Azərbaycan vətəndaşı Ələkbərov Ələkbər Rövşən oğlu girov götürülüb. Ona işgəncə verərək ailəsindən pul tələb edirlər.
Turkustan.info bildirir ki, bu barədə Musavat.com-a Ələkbər Ələkbərovun ailə üzvləri məlumat verib.
Məlumatda bildirilir ki, 1983-cü il təvəllüdlü Ələkbər Ələkbərovun Özbəkistanda və ya Qazaxıstanda girov götürüldüyü ehtimal edilir. Onun ailə üzvlərinə bu barədə dəqiq məlumat verilməyib.
Musavat.com bu barədə adı çəkilən hər iki ölkənin səfirliyi ilə əlaqə saxlayıb. Özbəkistan səfirliyindən bildirilib ki, Ələkbər Ələkbərovun həmin ölkəyə daxil olması barədə rəsmi məlumat yoxdur. Amma buna baxmayaraq araşdırma aparılır.
Qazaxıstan səfirliyindən də bildirilib ki, artıq hadisə barədə məlumatlıdırlar və araşdırma gedir. Səfirlik tərəfindən Qazaxıstanın rəsmi qurumlarına müraciət edilib. Ələkbər Ələkbərovun Qazaxıstana daxil olması ilə bağlı hələ ki, rəsmi məlumat təsdiqlənməyib.
Yaxınları deyir ki, Ələkbər Ələkbərov böyük ehtimalla Özbəkistandadır. Onun Qazaxıstandan Özbəkistana qonaq getdiyi, orada girov götürüldüyü bildirilir.
Ələkbər Ələkbərovun hansı səbəbdən girov götürülməsi barədə dəqiq məlumat yoxdur. Sadəcə onun ailə üzvlərinə göndərilən səs yazılarında və video görüntülərdə ona işgəncə verildiyi məlumdur.
araz.az xəbər portalı.