Oktay Qasımov
MM üzvü, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun “Yeni Müsavat”dakı “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı” yazısı əvvəlkindən üslub və problemə yanaşma baxımından fərqlənsə də, bir çox məqamları ilə növbəti dəfə suallar yaratdı.
Təəssüf ki, dövlətin beyin mərkəzi hesab olunan bir quruma rəhbərlik edən şəxsin yazısında məsələlərə münasibətdə obyektiv intellektual yanaşma, elmi əsaslandırma, dəqiqlik əvəzinə, uzun cümlələr yığını, mədhiyə, rabitəsizlik və tarixi təhrif etmə üslubu önə çıxıb.
Ən faciəlisi qarşımızda başqa dövlətin vəkilliyini edən obrazın dayanmasıdır. Hələ şükr etmək lazımdır ki, keçən yazısında cəmiyyətdə ciddi narazılıq yaradan “Türk ordusunun Azərbaycana gəlişi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirir” kimi Türkiyəni ittiham edən zərərli mövqeyindən geri çəkilib. Təhrif və yalnışlarla zəngin yazının hər abzası ayrıca cavabı haqq etsə də, bunu etməyə dəyməz. Sadəcə olaraq iştirakçısı və şahidi olduğum hadisələrin qərəzlə təhrif olunmasına münasibət bildirməyi vacib saydım.
Sovetlərin dağılması prosesinə kumiri Putindən betər ürək ağrısı ilə yanaşaraq, bunu “böyük humanitar fəlakət və sovetlərin yaratdığı iqtisadi sərvətlərin dağılması” kimi qiymətləndirib, xalq hərəkatı nəticəsində Qamsaxurdya, Ter – Petrosyan, Elçibəy kimi şəxslərin hakimiyyətə gəlməsini və ideyalarını həyata keçirməyə çalışmasını faciə sayır. Cənabın düşüncəsinə görə, sovet rejiminə qarşı olan bu şəxslər hakimiyyətdə olanda sovet ideologiyasını davam etdirməli imiş. Yazının əsas hədəfi isə Əbülfəz Elçibəydir. Elçibəyə hücumunun səbəbini yaxşı bilirəm. Amma anlamalıdır ki, buradan ona çörək çıxmaz. Elçibəy haqqında yazmağa cəhd edən deputata tövsiyəm: Elçibəyi anlamaq və bir daha səhvlərə yol verməmək üçün onu daha çox oxumaq lazım. Əks halda rəhbəri olduğun quruma haqsızlıq edərsən.
Elçibəyin müstəqilliyini yeni qazanmış Azərbaycanın demokratik dünya ilə əlaqələrinin inkişafına çalışmasını, hərbi-siyasi avantüra, ABŞ və Qərbi Avropanın Qafqazı öz təsir dairəsinə almaq siyasətinin dağıdıcı tərkib hissəsi kimi dəyərləndirmənin qiymətini verməyə çətinlik çəkir, bunu cəmiyətin öhdəsinə buraxıram. Amma unudur ki, patriarx adlandırdığı H.Əliyev də əsasını Elçibəyin qoyduğu xarici siyasət kursunun əsas istiqamətlərinə böyük ölçüdə toxunmadı.
Qərbin neft şirkətləri ilə müqavilələr bağlandı, Avropa strukturlarına daxil olub, Beynəlxalq konvensiyalara qoşuldu, NATO ilə əməkdaşlıq edildi.
Yazıda belə ziddiyətli məqamlar yetərincədir.
Ardıcıllıqla bunlara bəzilərinə münasibət bildiriləcək.
