əzimzadə (Azərbaycan), Ziya Zakir Acar (Türkiyə), Kərəm Karabulut (Türkiyə), Sözer Akyıldırım (Türkiyə), Elşən İbrahimov (Rusiya), İlham Əliyev (Rusiya), Ceyhun Əliyev (Rusiya), Burzu Əliyev (Ukrayna), Fərhad Turanlı (Ukrayna), İradə Əliyeva (İsveç), Kənan Hacıəkbəroğlu (İsveç), Samir Həsənov (Almaniya), Mustafa Qula Bala (Almaniya), Saleh Qəhrəmanlı ( Fransa) və digərlərinin imzaladığı müraciətdə deyilir:

“Artıq 30 ildir Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. 2016-cı il aprel ayının 1-dən 5-nə qədər Lələtəpə döyüşlərinin müddətsiz dayandırılması düşmənin davamlı atəşkəsi pozmasına və yeni hücumlarına səbəb oldu. Qeyd edirik ki, düşmən Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpağlarının tamamilə azad olunmasına və tam qələbə əldə edilməsinə qədər şanlı Azərbaycan Ordusunun çevik hücumları bərpa etməsinin vacib olduğunu qətiyyətlə dəstəkləyirik”.

Prezidentə müraciət qəbul olundu: “Müharibəyə başlayın!”

Müraciət müəllifləri aşağıdakı amilləri də nəzərə alaraq qeyd edirlər:

“1) Ermənistanın hər gün atəşkəsi pozması;

2) Minsk qrupunun fəaliyyətsizliyi;

3) Beynəlxalq münasibətlərdəki indiki vəziyyət;

4) Döyüşlərdə həlak olan əsgərlərimizin qisasını almaq;

5) Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən qətliamlar (soyqırımı): Quqark (1988), Bağanis Ayrım (1990), Qaradağlı (1992), Xocalı (1992), Ağdaban (1992);

6) 1992-ci il 25-26 fevral günlərində erməni silahlı terror dəstələrinin Xocalının yerli sakinləri olan azərbaycanlılara qarşı törətdikləri qətliam (soyqırımı);

7) Ermənistanın işğal etdiyi Azərbaycanın şəhər və kəndlərindəki Azərbaycanın tarixi abidələrinə, mədəni irsinə qarşı törətdikləri təxribatlar: Şuşa (1992), Laçın (1992), Xocavənd (1992), Kəlbəcər (1993), Ağdərə (1993), Ağdam (1993), Füzuli (1993), Cəbrayıl (1993), Qubadlı (1993), Zəngilan (1993);

8) Dəhşətli amillərdən biri də Qarabağda və sair işğal olunan yerlərdə ermənilərin məscidlərimizi, dinimizi təhqir etmələri;

8) Məsələnin sülh yolu ilə həll edilməsi üçün Ermənistan Respublikasının Beynəlxalq təşkilatların tələblərini rədd etməsi, müvafiq sənədlərin şərtlərinə əməl etməməsi;

9) 2020-ci ilin mart-may aylarında Ermənistan Pespublikası rəhbərlərinin Xankəndində, Şuşada hərbi yürüşlər etmələri və Azərbaycan Respublikasını hədələmələri;

10) erməni silahlı terror dəstələri COVID-19 yoluxucu xəstəliyini nəzərə almayaraq, mütəmadi olaraq, o cümlədən 12 iyul 2020-ci ildə Azərbaycanın şəhər və kəndlərini şiddətli atəşə tutmaları;

11) Tovuz döyüşlərində ordumuzun bir generalını, digər yüksək rütbəli zabitlərimizi və sıravi əsgərlərlərimizi öldürmələri;

12) Azərbaycan Diaspor Təşkilatlarının ordumuza dəstək məqsədilə etdikləri mitinqlərə və diplomatik təmsilçiliklərimizə qarşı erməni icmaları tərəfindən təxribat törətmələrinin, o cümlədən Azərbaycan xalqının milli qürurunun təhqir edilməsini nəzərə alaraq Qarabağ məsələsinin daha gecikmədən həll olunmasıdır”.

Müraciətdə qeyd edilir ki, dünya tarixində hərbi və sairə müqavilələr hec zaman müddətsiz imzalanmır, mütləq bütün sənədlərdə şərtlərə əməl olunacaq müddət əks olunur. Qarabağ məsələsinin həlli ilə əlaqədar bütün sənədlər, xüsusilə müqavilələr Azərbaycanın Konstitusiyasına və Beynəlxalq hüquq qaydalarına əsasən yenidən düzəldilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının vasitələri və müddəti dəqiq yazılmalıdır:

“Bu məsələlərin həlli üçün diasporada təmsil olunan nüfuzlu alimlərin və siyasətçilərin də Azərbaycan Respublikası Milli Məclisinə kömək edərək müvafiq qanunların qəbulunu təmin etmələri vacibdir.

Azərbaycanın Konstitusiyasına, qəbul edilən qanunlara əsasən Ermənistan tərəfindən işğal olunan Azərbaycan Respublikasının ərazisinin azad ediliməsi məqsədilə güclü Azərbaycan Ordusunun qəti olaraq genişmiqaslı çevik hərbi əməliyyatlara başlamasını tələb edirik.

Bir daha xatırladırıq ki, 4 (dörd) günlük aprel döyüşlərinin müddətsiz dayandırılması, düşmənə ordusunun gücləndirilməsinə və Azərbaycan torpaqlarına, o cümlədən şəhər və kəndlərimizə şiddətli hücumlara keçmələrinə səbəb oldu.

Dünya tarixində müharibələrin gedişatını təhlil edərək, qəti şəkildə bildiririk ki, beynəlxalq münasibətləri və ölkəmizdəki mövcud vəziyyəti nəzərə alaraq qüdrətli ordumuz qanunsuz olaraq Ermənistana verilmiş Zəngəzuru da geri qaytarmaqla Naxçıvanın anklav və blokada vəziyyətindən çıxarılmasını təmin etməlidir”.

Müraciətin sonunda Azərbaycan Konstitusiyasına istinadla qeyd olunur ki, xalqın iradəsinə əsaslanaraq ordumuz ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi əməliyyatlara başlayaraq tam qələbə çalmalıdır:

“Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandandan bir daha qətiyyətlə xahiş edirik ki, çevik hərbi əməliyyatlara başlasın.

Ordumuza qələbə arzulayırıq!”.

Reyting.az

araz.az xəbər portalı.