Şair Musa Ələkbərlinin “Yeni Sabah”a müsahibəsi:
– Ömrünün 70-ci baharına qədəm basan ağsaqqal şairimiz kimləri görüb, kimləri tanıyıb? Bir az xatirələrinizi dilləndirək.
– Deyin kimləri görmədiniz, kimləri tanımadınız. Onu deyim ki, tələbəlik illərimdən dövri mətbuata ayaq açmağım, şeirlərimin mütəmadi şəkildə çap olunub yayılması məni ədəbi aləmə daha tez isinişdirdi. Demək olar ki, bu cəhətdən çox şanslı oldum.
Hələ birinci kursda oxuyarkən əmim oğlu professor Rafiq Ələkbərov məni şair İlyas Tapdıqla tanış elədi. İlyas Tapdıq Müzəffər Şükürlə, Müzəffər Şükür Məmməd İsmayılla aramızda bir ünsiyyət körpüsü yaratdı. Mən yazdığım şeirləri hərdən bu şairlərə oxuyar, mətbuata verməmiş onların fikrini öyrənərdim. Açığını deyim ki, bəzən onların ciddi tənqidlərinə tuş gəlirdim, amma şeirdə yeni söz demək, obraz aramaq həvəsim çox güclü idi. Müasir poeziyamızın ən yaxşı örnəklərini gözümə təpirdim. Çox keçmədi ki, dostum Müzəffər Şükür məni o zamanlar “Azərnəşr”də şöbə müdiri işləyən Məmməd İbrahimlə, yəni Məmməd Arazla tanış elədi. Məmməd Araz o zaman hələ Məmməd İbrahim imzası ilə çıxış edirdi. Şeirlərinin çoxunu əzbər bildiyim, vurğunu olduğum şairlə tanışlığım, sonradan doğmalığım mənim ədəbi taleyimdə xüsusi rol oynadı. Mən əmi dediyim Məmməd Araza şeirlərimi oxuyub ondan ara-sıra xoş sözlər eşidəndə sanki quş olub qanadlanırdım.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinin II kursunda oxuyanda sizin atanızla, sonralar mənim ən yaxın dostuma, demək olar ki, ürək, könül sirdaşıma çevrilən Ağa müəllimlə – Ağa Laçınlı ilə tanış oldum. Ağa müəllim onda bizim dekanlığa işə düzəlmişdi, çox zamanlar dekanı əvəz edirdi. Bəxtim gətirmişdi, hər həftənin beş günü Ağa müəllimlə axşamlar dərsə gələndə görüşürdüm, təzə yazdığım şeirləri oxuyur, onun da fikrini öyrənirdim. Sonralar Ağa müəllimin vasitəsi ilə görkəmli şairlərimiz Hüseyn Kürdoğlu və Ənvər Rza ilə də dostlaşdım. Elə həmin il də II kursda oxuyarkən Hüseyn Hüseynzadə mənə o zamanlar gənc şairlər üçün çox dəbdə olan “Uğurlu yol” yazdı və bu uğurlu yol “Bakı” axşam qəzetində çap olundu. Mən onu da deyim ki, universitetə qəbul olunduğum gündən ayrı-ayrı kitabxanalarda fəaliyyət göstərən ədəbi dərnəklərə ayaq açdım. O zamankı Sabir adına kitabxanada əvvəlcə Tofiq Bayramın, sonra Ağacavad Əlizadənin dərnəyində mütəmadi iştirak elədim. Lenin adına kitabxanada şair Söhrab Tahirin dərnəyində göründüm. Universitetin özündə isə Mir Cəlal müəllimin dərnəyinin iştirakçısı oldum. Onu da deyim ki çox sonralar mən Sabir adına kitabxanada dərnək rəhbəri oldum. “Pərvanə” ədəbi birliyini yaratdım.
Mir Cəlal müəllim məni dərnəkdən tanıdığı üçün həmişə mənə “yazar” deyə müraciət edir, Yazıçılar Birliyində nə var, nə yox deyə həmişə soruşurdu. O zamanlar Yazıçılar İttifaqı adlanan idarəyə Mir Cəlal müəllim Yazıçılar Birliyi deyirdi. Niyə belə dediyini soruşanda gülümsəyib cavab verirdi ki, ordakıların hamısı yazıçı ha deyil.
Universiteti bitirib doğma rayonumuza – Gədəbəyə təyinat aldım. Lakin orda müəllim sıxlığı olduğundan, həm də rüşvət verə bilmədiyim üçün mənə dərs-iş vermədilər. Həmin il sentyabrın 30-dək rayon mərkəzinə, maarif müdiri Cəlal müəllimin kabinetinə ayaq döydüm. Oktyabr ayında Bakıya qayıtdım. Rəhmətlik maarif naziri Mehdi Mehdizadənin qəbulunda oldum. O məni dinlədi və dedi, ay oğul, indi səni hansı rayona göndərsəm kimlərinsə yerini dar eləyəcəksən. Əgər bacarırsansa özünə iş tap, sənə azad təyinat yazaq. Belə də oldu, xeyirxah müəllimlərim Abbas Zamanovun və Bəxtiyar Vahabzadənin xahişi ilə, eloğlum şair İlyas Tapdığın yaxından köməkliyi ilə “Gənclik” nəşriyyatında redaktor kimi əmək fəaliyyətinə başladım.
Bundan sonra ədəbi aləmdə daha çox tanınmağa başladım. Mənim ədəbi taleyimdə xüsusi rolu olan “Ulduz” jurnalında, “Ədəbiyyat və incəsənət” qəzetində, sonralar “Azərbaycan” jurnalında işləyən İsa İsmayılzadənin adını hörmətlə çəkmək istəyirəm. İsa müəllim harada işlədisə mənim şeirlərimi başa çəkdi, elə tələbə vaxtımdan ömrünün sonuna kimi məni geninə-boluna çap elədi. Allah dünyasını dəyişən cəmi xeyirxahlarımıza rəhmət eləsin.
