WhatsApp Image 2020 08 10 at 20.55.34MÜBARİZ MƏNSİMOV: “Mən Mübarizəm, gücümə, əməyimə inanan birisiyəm və əminəm ki, günahsızlığımı sübut etdikdən sonra, hər şey əvvəlkindən də yaxşı olacaq. Yenidən sizlər üçün əlimdən gələni edəcəm!” 
     
      Altı aya yaxındır ki, yalançı ifadələrlə və ağır iftiralarla Türkiyədə həbsə atılan tanınmış iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun özü və şirkəti ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi də, öz açıqlamaları ilə, hər iki qardaş ölkə ictimaiyyətini narahat edən bu söz-söhbətlərin doğru, yaxud yalan olmasına dəfələrlə aydınlıq gətirib. Son vaxtlar daha da çoxalan belə söz-söhbətlər ictimai narahatlığın artmasına səbəb olur.   
        Bu günlərdə Mübariz Mənsimovun özü də saxlandığı cəza evindən: “Bir ədalət var ki, bu da mənim təqsirsiz olmağımdır!” –– deyə, hər iki ölkə ictimaiyyətinə çağırış xarakterli Müraciət ünvanlayıb. Maraqlı olduğundan, iş adamının həmin müraciətini olduğu kimi oxucularımızın da diqqətinə çatdırırıq:
       “Dəyərli bacı və qardaşlarım!
        Artıq 6 aya yaxındır ki, haqsız yerə cəza evində, mənə layiq olmayan bir yerdə saxlanılmaqdayam. Mənim anlamadığım və xüsusi diqqətlə vurğulamaq istədiyim məqam odur ki, bu insanlar 4 ildir mənim şirkətimdən ayrılıblar. Bunlar nəyə görə 4 il sonra yalan ifadələr verərək, yalançı şahid oldular?! Madəm, mən terrorcu, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra mənim əleyhimə irəli sürdülər?! Bu il ağıllarına gəldi?! Mən bir daha bəyan edirəm ki, mən, Mübariz Qurbanoğlu Mənsimov, heç bir zaman nə Türkiyə, nə də Azərbaycan dövlətinə xəyanət etmişəm. Yalançı ifadələr mənə qarşı atılan ən ağır iftiradır. Vətənim Azərbaycan və Türkiyəm üçün çanımdan keçməyə hazır olan biriyəm, bununla hər zaman qürur duydum və hər zaman sinəmə döyərək dedim. Mən həmişə hər iki dövlətin yanında olmuşam. Əlimdən gəldiyi qədər də, bir iş adamı olaraq, etmişəm. Allah nəsib etsin, bundan sonra da edərəm! 
      Əzizlərim, sentyabtın 15-də məhkəmə gözlənilir. Hər gün aldığım məlumatlardan görürəm ki, şirkətimin vəziyyəti günü gündən pisləşir. Dənizdə olan kapitan və gəmi heyətləri, ailələri olduqca çətin günlər yaşayır. Dəstək verdiyim insanlara aylık yardımlar dayandırılıb, tələbələrə verdiyim burslar durdurulub. Maddi və mənəvi çətinliklər günü gündən artır. Buna görə, Sizlərdən üzr istəyirəm. Yanınızda ola, dəstək verə bilmirəm”. 
        Mübariz Mənsimov çağırışının sonunda əmin olduğunu bildirir ki, bu qara günləri mütləq bitəcək və yenidən Türk Milləti üçün əlindən gələni edəcək: “Yanımda olan, mənim üçün duasını əsirgəməyən hər kəsə təşəkkür edirəm. Tərəfdaşlarım, dəyərli bankçılar: yanımda olub problemlərimi həll etməkdə kömək göstərdiyinizi də bilirəm. Türk ədalətinə inanıram və güvənirəm. Gec ya da tez haqq-ədalət öz yerini tapacaq. Mən Mübarizəm, mən gücümə, əməyimə inanan birisiyəm və əminəm ki, günahsızlığımı sübut etdikdən sonra hər şey əvvəlkindən də yaxşı olacaq!”.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.