“Cəmiyyət olaraq qarşılaşdığımız hər problemin mütləq bir səbəbi vardır. Məsələn, “Azərbaycanlılar təhsilə meyilli deyil, kitab oxumaq istəmir, növbədə durmaq istəmirlər”, “Vəzifəyə hər gələn mütləq rüşvət alacaq”, “Biz düzələn deyilik” tipində hökm və qənaətlərin əvvəlində bir “niyə?” sualı var. Yəni, sadalananların hamısı nəticədir, səbəb deyil. İnkişafa mane olan bütün nəticələrin aradan qaldırılması üçün cəmiyyətin keçdiyi yol diqqətlə izlənilməli və səbəb düzgün müəyyənləşdirilməlidir”.
Pravda.az-ın xəbərinə görə, bunu vəkil Adil İsmayılov deyib.
A.İsmayılov qeyd edib ki, bu, təxminən xəstəyə dəqiq diaqnoz qoymağa bənzəyir: “Hadisələrə diqqət və məntiqlə yanaşılması onun meydana gəlmə səbəblərini müəyyənləşdirə bilir. Qısa desək, ölkənin iqtisadi, siyasi və sosial həyatındakı problemlər cəmiyyətin deyil, məhz idarəetmənin qüsurlarıdır. Ağıllı və hesabatlı idarəetmələrdə meydana çıxan hər problemin səbəbi diqqətlə öyrənilir və bir daha təkrar edilməməsi üçün bütün tədbirlər görülür. Digərlərində isə cəmiyyəti inandırmağa çalışırlar ki, sorumlu elə onun özüdür”.
araz.az
araz.az xəbər portalı.