1976-cı ildə məni Komsomolun Mərkəzi Komitəsinə dəvət etdilər. Məlum oldu ki, Aşqabadda keçirilən VIII ümumittifaq poeziya festivalına Azərbaycandan Vaqif İbrahimlə məni göndərəcəklər. Sevincimin həddi-hüdudu yox idi. İlk dəfə idi ki, belə mötəbər məclisdə respublikamızın ədəbi qüvvələrini təmsil edəcəkdim. On günlük festival zamanı çoxlu şairlərlə tanış olduq. Sətri tərcümələrimi bütün respublikaların şairləri götürdü və bir-birinin ardınca ünvanıma şeirlərim çap olunan qəzetlər, jurnallar gəlməyə başladı. Sonrakı il yenə də şair Tahir Qurbanovla IX ümumittifaq poeziya festivalına nümayəndə seçildim. Yaradıcılığım uğurla davam edirdi. İlk kitabım mətbəədə yığılmışdı, o dövrün qaydalarına uyğun olaraq senzura-“Qlavlit” nüsxələri ilə çapa hazır vəziyyətdə idi mən festivala gedəndə. Biz Tahirlə təyyarə vağzalına çatanda orada Vaqif İbrahimi gördük. Vaqif bizə dedi ki, bu dəfə mən festivala nümayəndə kimi yox, qonaq kimi Moskvadan dəvət edilmişəm.
IX ümumittifaq poeziya festivalı Düşənbədə keçirildi. Festivaldan ruh yüksəkliyi ilə geri qayıdırdıq. Birdən rəhmətlik Vaqif İbrahim qəfildən məndən soruşdu ki, Musa, bilirsənmi səni dalbadal bu festivallara göndərən kimdi? Mən bu sualdan çaşıb qaldım. Dedim, Vaqif, bilmirəm. Həqiqətən də bilmirdim. Dedi, bilirəm ki, bilmirsən, mən bu sualı sənə verdim ki, o böyük xeyirxahını tanıyasan. O, “Ulduz” jurnalının baş redaktoru, görkəmli şairimiz Əhməd Cəmildir. Mən xeyli düşünməli oldum, dedim Vaqif, mən Əhməd müəllimlə heç tanış deyiləm. Yadıma o zaman “Ulduz” jurnalında şeir şöbəsinin müdiri işləyən İsa İsmayılzadənin sözləri düşdü: “Əhməd müəllim sənin şeirlərini çox bəyənir, yeni yazılarını tez-tez çatdır mənə”. Mən utandığımdan Əhməd müəllimlə nə tanış ola bildim, nə də minnətdarlığımı bildirdim. Sonuncu dəfə Tahir Qurbanovla festivala gedəndə yazıçı Yusif Kərimov AzTV-də “Gənclik” redaksiyasının baş redaktoru idi O xeyirxah insan bizə canlı efirdə yarım saat vaxt ayırdı. Tahirlə mən hərəmiz on beş dəqiqə şeir oxuduq. O zaman AzTV tək televiziya idi. Demək olar ki, hamı eyni kanala baxırdı. Bu mənim o zamana qədər ən tutarlı çıxışım idi. Qələm dostlarımın çoxu bu çıxışı bəyənir, mənə telefon açıb tərifləyirdi. Az müddət keçəndən sonra bu çıxışın mənim həyatımda çox böyük rolu olacaqdı.
Festivaldan qayıtdığım günün sabahı çox nikbin, şən bir ovqatla işə çıxdım. Gülərüzlə hamını salamladım. Otaq yoldaşlarımın tutqun əhvalının mənimlə bağlı olduğunu yazı stolumuz yanaşı olan xanım mənə anlatdı. İşarə ilə məni bayıra çağırdı, dedi bu xoş ovqatını heç korlamaq istəməzdim, ancaq onsuz da korlanacaq. Vaxtında deyim ki, xəbərin olsun. Sən gedəndən sonra burda aləm qarışdı, direktor sənin kitabının çapını dayandırdı. O xanım dedi ki, səninlə tematik planda adı olan şairlər nəşriyyatda qovğa yaratdılar. Dedilər Musa burda işləyir deyə niyə onun kitabı bizdən əvvəl, özü də iki çap listi həcmində çıxmalıdır. Direktor da dedi ki, heç birinizin kitabı çıxmayacaq, olsa-olsa hərənizin beş-altı şeiri düşəcək bu almanaxa. Və o xanım bərk-bərk mənə tapşırdı ki, bax, dediklərimi sən bilmirsən, yəqin səni çağırıb bu gün olmasa da, sabah deyəcəklər. Elə bil başımdan bir qaynar qazan su tökdülər. Möhkəm sarsıldım, mən bu kitabın çıxmağını sonsuz həvəslə gözləyirdim.
Tənəffüs vaxtı məlul-müşkül vəziyyətdə “Azərnəşr”dən çıxdım. Üzü “Parapet” deyilən bağa doğru addımlayırdım ki, Tahir Qurbanovla rastlaşdım. O da özünə oxşar vəziyyətdə deyildi, tüklü üzündən, səsinin tonundan hiss elədim ki, bərk dilxordu. Səbəbini soruşanda dedi, ay yazıq, sən məndən betər gündəsən, sən de görüm nə olub? Bir damarım yumşaq olduğundan mən vəziyyəti danışdım. Dedi, vecinə alma, qələt eləyirlər, sənin kitabın çıxacaq, çarəsini sənə deyəcəm. İndi mağazadan bir araq götürək əyləşək o yaxınlıqdakı kafedə. Mən də dilxorluğumun səbəbini danışaram sənə. Tahirin bu inamlı sözlərini mən adicə dost təskinliyi kimi başa düşsəm də, bir yerdə əyləşdik. Nahar elədik.