Deputat yaxşı bilir ki, Elçibəy hər zaman dövlətin maraqlarından çıxış edib, milli maraqlarımızın əleyhinə olan məsələlərdə güzəştə getməyib. Elçibəyin hakimiyəti dövründə hansısa anti Rusiya platforması adlandırılan formatların yaradılması iddiası əsassızdır. Hətta kənarda kimsə buna cəhd edibsə belə, bunun səbəbkarı Rusiyanın həmin dövlətlərə törətdiyi təhlükə və qonşuların daxili işlərinə müdaxilə edən aqresiv siyasətidir. Elçibəyin Dövlətin və millətin müdafiəsi modelləri üzərində düşünməsi onu niyə narahat edir? Guya deputat bilmir ki, H.Əliyevin iştirakı ilə GUAM-ın yaradılması məhz Rusiyanın təzyiqləri ilə birbaşa əlaqəlidir. Deputat bunun da əleyhinədir?
Milli azadlıq hərəkatlarının mahiyyətindən xəbərsiz deputat Çeçenistanın mərhum prezidenti C. Dudayevi hərbi andı pozmaqda, öz xalqının azadlıq mübarizəsində iştirakda, Rusiyaya qarşı çıxmaqda ittiham edir. Bir millətin azadlıq mübarizəsi nə zamandan cinayət sayılıb və niyə süngü ilə qarşılanır? Sizcə Çeçenlər və Qafqazın digər yerli xalqları Rusiya işğalı və bu işğalın nəticəsində başlarına gətirilən faciələrə görə təşəkkür etməlidir? Yermolov və digərlərinin qanlı fəaliyyətləri orada yaşayan insanların yaddaşlarından hələ də silinməyib. 1994-2001-ci illərdə Çeçenistan müharibəsində yüz mindən artıq insanın qəddarlıqla öldürülməsinə görə təşəkkür edilməlidir?
Axı öldürülən bu insanların 90%-dən çoxu dinc sakinlər idi. Yəqin Türkiyənin Qara dəniz bölgəsində yaşayan Qafqaz əsilli insanların çox uzun zaman nədən balıq əti yemədiyini bilmirsiniz. Bunun səbəbi Rusiya işğalı zamanı törədilən qəddarlığın nəticəsində 19-cu əsrdə Şimali Qafqazı tərk edib Osmanlıya qaçarkən Qara dənizdə batan və dalğaların balıqların cəsədlərini yediyi yüz minlərlə insan meyidinin sahillərə çıxarması idi. Onların bir çoxu məhz bu səbəbdən indi də balıq əti yemir.
Deputatın düşüncəsinə görə Azərbaycan xalqı 1804-ci ildə Gəncədən başlanan Rusiya işğalını, Gülüstan müqaviləsi ilə millət və coğrafiya olaraq ikiyə bölünməmizi, işğal nəticəsində Azərbaycanın əsilzadə nəsillərinin məhv edilərək Rusiyaya sədaqətli müti insanlarla əvəzlənməsini, döyüşkən ruhlu bir xalqı hərbi xidmətdən uzaqlaşdırıb müti kütləyə çevirməsini, tarixi ərazilərimizə erməniləri yerləşdirib əvvəl İrəvan xanlığında Erməni Vilayəti, sonra isə Ermənistan dövləti yaratmasını alqışlamalıyıq.
Bəlkə 27 aprel işğalına, 1930-cu illərdə on minlərlə düşünən insanımızın məhv edilməsinə görə təşəkkür etməliyik? Yaxud Dağlıq Qarabağda separatçı rejim yaradıb Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaratmasına, Ermənistandan yüz minlərlə soydaşımızın qovulmasına imkan yaratdığına, 20 yanvar qırğınında, Xocalı soyqırımında, Şuşa, Laçının və digər əraziləriin işğalında birbaşa iştirak etdiyinə görə alqışlamalıyıq?
Rusiyanın Güney Azərbaycanda Səttərxan, Xiyabani və Pişəvəri hərəkatlarının boğulması, Urmiyadakı törədilən soyqırımda iştirakına toxunmaq istəmirəm.
