334875 res 01Rusiya Belarusla sərhədə iri qoşun qruplaşması və çoxsaylı hərbi texnika yeridib.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu addım Belarus tərəfinin Minsk ətrafında 33 rusiyalı muzdlunun saxlanılmasının ardınca sərhədə hərbi qüvvə yerləşdirməsinə cavabdır.
Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən dünən avqustun 4-də axşam yayılan rəsmi məlumata əsasən qvardiya ümumqoşun ordusunun 3 mindən çox hərbi qulluqçusu ölkənin qərbində taktiki təlimlərə cəlb olunub. “Voronej, Moskva, Bryansk, Belqorod, Smolensk və Kursk vilayətlərindəki poliqonlarda keçirilən taktiki təlimlərdə 800 vahiddən çox silah, xüsusi  və hərbi texnika iştirak edəcək”,-açıqlamada deyilir.

Xatırladaq ki, Belarus tərəfi “Vagnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin muzdlularının avqustun 9-da keçiriləcək prezident seçkilərində ölkəni qarışdırmaq üçün göndərildiyini bildirir. Rusiya tərəfi bu deyilənləri rədd edir və muzdluların Belarus üzərindən üçüncü ölkəyə getməyi planlaşdırdıqlarını deyir. Ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya tərəfinin bu versiyasını “uydurma” adlandırıb və hədələyib ki, əgər onun ölkəsində “rəngli inqilab” baş versə yanğın Vladivostoka qədər yayılacaq.
Virtualaz.org

araz.az xəbər portalı.