Sonra Tahir mənə dedi ki, sabah saat on birə qalmış get Yazıçılar İttifaqına Əli Vəliyevi (Əli Qaraoğlunu) gözlə, məsələni ona danış və əmin ol ki, kitabın mütləq çıxacaq. Mən Əli müəllimlə şəxsən tanış deyildim, ancaq bilirdim ki, məni üzdən nəşriyyat işçisi kimi tanıyır.
O zamanlar nəşriyyatımızda bədii şura fəaliyyət göstərirdi. Azərbaycanın görkəmli şair və yazıçıları bu şuranın üzvləri idilər. Mən də şuranın katibi idim. Mübahisəli əsərlər şurada müəlliflərinin iştirakı ilə müzakirə edilir, müəyyən nəticəyə gəlinirdi. Festivala getməmişdən əvvəl dostum Ağa Laçınlı da mənə demişdi ki, televizorda oxuduğun şeirlər Əli müəllimin çox xoşuna gəlib.
Məsələ belə olub.
Katiblikdə Tahir Qurbanovun şeir saatı keçirilirmiş. Katiblərin hamısının iştirakçısı olduğu bu məclis sədr İmran Qasımovun otağında baş tutub. Tahir deyir, bir neçə şeir oxumuşdum. Katiblərin beşi də çox məmnun halda dinləyir, məni tərifləyirdilər. Birdən qəfil Əli müəllim qapını açdı, hamı ayaq üstə onu salamladı. Əli müəllim soruşdu ki, İmran, bu nə iclasdı səhər-səhər? İmran müəllim dedi ki, Əli Qaraoğlu, bu cavan şairin şeirlərini dinləyirik. Ədəbiyyatımıza istedadlı cavanlar gəlir, gərək qayğısına qalaq, yolunda yaşıl işıq yandıraq…
Əli müəllim dərhal əyləşib və deyib: “Oxusun!”
Tahir Qurbanov növbəti şeirini oxuyandan sonra bayaqdan onu tərifləyən katiblər və İmran Qasımov Əli müəllimin üzünə baxıblar. Əli müəllim üzünü Tahirə tutub: “Cavan oğlan, çox qəliz yazırsan, – deyib. – Bənzətmələrin, obrazların heç uyarlı deyil. Açığı, bu şeirindən heç nə başa düşmədim”.
Sonra İmran müəllimə tərəf dönüb. “İmran, – deyib, – deyəsən bu ittifaqda iş-güc sarıdan korluq çəkirsən”.
Əli müəllim yerindən durub və Tahirin üzünə diqqətlə baxıb: “Dayan, dayan, sən on-on beş gün əvvəl o televizorda şeir oxuyan oğlan deyilsənmi?” Tahir bir az özünə gəlmiş halda cavab verib: “Bəli, Əli müəllim, həmin oğlanam”. “Sadə, aydın yaz ki, hamı başa düşsün, kiprikdən təyyarə asılmaz” deyib Əli müəllim. Qapıdan çıxar-çıxmaz soruşub: “O səninlə şeir oxuyan kim idi?” Tahir deyib: “Musa Ələkbərli idi. İkimiz də festivala getmişdik”. Əli müəllim: “Bax, o Musa Ələkbərli yaxşı şairdi” deyib gedib.
Əli müəllim gedəndən sonra İmran Qasımov deyib: “Tahir, sənin şeirlərinə başqa bir gün qulaq asarıq”.
Tahir Qurbanov bütün bunları mənə danışıb dedi: “Bax, dostum Musa, mənim dilxorçuluğum burdan qaynaqlanır, yaxşı ki, sənə rast gəldim, bulaq suyu kimi duruldum. Sənin kitabının çıxacağına da beləcə zəmanət verdim”.
O zamanlar Tahir Qurbanovu tanıyanlar onun çox yenilikçi, obrazlı bir şair olduğunu yaxşı bilirdilər. Xüsusən “Ulduz” jurnalında çap olunan şeirləri ədəbi cameədə Tahirə sevgi və rəğbət oyatmışdı. Elə festivalda da rus şairləri Tahiri çox fərqli bir şair kimi təqdir edirdilər. Şeirlərini mərkəzi jurnallar və qəzetlər məmnuniyyətlə qəbul eləmişdi.
Mən bu əhvalatdan sonra onun çox böyük, alicənab, dostcanlı bir insan olduğunun da şahidi oldum.
Mətləbdən uzaq düşməyim. Səhər saat 10-dan Yazıçılar İttifaqının önünü kəsdirdim. İşdə heç kəsə demədən gəlmişdim. İkinci mərtəbədə cavan şair dostlarımızla söhbət eləyirdik ki, Əli müəllim əlində şlyapası ağır addımlarla gəldi, biz tərəfə boylanıb: “Cavanlara salam olsun!” dedi. Sonra o zaman Cabir Novruzun əyləşdiyi otağa tərəf dönüb: “Mənimlə işi olanlar gəlsin!” dedi. Sanki bu sözü mənə deyirdi, özlüyümdə bu cür fikirləşib inamla otağa girdim və: “Salam, Əli müəllim” dedim. O: “Artıq biz salamlaşmışıq, – dedi, – sözünü de, amma qısa elə”.