1994-cü ildə Dudayevdən müsahibə alan “Azadlıq” qəzetini silahlı müxalifətin qəzeti adlandıran deputat bilməlidir ki, o, yeniyetmə olanda həmin AXC-nin beş mindən artıq üzvünün ölkənin ərazi bütövlüyü uğrunda şəhid olması bahasına qurulan dövlətin isti kabinetlərində indi oturub müstəqilliyin dadını çıxarır. Tarix bilgisi zəif olan deputata xatırlatmaq istəyirəm ki, Dudayevin acı gerçəkləri “anlayıb” müsahibə verdiyi 1994-cü il tarixdə Elçibəy hakimiyətdə deyildi, devrilmşdi.
Şevarnadzeyə istinad edilən “Elçibəyin kabinetində olarkən Dudayevlə görüşməyimi istədi. Bir mərtəbə aşağı düşdük. O, mənə antirusiya ittifaqı qurmağı təklif etdi. Mən Rusiyanın gücünü bildiyimdən sakitcə Gürcüstanın belə planda olmayacağını bildirdim” fikri tamamilə uydurmadır.
Həmin görüş haqqında ətraflı məlumatı olan və Şevarnadze ilə Elçibəyin 1993-cü ilin aprelində Ankaradakı görüşündə iştirak etmiş şəxs kimi onun bu faktı bilərəkdən təhrif etdiyini düşünürəm. Soruşmaq lazım Şevardnadze bu fikri sənə şəxsən dedimi, yoxsa haradasa yazıb və ya səsləndirib?
Həqiqət budur ki, Şevarnadzenin Bakıya səfəri 1993-cü ilin 3 fevralında baş tutub. Səfərdə iki ölkə arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” haqqında müqavilə daxil, 20-dən artıq saziş imzalanıb. Dudayevin Bakıya gəlişi Şevarnadzenin istəyi ilə olub.
Onların arasında Çeçenistanda olan devrilmiş prezident Qamsaxurdiyaya görə müəyyən sıxıntılar vardı. Dudayevlə bu məsələ müzakirə ediləcəkidi. 3 liderin görüşündə Orucun iddia etdiyi kimi, anti Rusiya platformasının yaradılması yox, Qafqazda sabitliyin, əmin amanlığın bərqərar olunmasının yolları və əməkdaşlıq məsələləri müzakirə edilib.
Əməkdaşlığın formalarından biri kimi, 19-cu əsrdə Axundov tərəfindən səsləndirilən, 1918, 1920,1930-cu illərdə Qafqaz xalqlarının təmsilçiləri tərəfindən müxtəlif səviyyələrdə müzakirə edilən və 1991-ci ildə Dudayev tərəfindən yenidən gündəmə gətirilən “Qafqaz evi” ideyası da müzakirə edilib.
Müzakirə zamanı Şevarnadze ideyanı dəstəkləyib və Elçibəyin Qafqaz evinin sədri olması təklifini verib. Elçibəy isə birliyə daxil olacaq dövlətlərin hüquqlarına hörmətlə yanaşdığını və növbəli sədrliyə tərəfdar olduğunu bildirib. Onun təklifi qəbul edilib. Razılaşmaya görə Şevarnadze Yeltsinlə Dudayevin münasibətlərinin düzəlməsi üçün vasitəçilik etməli, Dudayev Ermənistanın prosesə cəlb edilməsi üçün Ter-Petrosyanla danışıqlar aparılmalı idi. Dudayevin Ter-Petrosyanla danışıqları nəticə vermədiyindən məsələ yarımçıq qalıb.
Şevarnadze ilə Elçibəyin 1993-cü ilin aprel ayında Anakarada baş tutan görüşündə də əsas müzakirə mövzusu iki ölkə arasındakı əlaqələr, Qafqazda sabitliyin, sülhün bərqərar olması və regional əməkdaşlıq məsələsi olub. İştirakçısı olduğumuz tarixi həqiqət bundan ibarətdir. Orucun iddia etdiyi kimi Bakı görüşünə qədər Azərbaycan bir-iki kiçik istisna ilə hərbi məğlubiyyətlər seriyası yaşamamışdı. İlk böyük hərbi məğlubiyət bu görüşdən iki ay sonra, Rusiyanın iştirakı ilə Kəlbəcərdə yaşanıb.
