127hsdf87124Erməni fitnəsi bu dəfə yəhudilərə ünvanlanıb. Belə ki, onlar İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəyə “Yahudilərə ölüm” yazıb, svastika çəkiblər. Ermənistan Yahudi Cəmiyyətinin sədri Rimma Varjapetyan “bu, erməni xalqının Azərbaycana silah satan İsrailə etirazıdır”, – deyə bildirib.

Modern.az xəbər verir ki, ermənilərin bu barbarlığı Azərbaycan ictimaiyyətində də narazılıqla qarşılanıb.

Parlament Jurnalistlər Birliyinin sədri,  Modern.az İnformasiya Agentliyinin rəhbəri Elşad Eyvazlı  bildirib ki, son zamanlar Ermənistan bir çox ölkə ilə bütün sahələrdə diplomatik münasibətlərini sıfıra endirir:

“Bu da onunla əlaqədardır ki, dünya Ermənistanın işğalçılıq siyasətini, Azərbaycan torpaqlarını mənimsəməsini və bu durumun bəşəriyyətə təhlükə olduğunu dərk edir. Bir müddət öncə Tovuz hadisələri baş verəndə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların dinc, sivil aksiyaları baş tutdu. Erməni diasporu isə bu aksiyalar zamanı işğal etdikləri Azərbaycan ərazilərində, Xocalıda hansı zorakılıqları törədiblərsə, o formada, barbar şəkildə həmin sivil aksiyalara qarşı mübarizəyə başladı. Bu da onu göstərir ki, artıq erməni diasporu Azərbaycan diasporu ilə sivil qaydada danışa bilmir, özlərinə uyğun şəkildə zorakılıq yoluna əl atıblar.

Hesab edirəm ki, bu proseslərdə bir əlaqə var. Artıq dünya azərbaycanlıları ayağa qalxır, dünyanın hər bir ölkəsində dövlətlərin qayda qanunlarına əməl etməklə dinc aksiya keçirirlər, öz dərdlərini, Azərbaycanın problemlərini dünyaya çatdırırlar. Bundan sonra isə həmin dövlətlər haqqa uyğun şəkildə Ermənistanın işğalçılıq siyasətinə qarşı fikirlər səsləndirirlər. Düzdür, dünya hələ də Qarabağ məsələsinə ikili standartlarla yanaşır, sadəcə bəyanatlarla kifayətlənir. Bu isə bizim istədiyimiz şəkildə ədalətin bərpa olunması demək deyil. Azərbaycanlıların fəal olduğu ölkələr sırasında Ukrayna, İsrail, Türkiyə, Rusiyanın bəzi dairələri, Şərqi Avropa ölkələri, digər dövlətlər var. Deməli, bu cür hallarda Ermənistan diasporu hansı addımlara əl atırdısa, indi Ermənistan dövləti də buna gedir. Bütün dünya yəhudilərə qarşı olan soyqırımı qəbul edib, bu təsdiq edilib. Erməni faşizmi görün hansı şəkildədirsə, faşistlərin addımlarını təkrarlayırlar. Yəhudi soyqırımını dünyaya çatdıran abidənin üzərinə “yəhudilərə ölüm” yazırlar. Bu tək yəhudilərə deyil, dünyaya, insanlığa qarşı çıxışdır”.Eyvazlı hesab edir ki, bu məsələni daha çox ictimailəşdirməli, dünyanın ayrı-ayrı ölkələrində diqqətə çatdırmalıyıq:

“Ermənilər artıq iç üzlərini göstərirlər. Dünya azərbaycanlılarının Tovuz döyüşləri zamanı fəallığı ermənilərin iç üzünü açdı. Biz erməniləri pisləyir, “onlara ar olsun” deyirik. Bu insanlığa sığmayan bir addımdır, barbarlıqdır. Lənətləyirik. Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəyə hücum edənlər özlərinin soyqırım törətdiklərini təsdiqləyirlər. Həmin məsələ ilə bağlı müxtəlif təsisatlara müraciətlər də etməliyik”.

Milli Məclisin Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü Asim Mollazadə isə xatırladıb ki, araşdırmalara görə, dünyada ən sərt antisemitizm məhz Ermənistanda yayılıb:

“Ermənistanın beynəlxalq yəhudi konqresinin Yahudi Cəmiyyətinin sədri Rimma Varjapetyandır. Sonuncu Ermənistanda yaşayan yəhudinin arvadı olmuş erməni qadındır.

Ermənilərin faşist işarələrini yəhudi məzarlarına qazımaları göstərir ki, faşizm üçün qulluq edən erməni qatilləri bu ideologiyanı indi də davam etdirirlər. Faşistlərin törətdiyi əməlləri təbliğ edən ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində, Xocalı soyqırımında əsl mahiyyətlərini nümayiş etdiriblər. Təsadüfi deyil ki, nifrətlə yaşayan Ermənistan bu gün yəhudilərə hücum edir. Ermənistanda faşist ideologiyası təəssüf ki, aparıcı fikrə çevrilib.

Mənə elə gəlir ki, Azərbaycan yəhudilərlə qardaşlıqda yaşayan xalq kimi belə bir nifrətin olduğunu bütün dünyaya nümayiş etdirməlidir. Çünki antisemitizm, nifrət ümumilikdə insanlığa qarşı cinayətdir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan hökuməti və erməni lobbisi hər zaman belə iyrənc işlərlə məşğuldur:

“Azərbaycan və Türkiyə bayraqlarına qarşı da vaxtaşırı bu cür iyrənc hərəkətlərini görürük. İrəvanda Türk sərkərdəsinə qarşı abidə qoyublar. İndi isə yəhudi qəbirsanlığına hücum edirlər. Ermənistan uzun müddətdir ki, İsrail-Azərbaycan əməkdaşlığından, İsrailin Azərbaycana silah satmasından narahatdır. Buna baxmayaraq, Ermənistanın İsrayılla da dialoqu var və hətta bir müddət öncə xəbər yayıldı ki, səfirlik açmaq haqqında müzakirələr gedir. Amma hadisələr göstərir ki, Ermənistan yenə də İsraillə münasibətləri gərginləşdirmək yolu tutub. Holokost abidəsinin dağıdılması, ora müxtəlif işarələrin atılması İsraildə rezonans doğuracaq. Çünki başqa ölkələrdə belə hadisələr baş verəndə İsraildə böyük nifrətlə qarşılanır. Düşünürəm ki, bu hadisənin İsrail-Ermənistan münasibətlərinə ciddi mənfi təsiri olacaq”.

İsraillə Azərbaycanın yaxşı münasibətləri olduğunu qeyd edən E.Şahinoğlunun fikrincə, bu hadisəni həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə pisləməliyik:

“İsraildə də bunu vurğulayırlar ki, Azərbaycan az ölkələrdən biridir ki, tarixən heç zaman yəhudilərə qarşı antisemitizm olmayıb. Onlar burada rahat şəkildə yaşayırlar. Bunun özü bizim üstünlüyümüzü göstərir və ona görə bu hadisəni pisləməliyik”.

araz.az

araz.az xəbər portalı.