Mən vəziyyəti danışmağa başladım. Əli müəllim gözlənilməz bir şəkildə: “Fərsizsən, – dedi. – Orda rəhbərlərin ərsiz arvadlardır, sən də subay oğlan. Niyə sənin kitabın çıxmamalıdır?” Mən bu zarafatdan pörtdüm, hiss elədim ki, bənizim od tutub yanır. Əli müəllim bir gözü telefonu yığmaqda, bir gözü də məndə yenə də: “Danış, – dedi, – utanma, utananın nə oğlu olur, nə də kitabı çıxır”. Bu sözdən sonra nitqimin rabitəsi qırıldı, sanki nə deyəcəyimi unutdum, məntiqsiz halda mızıldanmağa başladım. Əli müəllim telefonu yığmaqda davam edirdi. Nəhayət, qarşı tərəfdən cavab gəldi. Əli müəllim salamsız-kalamsız bircə cümlə dedi: “Az, Musa Ələkbərlinin kitabı 2 çap listi çıxmalıdır” və dəstəyi yerinə qoydu.
Mən başa düşdüm ki, Əli müəllim direktorumuz Əzizə xanım Əhmədovanın nömrəsini yığırmış. Əli müəllim qəfildən yenə mənə gözlənilməz bir sual verdi: “Cibində pulun varmı?” Mən özümü itirmiş halda: “Əli müəllim, beş-on manat var” dedim. “İndi düş aşağı, min taksiyə, mənim yanımda olmağını heç kəsə demə. Yəqin indi səni axtarırlar. Çalış bundan sonra işdə intizamlı ol, səni işdən çıxarmasalar kitabın çıxacaq”.
Mən taksi ilə nəşriyyata çatanda şöbə müdirim Səyyarə xanımın həyəcanlı halda məni gözlədiyini gördüm. “Hardasan, – dedi, – on dəqiqədən artıqdır ki, direktor səni gözləyir”. Mən ikinci mərtəbədə “Azərnəşr”də olduğumu deyib direktorun kabinetinə girdim. Əzizə xanım möhkəm əsdi-coşdu və məni istintaqa çəkdi ki, Əli müəllim səni hardan tanıyır və bu əhvalatı hardan öyrənib. Mən bircə onu dedim ki Ağa Laçınlı mənə demişdi ki, televizorda oxuduğun şeirlər Əli müəllimin çox xoşuna gəlib.
Əzizim Oqtay, mən bütün bunları təfsilatı ilə sənə niyə danışıram?! Ömrümün bu ixtiyar çağında on günlük festival günlərində doğmalaşdığım, qardaşlaşdığım dünyadan vaxtsız getmiş istedadlı şair Tahir Qurbanovun – o xeyirxah insanın xatirəsini anmaqla ürəyimdə bir rahatlıq duyuram. Ədəbiyyatımızın misilsiz ağsaqqalı, kişilikdə, mərdlikdə, təmənnasız xeyirxahlıqda hər kəsə örnək olan Əli müəllimdən söz açmağımla onun müqəddəs ruhuna öz dualarımı çatdırmış oluram. O ilk kitab əhvalatından sonra Əli müəllim kimi bir ağsaqqal məmnun-məmnun “Musa Ələkbərli mənim dostumdur” deyirdi. Allah ona rəhmət eləsin, onun kimi sözü ötkəm, şəxsiyyəti bütöv kişilər tək-tək gəlir dünyaya. Sözümün əvvəlində demişdim ki, mən şanslı adam olmuşam, ona görə ki, həmişə yolumun üstə xeyirxah insanlar çıxıb.
Nəşriyyatda redaktor işləyə-işləyə ilk kitabımın belə zülümlə işıq üzü görməsinə baiskar olan bədxahlarımdan heç danışmaq istəmirəm. Onlar həmişə olub və olacaqlar, dünya yaxşıların hesabına bərqərardır. Çalışıb o yaxşıların sırasında qərar tutmaq lazımdır. Nə bilim vallah, özüm də hiss edirəm ki, sizi çox yordum. Az danışan adamın, intervü verməyə həvəssiz adamın danışmağı beləcə uzun-uzadı olur. Gərək bağışlayasan.
Mənim şair taleyimdə xüsusi rolu olan Süleyman Rüstəmi (Yazıçılar İttifaqına keçərkən mənə zəmanət vermişdi), Rəsul Rzanı (“Sabir poeziya almanaxı”nda şeirlərimi tərifləmişdi), İsmayıl Şıxlını (mənim ev almağımda xüsusi rolu olmuşdu), Söhrab Tahiri, Xəlil Rzanı, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Gəray Fəzlini, Hüseyn Arifi, İlyas Tapdığı, Əliağa Kürçaylını (onların hər biri yaradıcılığıma həssas münasibət göstərir, yüksək dəyər verirdilər) hörmət və məhəbbətlə xatırlayıram. Allah onlara rəhmət eləsin, ruhları şad olsun.
– Musa müəllim, gör hansı illərin söhbətini eləyirsiz. Amma şeirləriniz özünüzdən cavan görünür.
– Bunu mənə çox dostlarım deyib. Şeir əsasən gənclik illərinin romatikasından, sevgi duyğularından qaynaqlanır. Görünür bu romantika, bu duyğu məndə daha güclü olub. Xoşbəxtəm ki, Tanrının mənə bəxş etdiyi ürəyi təmiz saxlamışam, onun saflığına xələl gətirən nəsnələri yaxına qoymamışam. Elə bu günlərdə yazdığım məhəbbət şeirində sizin dediyiniz bu fikri poetik şəkildə ifadə etməyə çalışmışam. O şeirin son bəndini sizə də oxumaq istəyirəm.