Elçibəyin anti Rusiyaçılıqda ittiham edilməsi iddiaları əsassızdır. Çünki Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verən Elçibəy ilk rəsmi səfərini 1992-ci ilin oktyabrında məhz Rusiyaya edib və iki ölkə arasında “Dastluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” saziş imzalanıb. Bu keçmiş Sovet respublikaları arasında bir ilk olub. Daha sonra Rusiya ilə müxtəlif sahələri əhatə edən 30-dan artıq saziş imzalanıb.
Praqmatik siyasətçi olan Elçibəy Rusiyanın bölgədə maraqlarını, potensialını dəqiq bildiyindən onunla ən yüksək səviyyədə əməkdaşlığın tərəfdarı olsa da, təslimçiliyin əleyhinə olub. Kimin xoşuna gəlib gəlməməsindən asılı olmayaraq tarixi gerçəklik budur. Soruşmaq lazım nədən Qafqazda əməkdaşlıq mühiti və sabitliyin yaranmasına qarşısınız, yaxud bunu ancaq Rusiyanın edə biləcəyini düşünürsünüz? Nə üçün burada yaşayan xalqlar məsələlərini öz aralarında həll etməməlidir, bunu hökmən başqası, məsələn Rusiya həll etməlidir? Rusiyanın slavyan qardaşları Ukraynada və son günlər Belarusda etdikləri Sizcə doğru hərəkətlərdir? Necə olur Baltik ölkələrinin dərin əməkdaşlığı, Avropa ölkələrinin vahid Avropa yaratmaq fəaliyyətləri müsbət qarşılanır, amma Qafqaz evi ideyası anti Rusiya platforması kimi təqdim olunur?
Z.Oruc yəqin Qafqaz evi ideyasına H.Əliyevin münasibətindən xəbərsizdir.
Bilmirsə, deputat həmkarı Musa Qasımlıdan öyrənsin (“Həftə içi” qəzeti 17 fevral 2011-ci il).
Vaxtı olsa, fəlsəfə doktoru Zaur Əliyevin Publika.az saytında dərc edilən 19 oktyabr 2019-cu il tarixli “Qafqaz Evi ideyası: tarixi və bu günü” məqaləsini oxuması da məsləhətdir. Onda biləcək ki, bu ideya Axundov tərəfindən irəli sürülüb, sonrakı dövrlərdə M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov və s. iştirakı ilə müxtəlif səviyyələrdə müzakirə olunub, qərarlar qəbul edilib.
Bunu başqa cür dəyərləndirib, guya Elçibəyə ilişmək istəyirsə, hənim tarixləri bilmədiyi üçün özü yaxşı görünmür. “Qafqaz konfederasiyası qurmaq”da ittiham etdiyi Elçibəydən bu mövzuda bir sitat gətirsə ona təşəkkür edəcəm. Şevardnadzenin “Heydər Əliyevdən sonra məsləhətləşməyə kimsə qalmadı” fikrini təkrarlamağın özü məhz Şərq nağılları ilə silahlanmış orta əsr zehniyətinin bir göstəricisidir.
Beynəlxalq miqyasda böyük nüfuza malik Böyük Britaniyanın keçmiş Baş Naziri Marqaret Tetçerin müstəqilliyini bərpa etmiş Azərbaycana səfəri əhəmiyyətli hadisə idi. Növbəti fantaziya guya Gülüstan sarayında 30 milyonluq çekin təqdimatı və NATO qüvvələrinin dəvəti ilə bağlıdır. Elçibəy hökuməti Böyük Britaniya daxil demokratik dünya və Qərblə əlaqələri inkişaf etdirmək xətti, səhv idisə, onda H.Əliyev niyə bu siyasəti davam etdirdi. Belə çıxır ki, Z.Oruc siyasi patriarx dediyi H.Əliyevin siyasətinin doğru olmadığı qənaətindədir.
