Beyrutun mərkəzində nümayişlər zamanı odlu silahdan atılan atəş nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb.
Bu barədə “Al-Hadath” telekanalının “Twitter” səhifəsində məlumat yer alıb.
Məlumata görə, daha bir neçə nəfər odlu silah yarası alıb.
Bildirilir ki, şəhərdə keçirilən aksiyalar zamanı etirazçılar Livan XİN-in binasına daxil olublar. Binanın yaxınlığında cəmləşən polislər onlarla danışıqlar aparır. Bildirilir ki, etirazçılar burada prezident Mişel Aunun portretini yandırıblar və XİN-in binasını özləri üçün mənzil-qərargah elan ediblər.
“Sky News Arabia” telekanalının məlumatına görə, etirazçılar, həmçinin Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına daxil olublar/APA.
Məlumatda o da bildirilir ki, Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 230 nəfəri keçib.
Livanın paytaxtı Beyrut şəhərinin mərkəzində polis qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada 130 şəxs yaralanıb.
Bu barədə Livan Qızıl Xaç Cəmiyyəti öz “Twitter” səhifəsində məlumat verib.
Bildirilib ki, 28 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.
Mitinqlər Beyrutun mərkəzindəki parlament binasının qarşısından başlayıb.
Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, etirazçılar limanda baş verən partlayışdan sonra hazırkı hökumətin istefasını tələb edirlər/Report.
Livanın paytaxtı Beyrutda etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına giriblər.
“RİA Novosti” xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına girərək “Beyrut – silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.
Bildirilir ki, Beyrut limanında baş vermiş partlayış zamanı Xarici İşlər Nazirliyinin binası da ciddi ziyan görüb.
Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar keçirilməsi tələbi ilə hökumət əleyhinə mitinqlər keçirir. Aksiya iştirakçıları kütləvi şəkildə polisə daş və partlayan pirotexnikalar atırlar. Polis qüvvələri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edir/APA.
araz.az xəbər portalı.