Hələ yazmadığım o əsər qalıb,
Məncə bu etiraf qəbahət deyil.
Sevgim çiçək kimi təzətər qalıb,
Yaşa dolan mənəm, məhəbbət deyil.
Məhəbbət qocalıq bilmir, məhəbbətə həsr olunan şeirlər də onun kimi…
– Sizcə, indi Azərbaycan ədəbiyyatı indi daha çox itirir, yoxsa qazanır?
– İtirmək, qazanmaq sözündə hardasa bir alqı-satqı, bir alver söhbəti də kölgələnir. Bütün dövrlərdə ədəbiyyat bir çay kimi öz axarı ilə bəzən sakit, rəvan, bəzən kükrək, təlatümlü axıb gedir. Müasir ədəbiyyatımız bu günün problemlərini, ağrılarını məncə yetərincə əks etdirir. İtirmək sözündən söhbət belə gedə bilməz.
– Özünüzə ustad bildiyiniz şairlər varmı?
– Mən radio və televiziya çıxışlarımda da, az-az təqdim olunan intervülərimdə də dönə-dönə vurğulamışam. Səməd Vurğun nəinki mənim, çağdaş poeziyamızın bir çox dəyərli sənətkarlarının ustadı olub. Bunu etiraf edən görkəmli şairlərimizin adlarını çəksəm böyük bir siyahı alınar.
– Yaradıcılığınızdakı həsrət keçmişə həsrətdir, yoxsa ümumiyyətlə darıxan adamsız?
– Hər ikisi. Keçmişimin nostalji hissləri, gələcəyin xəyal qırıqlığı həmişə məni narahat, səksəkəli yaşamağa vadar edib. Dünənin də, sabahın da öz həsrəti var. Bu hissləri “Mənim gələcəyim” şeirimdə, deyilənə görə, yaxşı mənalandırmışam. O şeirin son bəndini sizə oxuyuram.
Dəyişdi həyatda hər şeyin dadı,
Arzu da, ümid də daha xəyaldı.
Mənim gələcəyim gəlib çıxmadı,
Mənim gələcəyim keçmişdə qaldı.
– Sizi tanıyanlar bilir ki, sakit xasiyyətli, həlim, xeyirxah adamsınız, amma şeirlərinizdən bir üsyankar, narahat Musa Ələkbərli də boylanır.
– Düz deyirsiniz, sakit axan çayların kükrəməsi, daşması daha betər olur. Ötən əsrin doxsanıncı illərinə qədər oxucularım məni lirik şeirlər yazan, məhəbbətin sirli qatlarına baş vuran incə duyğular tərənnümçüsü kimi tanıyırdılar. “Sizin küçəniz”, “Səni sevənlər”, “Gəl gedək dağlara”, “Anan ötürür səni”, “Məndən şeir istə”, “Gəlmisən”, “Ağ gül” kimi yüzlərlə şeirlərim gənclərimizin, xüsusən o zamankı tələbə qızların xatirə dəftərlərində yer alırdı. Təvazökarlıqdan uzaq olsa da, bu cür faktların o zamanlar dönə-dönə şahidi olmuşdum. Onu da deyim ki, o vaxta qədər “Yazıçı” və “Gənclik” nəşriyyatlarında düz yeddi şeir kitabım çap olunub yayılmışdı. Bu kitabların hər biri haqqında Azərbaycanın hər tərəfindən xoş sədalar gəlirdi və bu məni qanadlandırır, yeni-yeni lirik şeirlər yazmağa ruhlandırırdı. Amma elə ki 90-cı illərdə xalqımızın milli özgürlük mübarizəsi başladı, bir çox qələm adamları kimi mən də meydanlarda gecələdim. Azadlıq hərəkatının sıravi iştirakçısı oldum, ürəyimdə minlərin, milyonların çağırışından, hayqırtısından od alan mövzular oyandı. Bax, sizin müşahidə etdiyiniz o üsyankarlıq şeirlərimə köçdü. Torpağımıza göz dikən bədnam qonşularımız onda Topxana meşəsində üç-dörd armud ağacı kəsmişdi. Onda hələ torpaqlarımızın bir qarışı da getməmişdi. Onda Qarabağımızda iki şəhid vermişdik. Ancaq mən bir şair duyumu ilə Vətənimizin başı üstündə əsən bu tufanı görür, bütün ağırlığı, dəhşəti ilə dərk edirdim. Odur ki, həmin illərdə yazırdım:
Dost, bu Qarabağdı, qara baxt deyil,
Soruş ürəyindən vaxtdı, vaxt deyil?!
Hər şeyin olsa da yaşamaq deyil
Dünyaya qeyrətsiz gəlib yaşamaq.
Gözümdən, könlümdən yağan dolu var,
Yurdun Təbrizləşən neçə qolu var?!
Torpağı gedənin bircə yolu var
Yaşayıb ölmək yox, ölüb yaşamaq.
Mənim “Hanı bu xalqın yadaşı”, “Böldülər”, xalq şairi Bəxtiyar Vahabzadəyə həsr etdiyim “Aşkarlıq”, “Zaman xəbərləri”, Berlin divarlarının sökülməsinə ünvanlanan “Sağ əlin başıma”, “Yeddi dərənin suyu”, “Mənim dərd qardaşım”, “Bakıda çən gördüm”, “Hərənin ağzından bir avaz gəlir” və onlarla bu sayaq şeirlərim həmin illərdə yarandı. Qanlı Yanvar qırğınında bu üsyankarlıq pik həddə çatdı. Şəhidlərimizə ürək dağlayan şeirlər yazdım, xalqımızı döyüşə, tarixi bir üsyana səslədim:
Nə deyəsən belə baxta?
