manat25“Sizin tapşırığınızla, həmçinin işsizlikdən sığorta mexanizminin sadələşdirilməsi və genişləndirilməsi üçün təkliflər hazırlandı. Hazırda Sizin tərəfinizdən büdcə dürüstləşməsi zərfi çərçivəsində Milli Məclisə təqdim olunub. Bu qanun layihələrinin qəbul edilməsi imkan verəcək ki, işsizlikdən sığorta ödənişinin həcmini 20 min insana biz artıq bu il ərzində çatdıraq”.

araz.az-ın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, bu il sosial müdafiə tədbirləri də genişlənərək davam edib: “Pensiya, müavinət, təqaüdlər üzrə iki milyon şəxsi əhatə edən sosial ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz, yəni 590 milyon manat artdı və vaxtında, hətta bir çox hallarda vaxtından əvvəl vətəndaşlarımıza ödənildi. Bunu bir daha xüsusi olaraq vurğulamaq istərdim ki, bu ödənişlərin pandemiya dövründə belə vaxtından əvvəl və artaraq ödənilməsi Azərbaycanın minimum pensiya üzrə MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerdə, orta pensiya üzrə isə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerdə qərarlaşmasını təmin etdi.

Cənab Prezident, sosial təminat proqramlarımız da genişləndi. Ünvanlı sosial yardım proqramının artırılması, əlavə 14 min ailənin, 58 min şəxsin bu proqrama cəlb olunması, digər tərəfdən mənzil və avtomobil təminatı proqramımızın genişləndirilməsi çox önəmli rol oynadı. Sizin altı aylıq sosial-iqtisadi inkişafa dair keçirdiyiniz müşavirədə verdiyiniz tapşırığa uyğun olaraq, artıq 554 mənzil vətəndaşlarımıza təqdim edilib. Yəni, təkcə son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Siz Bakı şəhərində yerləşən binanın açılış mərasimində iştirak etdiniz və şəhid ailələrinə bu mənzilləri təqdim etdiniz. Digər tərəfdən, Sizin çağırışınıza səs verən sosial tərəfdaşlarımızın köməyi ilə 100 min ailəyə iki dəfə, yəni faktiki 200 min ərzaq payı təqdim olundu. Burada əsas əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı digər kateqoriyadan olan insanlara dəstək tədbirləri göstərildi.

Əlbəttə, sosial təminat sahəsində çox önəmli bir yeri də məhz tənha yaşayan ahıl şəxslər tutur. Burada da verilmiş tapşırığa uyğun olaraq, ölkə üzrə 65 yaşdan yuxarı 15 min tənha şəxs nazirliyin sosial xidmətçiləri tərəfindən gündəlik xidmətə götürüldü. Eyni zamanda, mindən artıq əlilliyi olan, sağlamlıq imkanı məhdud uşaqlar bizim sosial xidmət müəssisələrimizdə 24 saatlıq tam xidmətə götürüldü. Əlavə olaraq bildirim ki, bu dövr ərzində – aprel ayından bu günədək 10 mindən çox şəxsə də reabilitasiya vasitələri təqdim edildi. Bu da əlilliyi olan şəxslər üçün daha bir dəstək tədbiri idi”.

 

araz.az

 

araz.az xəbər portalı.