Tofiq Abbasov: “Bəzi hallarda məqsədli şəkildə belə məlumatları şişirdirlər ki, bir qədər diqqət cəlb etsinlər”
Rusiya prezidenti Vladimir Putinin xəstələnməsi ilə bağlı yayılan xəbərlər dünya mediasını zəbt edib. Xəbəri nüfuzlu “The Independent” yayıb. Qəzet yazır ki, son illər ərzində ilk dəfə olaraq, Vladimir Putin sağlamlığı ilə əlaqədar bir neçə ictimai tədbirlərini təxirə salıb və bununla lider kimi uzun müddətə yararlılığına şübhə yaradan şayiələrə səbəb olub.
O, bazar ertəsi Soçiyə getməyib. Çərşənbə axşamı Kremldə mikroelektronikaya dair diskussiyalar keçirilməyib. Çərşənbə günü prezident Moskvada keçiriləcək “Mentor 2018″ forumuna qatıla bilməyəcək. Gələn həftə isə onun Rusiyanın Uzaq Şərqinə səfəri baş tutmayacaq.
“The Independent” bildirir ki, Putin özünün ictimaiyyət qarşısında son çıxışı zamanı kifayət qədər xəstə görünürdü. Kremlin keçirdiyi “Rusiya liderləri” yarışında onun səsi zəif idi və o, elə hey öskürürdü.
Ötən həftə Putini Sibirə səfəri zamanı müşayiət etmiş “The Independent” müxbiri də eyni mənzərənin şahidi olmuşdu. Prezident çıxışını güc-bəla ilə edir, çoxlu səhvlər buraxır və diqqətsiz görünürdü.
Çərşənbə axşamı prezidentin mətbuat katibi Dmitri Peskov Putinin ciddi xəstə olduğuna dair mülahizələri təkzib etməyə çalışıb. O deyib ki, bu günlər prezident ya Kremldə, ya da özünün Novo-Oqaryovadakı iqamətgahında işləyəcək.
“İş cədvəli qüvvədə qalır, amma prezidentə soyuq dəydiyi nəzərə alınıb. Özünüz onun səsini eşidirdiniz. Qışdır da, başa düşürsünüz yəqin” – Peskov deyib.
Lakin bazar günü Peskov sözünü dəyişərək bəyan edib ki, Putin Saratov Hava Yolları təyyarəsinin qəzası ilə bağlı bütün qalan işlərini təxirə salıb. Peskovun sözünü qısa bir müddətdə belə tez dəyişməsi Putinin sağlamlığı haqqında şayiələri daha da qızışdırıb.
Hakimiyyəti xəstə Boris Yeltsindən qəbul edəndən bəri Putin özü haqqında fiziki sağlamlıq imici yaradıb. O, gah köynəksiz at sürür, buzlu suya girir, cüdo və üzgüçülüklə məşğul olur, hətta kosmetik gözəlləşdimə metodlarına əl atır, bir sözlə, qocalıqdan immunitetə malik olduğunu nümayiş etdirirdi.
Putinin sağlamlığı bundan əvvəl də geniş müzakirələrə səbəb olub. 2012-ci ilin sonlarında Putin bir neçə xarici səfərlərini ləğv etmiş və ictimaiyyətin nəzərlərindən, ümumiyyətlə, itmişdi. O vaxt Kreml iddia etmişdi ki, Putin məşq zamanı aldığı zədələri müalicə etdirir. O vaxt buna çox az adam inanmışdı.
“Kremlə yaxın mənbələr” “The Independent” qəzetinə deyiblər ki, Putinin dördüncü müddətə prezidentlik üçün kampaniya apara biləcəyinə dair ciddi şübhələr var.
Siyasi ekspertlər gələn ay martın 18-də keçiriləcək prezident seçkiləri öncəsi belə xəbərlərin gündəmə atılmasının təsadüf olmadığını, bu tipli xəbərlərin qarşıdakı bir ayda daha çox olacağını bildirirlər. Burada Amerikanın izini də axtaranlar az deyil. Belə xəbərləri dövriyyəyə buraxmaqla Qərbin Putinə seçkilərdə ciddi zərbələr endirmək niyyətində olduğu vurğulanır. Amerikadakı son prezident seçkilərində Kremlin müdaxilələrinə Putinin xəstələnməsi xəbəri ilə cavab verildiyi söylənilir. İstənilən halda bu tipli xəbərlərin seçkilərdə ciddi təsirlərinin ola biləcəyi deyilir.