Şəhid qanı laxta-laxta,
Qan tökülüb bu torpaqda,
Dağ üsyan, dərə üsyandı!
Hələ kiminsə baxtından
Səs-küy gəlmir paytaxtından.
Tanrı özü öz taxtından
Ensə də yerə üsyandı!
Və yaxud “Torpağım” adlı şeirimdən bir-iki bənd:
Bundan ağır günü olmaz Vətənin,
Bundan çətin yolu olmaz torpağın.
Yolunda ki, bunca qanlar axıtdıq,
Susuz qalan kolu olmaz torpağın.
Bölmə, qardaş, hər cür bölgü qələtdi,
Şimal, cənub hər ölkədə cəhətdi.
Atam oğlu, söz başına qəhətdi?
Sağı olmaz, solu olmaz torpağın…
Dağda gülü, aranında çayırı,
Elə bilmə səni məndən ayırır.
Hər əlinə qələm alan şairi,
Hər papaqlı oğlu olmaz torpağın!
Mən onda SSRİ dağılmamış cəsarətə gəlib, onun dağılmasına şeir yazmışdım.
Bakı, Yanvar – bir nağılmış,
Gözlərimə qan sağılmış.
SSRİ – bu dağılmış
Vətən olmadı, olmadı.
Ay Oqtay, ay əzizim, sarı simə toxunan sualların ömrü boyu təvazökar adam olmuş, özünə özgələrin gözü ilə baxmaq istəyən, bu sadə, çox yerdə sadədil qələm adamını – Musa Ələkbərlini “əmi” dediyin yetmiş yaşında – ixtiyar çağında özü haqqında danışmağa vadar etdin. Bax elə bu səbəbdən mən ömür boyu bu cür intervülərdən qaçmışam, xalq şairi, mərhum dostum Söhrab Tahirin təbiri ilə desəm, “gözdən, könüldən yayınmağı” bacarmışam. Sən mənim böyük qardaş dediyim, illərlə dost, yoldaş olduğum Ağa Laçınlının yadigarı olduğun üçün sözündən çıxa bilmədim. And olsun Allaha ki, bu kəlmələri boynuna minnət qoymaq üçün demirəm, təbiətim belədir.
Altmışillik yubileyim ərəfəsində Atatürk Mərkəzinə dostum, akademik, millət vəkili Nizami Cəfərovun yanına getmişdim. (Onu da deyim ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Muğam Teatrında keçirilən o təntənəli yubileyin aparıcısı da hörmətli Nizami müəllim idi). Atatürk Mərkəzində xalq şairi, yaradıcılığına qırılmaz tellərlə bağlı olduğum Nəriman Həsənzadə ilə rastlaşdım. Nəriman müəllim mənə dedi: “Musa, şeirlərini oxuyuram, çox yaxşı şairsən, amma səndən acığım gəlir, öz haqqın uğrunda döyüşmürsən”.
İndi 70 yaşımı koronavirus təpkisi, xofu altında qarşılayıram. Amma indi də bilmirəm ki, öz haqqı uğrunda döyüşmək necə olur? Məncə, şairin öz haqqı uğrunda döyüşü onun həmişə haqqın tərəfində olmağı, haqsızlığa qarşı etirazı, sizin dediyiniz kimi üsyanıdır. Məni bağışla ki, bu yerdə yenə 90-cı illərdə yazdığım bir şeirdən bəndlər deyəcəm:
Dünyanın bu ağlar gözünə qurban,
Dərdim qitə-qitə yayılmaqdadı.
El gəlir, sel gəlir, meydan qızmada,
Bu yatmış pələngim ayılmaqdadı…
Ağacda ağaclıq qoymayıb torpaq,
Küləyin səmtinə əyilir budaq.
Sən ha həqiqətin gözünə düz bax,
Həqiqət gözündən oyulmaqdadı.
Həqiqəti gözündən oyanların qabağında öz haqqı uğrunda döyüşməkmi olar?! O döyüş necə olur, vallah-billah, mən anlamadım, heç indən sonra da anlamaq istəmirəm.
– Sanki şairi cəmiyyətin hay-küyündən gizlədən bir ictimai xadim, vətəndaş Musa Ələkbərli də var…
– Vallah, nə deyim. Buna mən yox, şeirlərimi oxuyan, kimliyimə və yaradıcılığıma yaxından bələd olan oxucularımın cavab verməsini istəyərdim. Xalqımız böyük xalqdır. Əsl şeirə, sözə çox həssasdır. Sözün düzü, dəyər verənlərim az olmayıb. Taleyimə çox şükranam ki, hər zaman ürəyim deyəni yazmışam, ustad Məmməd Arazın “Ürəyimsiz kəlmə yazan deyiləm, nə qədər ki, öz əlimdə yazanım” misraları mənim üçün yaradıcılıq andı olub. Bu yerdə bir zəif nöqtəmi, “Axilles dabanı”mı da sənə açmaq istəyirəm. Eqodan uzaq olmuşam, heç yerdə iddia sərgiləməmişəm. Ədəbiyyatımızın nəhəng korifeylərini çox oxumağım, böyük sənətə az-çox bələdliyim buna imkan verməyib. Şeirimizin əli qələmli sıra nəfəriyəm. 70 yaşa çatmışam. Heç bir partiyanın üzvü olmamışam. Vətənimin bütövlüyü amalı ilə yaşamışam, istedadımın imkan verdiyi qədər qələm çalmışam. Ancaq bütün səmimiyyətimlə deyim ki, yaradıcılıq imkanlarımı yetərincə gerçəkləşdirə bilməmişəm, kasıb bir müəllim oğlu olmuşam, halal çörək yemişəm, ömür boyu bu halallığa güvənmişəm. Yaşam tərzim elə də könülaçan olmayıb. Bəzən xırda qayğıların girovuna çevrilib, şeirdən küsdüyüm, yaza bilmədiyim şeirlərin qatilinə çevrildiyim, xəyal qırıqlığı yaşadığım günlər, aylar da olub.
