Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu Azərbaycan diaspor siyasəti Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün həm də inamla deyə bilərik ki, diaspor siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bir məsələni mütləq qeyd etməliyik ki, bu illər ərzində xaricdə yaşayan soydaşlarımız ilk dəfədir ki, belə birlik nümayiş etdirərək Azərbaycan dövlətinin yanında olduğunu bəyan etdi.
Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verir ki, dünyada 25 mindən çox soydaşımızın iştirakı ilə 70-dən artıq aksiya keçirilib. 26 ölkədə yaşayan azərbaycanlılar 120-dən çox bəyanat yayıb, yaşadıqları ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlamentarilərə, beynəlxalq qurumlara müraciətlər edib, hətta sadə vətəndaşlara ünvanlanan məktub kampaniyası həyata keçiriblər.
Soydaşlarımız 40 ölkədə 20 dildə 180 məqalə və xəbərin çap edilməsinə nail olublar.
ABŞ, Türkiyə, Böyük Britaniya, Polşa, Avstriya, Almaniya, İtaliya, Fransa, Gürcüstan, Kanada, Latviya, Litva, İsrail və bir çox başqa ölkələrdə həyata keçirilən aksiyalar həm Azərbaycan dövlətinin xarici siyasətinin, o cümlədən diaspor siyasətinin, həm də dünyadakı azərbaycanlı icmaların uğurlu fəaliyyətidir. Aksiyalarda Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatlar haqqında geniş məlumat verilir. Soydaşlarımız baş verənlərə öz hiddət və kəskin etirazlarını bildirirlər. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını, erməni təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini, müxtəlif şüarların yazıldığı plakatları tutan azərbaycanlılar Ermənistan səfirliklərinin önündə Azərbaycanın dövlət himnini oxuyurlar. Soydaşlarımız “Qarabağ Azərbaycandır!” “Yaşasın Azərbaycan!” “Yaşasın millətimiz!”, “Yaşasın dövlətimiz!”, “Yaşasın birliyimiz!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını ifadə edirlər. Bütün bunlar Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayır.
Bu günlər mediadan aldığımız bir xəbər də qürurvericidir. Azərbaycanlı gənclər facebook və twitter´də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatlar haqqında #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression, #StopArmenianOccupation həştəqlərindən istifadə etməklə,facebook.comvətwitter.comsosial şəbəkələrində 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Azərbaycanlı gənclər sözügedən həştəqlərlə, ümumilikdə 100 minə yaxın paylaşım ediblər. Ölkəmizdə və xaricdə yaşayan gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərindətwitter.comsosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb ki, bu da ümummilli məsələlərdə azərbaycanlı gənclərin birliyinin bariz nümunəsidir.
Bəzi ölkələrdə ermənilərin Azərbaycan səfirliklərinin qarşısında icazəsiz aksiyalar keçirməyə cəhdlər etmələri, azərbaycanlılara xəsarət yetirmələri, insan hüquqlarını, hüquq normalarını kobudcasına pozmaları sözün həqiqi mənasında onların sarsılmalarından xəbər verir.
Amerikanın Los-Anceles şəhərində və Avropanın bəzi ölkələrinin paytaxtlarında soydaşlarımıza qarşı ermənilərin törətdiyi təxribat halları ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmvətənlərimizə müraciətində səsləndirdiyi fikirlər diasporumuzun hərəkət trayektoriyasını aydın xətlərlə cızdı: “Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır.
Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm.
Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.”
Əzəli Vətəninin sərhədlərindən kənarda yaşayan milyonlarla soydaşımız hazırda terrorçuya, işğalçıya qarşı daha sıx birləşib, haqq səsini ucaldıb və öz dövlətinin yanında olduğunu, Ali Baş Komandanın əmrinə hazır olduqlarını nümayiş etdirir, dövlət başçısının siyasətini dəstəklədiklərini bəyan edirlər.
Doğrudur, biz bunun paralelində yenə də ikili standartların şahidiyik. Təəssüf ki, Azərbaycan-Ermənistan sərhədində baş verənlərə bir sıra beynəlxalq təşkilatların və əcnəbi medianın, o cümlədən Rusiyanın bəzi media kanallarının ikili yanaşmasının şahidi olduq. Bəzi teleproqramlarda nümayiş etdirilən birtərəfli fikirlərə, ermənilərin maraqlarına xidmət göstərən süjetlərə rast gəldik. Bütün bunlara baxmayaraq, həmin teleproqramlara ekspert qismində dəvət olunan soydaşlarımız Azərbaycan həqiqətlərini bəyan edərək, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoyulmasını, torpaqlarımızın işğaldan azad olunmasını tələb edərək, haqq səsimizi geniş auditoriyaya çatdırmağı bacardılar. Sözsüz ki, işğala məruz qalan dövlət olaraq biz haqlı tərəfik. Haqq səsimizi bütün tribunalardan ucaltmağa davam edəcəyik.
Bu gün dünya azərbaycanlılarının həmrəyliyi ən yüksək həddindədir və bu həmrəylik bizim gücümüzü nümayiş etdirməklə bərabər “Erməni diasporu güclüdür” mifini də darmadağın etməyə davam edir.
Emin Hacıyev,
araz.az xəbər portalı.