diaspor-rusiya.jpg


 “Əsas odur ki, adından asılı olmayaraq, mahiyyət bizi qane etsin”

Əkbər Qoşalı: “Ayrı-ayrı diaspor nümayəndələri ilə təmaslarımız nəticəsində belə rəy yaranıb ki…”

Xəbər verildiyi kimi, Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin yerində yeni Azərbaycan diaspor təşkilatı yaradılır. Bununla bağlı yayılan məlumata görə, yeni yaradılacaq təşkilatın Rusiya Azərbaycanlıları Konqresi adlandırılması təklif olunur. Bu, mümkün variantlardan biridir. Rusiyanın 70 regionunda diaspor icması yeni diaspor təşkilatının yaradılması ilə bağlı akademik Fazil Qurbanova müraciət edib. Bundan başqa, müraciət olunub ki, Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək üçün təşəbbüs qrupu yaradılsın.

Eyni zamanda Rusiyadakı bütün Azərbaycan diaspor icmalarında Vladimir Putinə dəstək qərargahı yaradılıb. Bu barədə Vladimir Putinin seçki qərargahına, Ümumrusiya Xalq Cəbhəsinə qərargahın yaradılması barədə müraciət olunub.

Putinin namizədliyinin dəstəklənməsi ilə bağlı yaradılan qərargaha F.Qurbanov rəhbərlik edir. 70 regionun hər birində yaradılan qərargahlara 3 nəfər daxildir. Qərargah “Rusiya azərbaycanlıları Vladimir Putini dəstəkləyir” devizi altında fəaliyyət göstərir. Qərargaha Rusiyada yaşayan tanınmış azərbaycanlılar, incəsənət, mədəniyyət, elm xadimləri daxildirlər.

Ümumilikdə, Rusiyada yeni diaspor təşkilatının adı ilə bağlı təklifə necə baxılır? Bu nə deməkdir və əvvəlki təşkilatın adından nə ilə fərqlənir ki, belə bir təklif verilib?

Məsələyə münasibət bildirən Milli QHT Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşalı buna bir neçə rakursdan yanaşdı. Onun fikrincə, bu təklifi daha çox xoş məram nümayiş etdirib arzuolunmaz vəziyyətdən çıxış vasitəsi və üsulu kimi qəbul etmək məqsədəuyğundur: “Ən azından, belə olduğuna inanmaq istərdim. Bütün hallarda, elə hesab edirəm ki, Rusiya kimi böyük federasiyada yaşayan azərbaycanlıların vahid bir təşkilatda birləşməsi vacibdir. Bundan əvvəl, məlum olduğu kimi, Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərirdi. Biz bacardığımız qədər həmin təşkilatın fəaliyyətini izləyirdik, uğurlu tərəflərini təqdir edirdik. Ancaq onu da nəzərə almalıyıq ki, hər bir dövlətin öz qayda-qanunu var. İstəsək də, istəməsək də, bu belədir. Təəssüf ki, bizi qane edib-etməməsindən asılı olmayaraq, ÜAK artıq tarixə çevrilib. Onun yerində ayrı bir adda təşkilatın yaradılmasına ehtiyac var. Ayrı-ayrı diaspor nümayəndələri ilə təmaslarımız nəticəsində belə rəy yaranıb ki, yeni bir təşkilat olmalıdır. Müşahidələr göstərir ki, soydaşlarımız bu zərurəti hiss edirlər. Nəticədə Rusiya Azərbaycanlıları Konqresi adında təşkilatın yaradılması təklifi verilib. Belə bir qərara gəlinməsi, hesab edirəm ki, problemlərdən qurtulmağın bir yolu kimi təqdim olunmalıdır. Əsas odur ki, adından asılı olmayaraq, mahiyyət bizi qane etsin. Rusiyadaki soydaşlarımızın hüquqlarının, mənafelərinin qorunması sahəsində bu təşkilat müəyyən addımlar ata bilsin. Ən başlıcası da Rusiya-Azərbaycan münasibətlərində üzərlərinə düşən tarixi missiyanı yerinə yetirmək imkanlarına malik olsunlar”.baki-xeber.com

araz.az xəbər portalı.