Hər bir dövlət ilk növbədə yaxın coğrafi əhatəsində özü üçün əlverişli şərait yaratmağa çalışmalıdır, çünki məhz qonşularla sülh hər bir ölkənin tərəqqisinin təminatıdır. Azərbaycanda bununla bağlı hətta atalar sözü də var; deyir ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır.
İllərdir ki, Ermənistanın siyasətinə baxaraq hey özümüzə bir sual verirdik: əcəba, bunlar nə düşünür? Azərbaycan və Türkiyə ilə düşmən olublar, Gürcüstanla çox gərgin münasibətləri var, hətta bu ölkəyə qarşı da ərazi iddiaları irəli sürməkdən çəkinmirlər. Bircə İranla münasibətləri var ki, o, da böyük layihələrdə daha imkanlı və əlverişli Azərbaycana üstünlük verir, nəinki ac və perspektivsiz Ermənistana.
Bəli, illərdir, apardıqları siyasət nəticəsində nəinki regional layihələrdən və yaxud da əməkdaşlıqdan kənarda qalıblar, hətta faktiki olaraq coğrafi izolyasiya şəraitinə düşüblər.
Amma yalnız bu günlərdə bir erməni təhlilçisinin bununla bağlı narahatlığını eşitdik və dərhal da düşündük ki, bunlar indi oyanıblarmı?..
Cənub-Şimal dəhlizilə bağlı müəyyən planlar qurur, fikirləşirdilər ki, guya, bu yolla İranın Ermənistan vasitəsilə Avrasiya İttifaqına çıxışını təmin edəcəklər. Düşünürdülər ki, Avropa Birliyilə imzaladıqları saziş onlara bu işdə yardımçı olacaq və Avropa bankları bunlara yardım ayıracaq. Amma ağıllarına da gəlmirdi ki, birincisi, hamı krediti onları qaytara bilənə verir, ikincisi, sanksiyalar ucbatından heç bir Avropa ölkəsi İranın iştirak etdiyi böyük layihələri maliyyələşdirməz, üçüncüsü, Avropada da bəziləri Avrasiya İttifaqı ilə Avropa Birliyi arasında körpü yaratmaq haqda düşünsə də, hətta Ermənistanla bağlanmış layihəni bu istiqamətdə ilk addım saysa da, orada da əksəriyyətin fikri budur ki, bu iki qurum biri-birilə rəqib institutlardır…
Üstəlik, Azərbaycan Ermənistana heç gözünü açıb-yummağa imkan vermədi, dərhal Cənub-Şimal dəhlizilə bağlı təşəbbüsü ələ aldı və bunun üçün İrana 500 milyon dollarlıq kredit də ayrıdı.
Artıq lap yaxın vaxtlarda hər iki ölkənin iştirakı ilə bu istiqamətdə ilk böyük tədbir də keçiriləcək və bununla da Cənub-Şimal tranzit dəhlizilə bağlı çalışmalara yeni impuls və dönməz xarakter veriləcək.
Bu yaxınlarda öz çıxışında Azərbaycan prezidenti İ.Əliyev bir daha Ermənistana qarşı yürüdülən iqtisadi və geoiqtisadi siyasətin konturlarını açıqladı: Ermənistana qarşı permanent təcridetmə siyasəti həyata keçirmək, onu bütün regional layihələrdən və hətta əməkdaşlıqdan belə kənarda qoymaq.
Düşünürük ki, bu ən düzgün bir siyasətdir və illərdir ki, uğurla da həyata keçirilir. Ermənilərsə guya bundan indi duyuq düşüblər…
Nə demək olar? Əsl məyusluqları hələ irəlidədir. Amma artıq Ermənistan ölkə olaraq tükənməkdə, düşdüyü iqtisadi, hətta demoqrafik dalan içində çabalamaqdadır. Ölkəni sosial-siyasi partlayışdan yalnız bir amil-əhalinin intensiv şəkildə mühacirət etməsi qoruyur. Amma Qarabağda döyüşmək üçün də adamlar lazımdır. Odur ki, buralara Suriya ermənilərini gətirirlər…
Bir daha deyirik ki, irəlidə onları daha böyük məyusluq gözləyir. Daim rusiyalı iqtisadçıların təhlillərini izləməyə çalışırıq.
Baxın, 2016-cı ildə Rusiyada ÜDM 1.283 trilyon dollar, ABŞ-da 18.57 trilyon, Çində 11 trilyon, İtaliyada isə 1.85 trilyon dollar olub. Bəli, hətta İtaliya da Rusiyadan irəlidədir.
Rusiyalı iqtisadçılar ölkələrinin düşdüyü ağır böhrandan çıxması üçün 15-20 il lazım gəldiyini yazır. Ermənistan isə siyasətini əsasən Rusiyayla qurur. Bir gün Rusiya növbəti dəfə çökəndə başlarını tamam itirəcək və nə qədər böyük səhv etdiklərinin fərqində olacaqlar.
Amma bir ciddi məqam var. Bunlar hiyləgər xalqdır. ABŞ və Fransa kimi ölkələrdə güclü erməni diasporları vardır. Hər iki ölkəni ermənilər haqqında düşünməyə vadar edən əsas amil də budur. Burada İsraili heç bir halda Ermənistanla müqayisə etmək fikrimiz yoxdur, amma bir detalı unutmayaq ki, məsələn, ABŞ-ı israilyönümlü siyasət yürütməyə məhz elə güclü yəhudi diasporu məcbur etdi.
Bu mənada ABŞ-da və Fransada güclü erməni diasporlarının olması bizim üçün də, Türkiyə üçün də çox ciddi problem olacaq, ona görə də diasporlarımızı birləşdirmək, əlaqələndirmək haqda da düşünməliyik…
Amma əminik, tədbirli olsaq, Ermənistana qarşı apardığımız təcridetmə siyasətini davam etdirsək, lap yaxın vaxtlarda onun necə deyər, “onurğa sütünu”nu qırmağa nail ola bilərik. Bu savaşdan qalib çıxmaq üçün tələb olunan bütün amillər bizim tərəfimizdədi – yetər, onlardan istifadə etməyi bacaraq.. Musavat.com
araz.az xəbər portalı.