Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
araz.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.
Qanuna əsasən, icra məmuru aşağıdakı işləri görəcək:
-barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin qeydiyyatını aparır, onlara tənbehin icrasının qayda və şərtlərini izah edir;
-barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir;
-barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin davranışına, onların ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə vaxtında gəlmələrinə və həmin yerləri müəyyən olunmuş vaxtdan sonra tərk etmələrinə nəzarət edir;
-barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq, şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir;
-ictimai işlər növündə inzibati tənbehin bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür.”.
Eyni zamanda inzibati tənbeh tətbiq etmə zamanı elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri də qanunla müəyyənləşib.
Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq ediləcək.
Elektron nəzarət vasitələrinin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçiriləcək.
Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsi təqdim olunur və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yolverilməzliyi, həmçinin bu əməlin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib ediləcək.
Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutuacaq.
Həmçinin qanuna əsasən, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq sayılacaq.
Prezident İlham Əliyev tərəfindən nu gün imzalanan Fərmanla “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən müvafiq dəyişikliyə əsasən, Nazirlər Kabineti ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməlidir.
araz.az
araz.az xəbər portalı.