Elçibəy Cumhuriyət tarixini də, İran tarixini də, İngilis general Tomsonun Bakıdakı fəaliyyətini gözəl bilirdi. Təəsüf ki, ölkənin beyin mərkəzinin başındakı şəxs 27-28 il əvvəlki tarixi ya bilmir, ya da hansısa səbəblərdən onu təhrif edir. Elçibəyi qonşu dövlətlərlə düşmən olmaqda ittiham edən zatdan soruşuram, həmin qonşu dövlətlər olan Ermənistan, İran və Rusiyanın bu günə qədər davam edən məlum siyasətlərinin səbəbi nədir?
2001-ci ildə İranın hava sərhədlərimizi pozub, neft platformalarını təhdid etməsi həyatda olmayan Elçibəyə görə idi? 2010-cu ildə Azərbaycandan soruşmadan Araz üzərində Hidroqovşaqlar tikilməsinin adı nədir?
1994-1995-ci illərdə Rusiyanın Azərbaycanı iqtisadi blokadaya alması Elçibəyə görə idi? Axı o, hakimiyyətdə deyildi, devirmişdilər. Moskva yaxşı tanıdığı H.Əliyev iqtidarına da problemlər yaradırdı. Çox təriflədiyiniz Putinin erməni elitası ilə görüşündəki çıxışını və ermənicə salam verməsini bəlkə izləmisiniz. Oradakı çıxışında I Pyotrun ermənilərə himayədarlıq edilməsi haqqındakı fikirlərini təkrar edən Putinin “300 ildə bu fikirlər həyata keçdi. Deyildi və edildi” çıxışı canımızı sıxdı.
Azərbaycanlı jurnalistə etinasızlıqla “bilirəm Qarabağdan sual verəcəksən deyib” başından etməsini yəqin xatırlayarsınız. Türkiyə prezidenti Ərdoğanın Qarabağ probleminin müzakirə etmək istəyini “bu mürəkkəb məsələdir” deyib geri çevirməsini bilməmiş deyilsiniz.
Ən son 2013-2014-cü illərdə Putinin Bakıya hərbi gəmi ilə gəlməsi və Azərbaycana təzyiq üçün “Milyarderlər İttifaqı” yaratması hələ də yaddaşlardadır. Sizcə nədən belədir?
Demək ki, bu siyasət Elçibəyə və ya digər biri ilə bağlı deyil, dövlətlərin siyasətidir. Rusiyanın yaratdığı Qarabağ problemini Azərbaycan və Türkiyə ilə birlikdə həllinin mümkünlüyünü bildirirsiniz. Buna ümidim çox-çox az olsa da, Sizin haqlı çıxmanızı ürəkdən arazulayıram. Qeyd etdiklərim, qətiyyən Rusiya, İran və digər qonşularla əməkdaşlığın əleyhinə olduğumuz anlamına gəlməməlidir. Əksinə, biz gələcəyə baxaraq qonşular arasında qarşılıqlı maraqlara əsaslanan, dövlətlərin suveren hüquqlarına hörmət edib, daxili işlərinə qarışmayan münasibətlərin ən yüksək səviyyədə inkişafının tərəfdarıyıq.
“ATƏT-in 1999-cu il İstanbul sammitindən sonra başqa paytaxtlara boylanan və Kremlə müttəfiqliyə xəyanət edən spiker Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyanın parlamentdə linç edilməsi sonrakı dövlət başçıları üçün görk oldu” fikrinizdə Rusiyanın qonşu dövlətlərə münasibətini göstərdiyinizə görə təşəkkür edirəm. Xatırladım ki, bu hadisə İstanbul sammitindən sonra deyil, əvvəl olub.
Özbəkistanda İslam Kərimovun devrilməsinin Bakıda planlanması söhbətləri tam bir uydurmadır. Məgər İslam Kərimov sizə şikayət edirdi?
