33_1518642000.jpg


 BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi – Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın baş katibi Antonio Quterreşin adına məktubu dərc olunub.

Araz.az-ın məlumatında qeyd olunur ki, Ermənistan prezidenti Serj Sarkisyanın 2018-ci il yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının tribunasından səsləndirdiyi saxta fikirlər əsaslı şəkildə ifşa olunur. Azərbaycanın daimi nümayəndəsi qeyd edir ki, Ermənistan tarixi hadisələrin yalançı versiyaları və uydurma hüquqi dəlillərdən istifadə edərək, Azərbaycana və onun xalqına qarşı öz təcavüzkar siyasətini və törətdiyi cinayətləri ört-basdır etmək üçün bir daha beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Tarixi aspektlərə gəldikdə isə məktubda xatırladılır ki, ermənilərin Dağlıq Qarabağ regionuna və ümumilikdə Cənubi Qafqaza köçürülməsi XIX əsrdə – o zaman çarizmin mövcud demoqrafik vəziyyətin və ərazi strukturunun dəyişdirilməsinə yönəlmiş müstəmləkəçilik siyasəti çərçivəsində başlayıb. Qeyd olunur ki, 1978-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunda məskunlaşmanın 150-ci ildönümü münasibətilə ermənilər “Marağa-150” abidəsi ucaldıb. Lakin 1988-ci ildə, Ermənistanın Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürməsindən dərhal sonra onlar bu abidəni məhv ediblər.
Vurğulanır ki, zorla qəbul etdirilmiş demoqrafik dəyişikliklər regionda kütləvi qətliamlar və azərbaycanlı əhalinin deportasiyası ilə müşayiət olunan uzunmüddətli qeyri-sabitlik, gərginlik və münaqişələr üçün zəmin yaradıb. Məlumat verilir ki, 1905-ci və 1918-ci illərin hərbi əməliyyatları minlərlə insanın həyatına son qoyub, 31 mart tarixi isə 1918-ci ildə ermənilərin qətlə yetirdyi minlərlə dinc insanın xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

“Ermənistanın özündə əhalinin sayının labüd olaraq azalması faktı üzərindən sükutla keçilir”
Məktubda Ermənistan prezidentinin sovet dövründə, guya Bakının Dağlıq Qarabağda erməni əhalisinin azaldılması istiqamətində məqsədyönlü siyasəti ilə bağlı söylədiklərinə də diqqət yönəldilir. Qeyd olunur ki, Ermənistanın özündə əhalinin sayının labüd olaraq azalması faktı üzərindən sükutla keçilir. Belə ki, Ermənistan Milli Statistika Xidmətinin 2017-ci ilə dair hesabatına görə, Ermənistan əhalisinin sayı 1993-cü ildəki 3 514 900 nəfərdən 2017-ci ildə 2 986 100 nəfərədək azalıb.
Erməni tərəfinin Sumqayıt hadisələri haqqında növbəti iftirasına cavab olaraq qeyd edilir ki, Azərbaycanın müxtəlif yerlərində etnik zəmində baş vermiş iğtişaşlar Ermənistanın qeyri-qanuni qəsbkarlıq cəhdlərinin və bu cəhdlərin zorakı yollarla həyata keçirilməsinin ört-basdır edilməsi məqsədilə erməni ideoloqları və ekstremist təşkilatları tərəfindən planlaşdırılıb və həyata keçirilib. Xatırladılır ki, Sumqayıtda iğtişaşlar zamanı zorakılıq aktlarının əsas təşkilatçısı və iştirakçısı törətdiyi cinayətlərə görə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş erməni EduardQriqoryan olub.
Məktubda Serj Sarkisyanın əvvəllər verdiyi müsahibədə Xocalı soyqırımı haqqında sözləri də misal gətirilir. Bu sözlər özü-özlüyündə erməni tərəfinin bu şəhərdə və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdiyi cinayətlərin məsuliyyətini hər hansı şəkildə inkar etməsi ehtimalını istisna edir.
Həmçinin 2016-cı ilin aprelində cəbhə xəttində baş verənlər haqqında erməni versiyası tam təkzib olunur: “Əsl həqiqətdə, o zaman baş verənlər ermənilərin Azərbaycana qarşı güc vasitələrindən istifadə edilməsi və onun ərazilərinin işğalı siyasətinin birbaşa nəticəsi və davamıdır”, – deyə məktubda qeyd olunur.
Bundan başqa, erməni tərəfinin insan haqları və öz müqəddəratını təyinetmə mövzularında spekulyasiyaları da qətiyyətlə rədd edilir. Xatırladılır ki, beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistan rəhbərliyinin Azərbaycana və başqa qonşu dövlətlərə qarşı mənfur irqi üstünlük, etnik və dini ziddiyyət və nifrət ideyalarının açıq təbliğatı, Ermənistanda hökm sürən dözümsüzlük və aparılan diskriminasiya siyasəti və praktikası ilə bağlı hiddətini ifadə edib.

“Ermənistan xalqların öz müqəddəratını təyin etməsi hüququ prinsiplərini təhrif olunmuş və yanlış şəkildə yozur”
Həmçinin vurğulanır ki, Ermənistan xalqların öz müqəddəratını təyin etməsi hüququ prinsiplərini təhrif olunmuş və yanlış şəkildə yozur. Əslində, Yerevanın siyasəti BMT-nin Nizamnaməsində, 1975-ci il Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərdə təsbit olunmuş öz müqəddəratını təyinetmə hüququ ilə heç cür bir araya sığmır. Ermənistanın “öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi” adlandırdığı hərəkətlər BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq qanunsuz güc tətbiqi və digər ciddi cinayətlər törədilməsi kimi qiymətləndirilib.
Sonda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrinə uyğun olaraq aparılan hazırkı sülh prosesinin əsas məqsədi erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsi və zorla köçürülmüş əhalinin öz torpaqlarına qaytarılması hüququnun təmin olunmasıdır.

XİN iki nəfəri “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarıb
Yeri gəlmişkən, Argentina Respublikasının vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Xuan Manuyel Domingez Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.XİN-in mətbuat xidmətindən bildiriblər ki, məktubunda Xuan Manuyel Domingez 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
Xuan Manuyel Domingez Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20 mindən artıq insanın həlak olduğunu bildirib.
Xuan Manuyel Domingez, həmçinin “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərsləri təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu bildirib.
Musiqiçi Xuan Manuyel Domingezin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Bununla yanaşı , Rusiya Federasiyasının vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Dmitri Uvarovda Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məktubunda Dmitri Uvarov 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
Dmitri Uvarov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini bildirib, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
O, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20 mindən artıq insanın həlak olduğunu qeyd edib.
Dmitri Uvarov, həmçinin “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib. Dmitri Uvarovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.palitranews.az

araz.az xəbər portalı.