“Maraqlı adamlar” layihəsindən Xalq yazıçısı İsmayıl Şıxlı ilə bağlı bəzi əhvalat və faktları təqdim edir.
Hüseyn Arifdən ən maraqlı lətifələri o qələmə alıb. Lakin bu lətifələrin hər biri üçün Hüseyn Arifdən icazə alıb. O lətifələr ki, şair tirajlanmasını istəməyib İsmayıl Şıxlı onları nəinki qələmə alıb, heç danışmayıb da! Hətta ən yaxın adamlarına belə. Hətta dəfələrlə ona üz vuranlara belə.
***
Evdə xasiyyəti sərt olub. Lakin bütün ailə üzvləri ürəyindən keçənləri çox rahat şəkildə ona anladırmış.
***
Xalq şairi Qabil təzə “Moskviç” alır. