bb4f59b8f3e370513576a7168e9ffc31“Karantin yumuşalan kimi təkrar olaraq yenidən virusa yoluxanlar artacaq”
Dünya COVİD-19-un ikinci dalğasına qədəm qoyur. Alimlər İngiltərədə, Estoniyada, Almaniyada və Fransada daha güclü ikinci koronavirus dalğası barədə xəbərdarlıq edirlər.
BMT-nin Baş katibi Antonio Guterres bildirib ki, koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün  təhsil prosesini tam pozub. O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib:
“Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməyib. Pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi. İnkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi və əsas bacarıqları alaraq məktəbi bitirib”.
Dünya ölkələrində pandemiyanın ikinci dalğasının olacağı, Azərbaycanda da ciddi işlərin görülməsini zəruri edir. Vətəndaşların maksimum diqqətli olması və dövlətin mühüm tədbirlərə əl atması labüddür.
Vəziyyəti dəyərləndirən millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında vurğulayıb ki, hər bir vətəndaş özünü qorumaq üçün zəruri tədbirlərə əməl etməlidir:
“Sosial məsafəni saxlamaq, maska taxmaq, gigiyenik normalara əməl etmək vacib şərtdir. Ciddi qorunmaq lazımdır. Çünki koronavirusun vaksini hazırlanmasa, vəziyyət çətinləşəcək. Karantin yumuşalan kimi yenidən virusa yoluxanların sayı  artacaq.
Ona görə də səbirli və məsuliyyətli olmaq lazımdır. Çox güman ki, bu ilin  sonunda Azərbaycan koronavirusa qarşı istehsal olunan dərmanları əldə edə biləcək.
Onda xəstəliyə son qoyacağıq. O zamana qədər hər bir vətəndaş mütləq özünü qorumalı və verilən tövsiyələrə əməl etməlidir. Başqa çarə yoxdur”
araz.az

araz.az xəbər portalı.