Politoloq Tofiq Abbasov bildirdi ki, dövlət başçıları da sadə insanlar kimi xəstələnə, səhhətləri ilə bağlı dəyişmələr ola bilər: “Onlar da adi insanlar kimidirlər. Prezident bəyəm insan deyil? Amma prezident, rəsmilər haqqında bizlər danışırıqsa, əlbəttə, mətbuat bu məsələyə daha çox həssaslıqla yanaşır. Bəzi hallarda məqsədli şəkildə belə məlumatları şişirdirlər ki, bir qədər diqqət cəlb etsinlər. Putinə gəldikdə isə bu xəbər təsadüfi deyil. Qərb mətbuatı məlumdur ki, bəzi dairələrlə əl-ələ verib işləyirlər. Onların vasitəsilə piar kampaniyası aparıb, niyyətlərini həyata keçirməyə çalışırlar. Danışdığımız bu mövzu ilə bağlı deyərdim ki, Putinə münasibət bir qədər xüsusidir. Çalışırlar ki, Putinin yaşa dolduğunu qabardıb, yavaş-yavaş mövqelərini itirdiyi görüntüsü yaratsınlar. Adətən dövlət başçılarının səhhəti məsələləri xüsusi xarakter daşıyır. Sirr deyil ki, onların şəxsi həkimləri, onları diqqətdə saxlayan mütəxəssislər olur. Digər tərəfdən, prezidentlərin səhhətləri ilə bağlı məsələlər ictimailəşdirilmir. İndi ”The Independent” bir halda ki belə geniş məlumat verir, mən deyərdim ki, bu daha çox uydurma silsiləsindən olan məlumatlardır. Bilirsiniz ki, Putin SSRİ-nin Təhlükəsizlik Komitəsinin yetişdirməsidir. Ona bu məsələlər hamıdan çox bəllidir. Düşünmürəm ki, Putinin səhhətində elə problemlər olsun ki, həyəcan təbili çalınsın.
Bilirsiniz ki, o, idmana çox yaxın olan adamdır. Düzdür, onun da piar komandası var. Onun xokkey meydanındakı anlarından daha çox məlumatlar yayırlar, sambo, cüdo yarışlarında iştirakından da az xəbərlər yayılmayıb. Burada da bəzi məqamlar şişirdilmiş şəkildə verilir. Açığı, mən Putinin səhhətində ciddi olacaq problemin olduğuna inanmıram. Sadəcə, bu məsələyə xüsusi rəng qatırlar ki, daha çox diqqət çəksinlər, verdiklərə xəbərlərə reaksiyaların necə olacağını görsünlər. Hər halda, mən onun mətbuat katibi olan Peskovun bu məsələyə hələ ki reaksiyasını görməmişəm. Bu baxımdan zənn edirəm ki, orada ciddi bir məsələ yoxdur. Qərb təcrübəsinə üz tutsaq görərik ki, belə variantlara tez-tez əl atılır. Hələ Fransanın sabiq prezidenti Mitteranın dövründə belə varianta əl atılmışdı. Seçki kampaniyası zamanı onun rəngi sarı olduğundan belə məsələ qaldırılmışdı ki, onun səhhəti normal deyilsə, dövlətə necə rəhbərlik edə bilər. Ronald Reyqanla bağlı da belə hallar baş vermişdi. 1960-cı il seçkilərində hələ Con Kennedi ilə Riçard Nikson rəqib idilər. Televiziya debatlarında Nikson halsız göründüyündən, tərli olduğundan həmin debatları uduzdu. Faktiki olaraq, ilk dəfə keçirilən debatlar prezidentliyə kimin layiq olduğunu aydınlaşdırdı.
Səhhətindəki problem bir növ onun seçkilərdə məğlubiyyətinin əsası oldu. Yəni seçkiöncəsi belə xəbərlərin qabarıq şəkildə verilməsi təsadüfi deyil. Ola bilər ki, Amerikadakı seçkilərə müdaxilə etdiyi iddia edilən Putinə bu yolla cavab vermək istəyirlər. Xatırlayırsınızsa, seçkiöncəsi hansısa bir tədbirdən çıxanda Hillari Klinton avtomobilin yanında yerə yıxıldı və bunu da Amerika mətbuatı çox qabarıq şəkildə təqdim etdi. Hətta suallar qoyulmuşdu ki, bu şəxsin səhhətində problemlər varsa, niyə prezidentliyə gedir? İndi həmin vasitə ilə Putinə cavablar verilir. Klintonla bağlı ABŞ mətbuatı daha çox canfəşanlıq etmişdi. Sonda Klinton özü etiraf etməyə məcbur oldu ki, problemlərim var, həkimimlə məsləhətləşmişəm, göstərilən proseduraları edirəm, tədbirlər görürəm, mənimlə bağlı narahatçılıq olmasın. Amerika mətbuatı belə şeylərə çox həssasdır. Beynəlxalq media da bu məsələ ilə bağlı geniş şərhlər verdi. Putinin özünün hər hansı bir problemi varsa, qarşı tərəf bilmək istəyir ki, nə dərəcədə bu şəxsin fiziki forması, durumu ona imkan verir ki, özünə əminlik hiss eləsin, Rusiyanın növbəti dəfə prezidenti olsun”.
“Yeni Müsavat”
araz.az xəbər portalı.