Məsələ bundan ibarətdir ki, o zaman Kərimovun represiyalarından qaçıb canını qurtaran Özbəkistan müxalifətinin nümayəndələri M.Salihlə Bulatov qardaşları Türkiyə və Avropaya getmək üçün Bakıya gəliblər. Bir müddət sonra məsələləri həll olunub və Türkiyəyə gediblər. Bu hadisə Kərimovda narazılıq yaradıb. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq humanist hərəkət edib, sığınacaq üçün BMT-yə müraciət edən şəxslərin Türkiyəyə getməsinə mane olmayib . Belə çıxır ki, 1994-95-ci illərdə Çeçenistanlı qaçqın və yaralıların Azərbaycanda qəbulunu, müalicə edilməsini səhv hesab edirsiniz. Düşüncənizə görə H.Əliyev Rusiyanın düşmənlərini burada qoruyurdu? Axı Kərimovla sonralar da münasibətlərimiz çox hamar olmadı. BMT-dən sığınacaq almağı gözləyən həmin 3 nəfər müxalifətçiyə görə Türkiyə dövlətinin hesabına orada təhsil alan minlərlə özbək tələbəni geri qaytarıb, iki ölkə arasındakı münasibətləri pozan Kərimov sizcə haqlı idi? Axı H.Əliyev Türkiyə rəhbərliyinin Azərbaycan müxalifətçiləri ilə görüşlərinə normal yanaşır, etiraz etmirdi. Demək problem Kərimovun özü ilə bağlı idi.
Yazırsınız ki, “patriarx H. Əliyev orta əsr mirasını hakimiyyətdən təmizləyərək dünya və qonşularla normal münasibətlər yaradanda həmin Yeltsin, Qraçov, Kozırev, Şafrannik kimi 90-cı illər ərazi işğallarına rəhbərlik edən simalar hərbi təhdidlərini, fiziki yox etmə planlarını dəyişməyəndə Azərbaycanın qopduğunu görüb, nəhayət, 1997-ci ildə iki dövlət arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik sazişi imzalamağa məcbur oldular”.
Etiraf edirsiniz ki, Rusiya qonşulara münasibətdə heç də mədəni davranmayıb və başqa yolu qalmayan H.Əliyev ABŞ səfərində daxili və xarici sui-qəsdlərin olduğunu açıq şəkildə dilə gətirib. Burada sizə təşəkkür düşür. Unutmayın ki, müqavilənin eynisini Elçibəy 1992-ci ilin oktayrında Rusiya səfərində bağlanmışdı.
Suriya məsələsində Rusiya Türkiyə münasibətlərinə baxış ayrı bir yazının mövzusudur və hər şey Z.Orucun yazdığı kimi hamar deyil.
Xatırladım ki, S-400 sistemlərinin müqavilə qiyməti 2 milyard yox, 2.4 milyard dollar, Akkuyu atom elektrik stansiyasının dəyəri 21 milyard deyil, 20 milyard dollardır. Bilinməlidir ki, Suriya və İraqda PKK-PYD-ni himayə edən dövlətlərdən biri Rusiyadır. Terror təşkilatı üzvləri ilə rus hərbçilərinin birlikdə dövriyə hərəkətlərini əks etdirən video və foto materiallar internetdə kifayət qədərdir.
Deputatın budəfəki yazısında önəmli olan, Türk ordusunun Azərbaycana gəlişinin Azərbaycan Rusiya münasibətlərinə mənfi təsir edəcəyi fikrindən, fərqli düşünməsidir.
Z.Orucun bu günkü kolleqalarından biri ilə söhbətdə H.Əliyevin 1991ci -cı ildə dediyi ibratamiz fikirlə yazını tamalamaq istəyirəm.
Ölkənin məşhur sayılan iqtisadçılarından birinin hazırladığı İqtisadi islahatlar proqramına münasibət bildirən H.Əliyev “Onun elmi işində yazdıqlarının 60% -i mənə istinad edilən sitatlardır. Mən artıq o fikirlərdən imtina etmişəm”.
Hər kəsə imtina ediləcək fikirlərdən sitat gətirməməsi arzusu ilə Oktay Qasımov!
Mia.az
araz.az xəbər portalı.