Hindistanın Mumbay şəhərinə 24 saat ərzində yağan musson yağışları yarım əsrin rekordunu yeniləyib.
AZƏRTAC bildirir ki, Hindistanın Meteorologiya departamenti Mumbayın bəzi rayonlarına 330 millimetr yağıntı düşdüyü barədə məlumat yayıb.
“Avqustun 5-i yerli vaxtla saat 08:30-dan avqustun 6-sı saat 08:30-dək Mumbay şəhərinin Kolaba rayonuna 331,8 millimetr yağıntı düşüb. Bu, son 46 ilin rekord göstəricisidir”, – deyə departamentin “Twitter” səhifəsində bildirilir.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, şəhərdə yağıntının miqdarı azalsa da, yağışlar davam edəcək.
Artıq bir neçə gündür davam edən güclü leysan yağışları Mumbayın bəzi rayonlarının su altında qalması ilə nəticələnib. Yerli hakimiyyət orqanları təcili xidmət sahələri istisna olmaqla, bütün ofisləri və müəssisələri bağlamaq qərarına gəlib. Yerli sakinlərə vacib olmadıqda evlərindən çıxmamaq tövsiyə olunub. Həmçinin şəhərdə avtobusların hərəkəti məhdudlaşdırılıb, qatar reysləri dayandırılıb.
araz.az
araz.az xəbər portalı.