Sizi yarpaq-yarpaq küləyə verdim,
Ağrı-acınızı ürəyə verdim.
Hər gün ömrünüzdən kəsdim, qazandım,
Gedib duza verdim, çörəyə verdim,
Siz ey yazmadığım yaxşı şeirlər.
Mənə küskün-küskün baxıb getdiniz,
Canımı odlara yaxıb getdiniz.
Başımın o dəli sevdası kimi
Siz mənim evimi yıxıb getdiniz,
Siz ey yazmadığım yaxşı şeirlər.
Dövranı, zamanı belə bilməzdim,
Qayğılı dolandım, fikirli gəzdim.
İndi “keçəl qızım saçlı” deyirəm,
Yazsaydım mən sizə yaxşı deməzdim,
Siz ey yazmadığım yaxşı şeirlər.
Günü bu gün də ürəyimdən olan, məni öz dünyamdan qoparan o “yaxşı şeiri” yazacağıma dərin bir inamım var.
– Vətəndaş olmaq nə deməkdir?
– Vətəninin böyük bir parçası yağı girovluğunda qalan, yurdun Şuşa ucalığını itirən, Kəlbəcər zənginliyinə indi uzaqdan baxan, Qarabağ cənnətindən məhrum olan, mərhum Məhəbbət Kazımovun Laçın harayına qulaq kəsilən, Zəngilanın yaşıl tunelini göynəyə-göynəyə xatırlayan, bir vaxt Qubadlının Əyin kəndindən o nəhəng dağları seyr edib qürurlanan, indi için-için öz içində qovrulan bir şairin vətəndaşlıqdan danışmağa haqqı varmı?! Mən ya şəhid, ya qazi olmalıydım. İnan mənə, şair olub da bu ağır itkiyə dözmək çox çətindir. Mən bu duyğuları xalqımızın əvəzsiz qəhrəmanı Mübariz İbrahimova yazdığım “Mübarizlik dərsi” poemamda az-çox dilə gətirə bilmişəm. O poemanı “Azərbaycan” jurnalında növbəsiz çap eləyən qələm dostum İntiqam Qasımzadəyə və onu kitab kimi nəşr etdirən akademik Nizami Cəfərova minnətdarlıq hisslərimi də bu gün sizinlə bölüşmək istəyirəm. Mübariz qəhrəmanlığı əsl vətəndaşlıq nümunəsi idi. Yazmışdım axı:
Torpağı gedənin bircə yolu var
Yaşayıb ölmək yox, ölüb yaşamaq!
– Azərbaycan xalqının böyük şairi Səməd Vurğun millətin qazancı olsa da indinin özündə də ona hücumlar səngimir…
– Öncüllərin, sənət zirvəsini fəth edənlərin həmişə taleyi belə gətirir, sağ ikən Səməd Vurğunu gözü götürməyənlərin ardıcılları bu gün onun kölgəsini qılınclayırlar. Amma əbəs yerə, XX əsrdən bəri qədirbilən, şeirə-sənətə vurğun olan xalqımızın qəlbini, ruhunu Səməd Vurğun qədər fəth eləyən ikinci şairimiz olmayıb. Mən ayrı-ayrı vaxtlarda Səməd Vurğuna şeirlər ünvanlamışam. Səməd Vurğun bugünkü şeir dilimizin banisidir. Onun şöhrəti elə-belə göydəndüşmə şöhrət deyildi.
Qəlbində tükənməz sənət yanğısı,
Cıdırda, yarışda səmənd yanğısı.
İlahi yanğıydı Səməd yanğısı,
Tarixdə bir tonqal qaladı Vurğun.
Qoy bu qoşmanın son bəndini də oxuyum.
…Göylərə ucaltdı şeirin qəsrini,
Bizə saxlamadı bir kəm-kəsrini.
Bir əsrə sığmayan Vurğun əsrini
Sonsuz əsrlərə caladı Vurğun!
Kimlər haqqında nə deyib-deməməsindən asılı olmayaraq, onun xalqın yaddaşına köçən ad-sanını dillər əzbəri olan şeirləri, poemaları, dram əsrləri yaşadır. Səməd Vurğunun heç kimin müdafiəsinə ehtiyacı olmasa da, dediyin nankor natiqlərin – xalqımızın ögey oğullarının hədyan sözlərini qəzəblə qarşılamışam. Səməd Vurğuna həsr etdiyim o şeirlə bu sualınıza xitam vermək istəyirəm.
Necə möhtəşəmmiş
çəkdiyin o dərd
Gəlib bu əsrə də
daş atanların.
Bu da ürəyinə dəyir,
ay Səməd,
Adını məbədtək
yaşadanların.
Dünən də, bu gün də
daşın ağırdır.
Uzun, ağ yoldadır
Qıratın sənin.
Xaini, xəbisi yenə ağrıdır,
Ölümdən sonrakı
həyatın sənin.
– Şairlik dərddir, yoxsa bəxşiş?
– Bəxşişdir, bitib tükənməyən dərdin bəxşişi.
Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ancaq şairliyin zövqü, sevinci də əvəzsizdir. Xüsusən təzə bir şeir yazdığın anlar quş olub uçmaq istəyirsən, sevincin yerə-göyə sığmır. Elə bilirsən ki, illərlə axtardığını tapmısan. Ancaq bu sevincin ömrü çox çəkmir, ayılıb görürsən ki, axtardığın bu da deyil. Beləliklə, yeni bir şeir sevdasına düşür, yenə qəm dəryasında boğulur, şeir tamamlananda yenə də ötəri bir sevincə qonaq olursan. Şeir bir ilğım yoludur, bu yolu aldana-aldana, ağrıya-ağrıya gedirsən, gedirsən, hardasa dünyanı silkələyəcək, səni yumşaldıb muma döndərəcək ən yaxşı şeiri yazacağın günə ümid bəsləyə-bəsləyə bu ilğım yolunun yolçusuna çevrilirsən.
– Musa müəllim, başqaları ilə müqayisədə özünüzü təbliğ etdirməyə çox da həvəsli görünmürsünüz. Səbəb tanınmış imza sahibi kimi öz oxucularınızın sədaqəti, arxayınlığıdırmı?
– Haqqımda görkəmli qələm adamlarının onlarla məqaləsi yazılıb, çap edilib. Kitablarıma çoxlu resenziyalar həsr olunub. Bir neçə şeirimə musiqi bəstələnib. Ancaq bunların heç birində mənim iştirakım olmayıb, “məndən yaz” deyə heç kəsə üz tutmamışam. Bu yazıları başqaları kimi ilk dəfə qəzetlərdən, jurnallardan oxumu¬şam.
Düz iyirmi il “Gənclik” nəşriyyatında redaktor işlədim. Ölkənin demək olar ki, bütün şairləri, yazıçıları, alim və tənqidçiləri ilə tanışlığım, dostluğum oldu. Bu iyirmi ildə səkkiz-doqquz şeir kitabım çıxıb. Mən o kitabların heç birinə “Ön söz” yazdırmamışam. O zamanlar mənə elə gəlirdi ki, ön söz çap olunan kitabların sığortasıdır. Mən istəyirdim ki, şeirlərimi oxuyanlar məni filan məşhura görə deyil, özümə görə tanısınlar. Əlbəttə, yalnış yol tutmuşdum. Şair nə qədər çox görünsə, haqqında nə qədər çox söz-söhbət getsə, sorağı bir o qədər yayılar. Nə bilim vallah, qələm tutanların hər birinin öz xasiyyəti, öz taleyi var. Sözün düzü, həmişə istəmişəm ki, məni ürəyə toxunan, dilə-dodağa düşən şeirlərimlə tanısınlar. Düz deyirsiniz, məni izləyən oxucularımın sədaqətinə də arxayınlıq yaranıb məndə. “Zər qədrini zərgər bilər” deyiminə çox inanmışam!
– Qardaşınız Gəray Göyyurd da şairdir, amma Musa Ələkbərli poeziyasının təsirindən tam qurtulub da demək olmaz…
– Biz üç qardaşıq: Musa Ələkbərli, Bəhlul Ataxallı və Gəray Göyyurd. Üçümüz də şeir yazırıq. Şairlik Tanrının töhfəsidir. Atamız Məlik müəllim də şair idi, çap olunmasa da, dadlı-duzlu qoşmaları ilə hələ də yaddaşlardan silinməyib. Mənim ilk oxucularım həmişə qardaşlarım olub. Elə bu gün də təzə şeir yazanda ya Bəhlula, ya da Gəraya oxuyuram. Onların fikri, rəyi ilə həmişə hesablaşmışam. Eyni zamanda onların da ilk oxucusu mənəm. Hərəsi beş-altı kitab müəllifidir, öz dəsti-xətti, öz imzası olan şairlərdir. Oxşarlıq, bənzərlik görürsünüzsə səbəb eyni bulaqdan içməyimiz, eyni hava üstündə köklənməyimizdir. Gəray Göyyurdun vətəndaşlıq mövzusunda bənzərsiz, orijinal, ürəkdən tikan çıxaran şeirləri çoxdur. Mən onları böyük məmnuniyyətlə oxuyub təqdir eləmişəm. Bir neçə kitabının naşiri və redaktoru olmuşam. Mənə oxşarlığı varsa, məni qardaş kimi daha çox oxumağından irəli gəlir.
– Koronavirus Allahın bəlasıdır, yoxsa insanların əməli?
– Mənə elə gəlir ki, bu pandemiya insanların Yer üzündə törətdiyi bütün haqsızlıqlara uca Tanrımızın cavabı, xatırlatmasıdır. Böyük dövlətlərin kiçik dövlətləri özünə “yem” eləməsi, güclünün hər yerdə gücsüzü əzməsi, kasıbların, fağırların varlılar tərəfindən istismarı, təbiətə divan tutulması, cəmiyyəti başına götürən ədalətsiz işlər, qanunların qansızlığı, nə bilim nələr, daha nələr…
Tanrı sevə-sevə yaratdıqlarını bu amansız xəstəliyə düçar edir ki, onun varlığına şübhə etməsinlər, haqq yola, doğru yola qayıtsınlar…
Bütün bu dediklərim insanların ucbatından olur, Allahını tanımayan, nəfsi doyumsuz qudurğan insanların…
Mən “Allahını tanımayan bəndələr” şeirimdən gətirdiyim bu iki bəndlə söhbətimizi tamamlamaq istəyirəm.
Bu tamahla siz korsunuz, karsınız,
El içində, gün içində xarsınız,
Bu dünyanın hər yerində varsınız
Allahını tanımayan bəndələr?!.
Halal nədir? – bilmədiniz heç zaman,
Halallara vermədiniz bir aman.
Aman sizdən, aman, aman, əlaman,
Allahını tanımayan bəndələr?!.
Söhbətləşdi: Oqtay Qorçu
araz.az xəbər portalı.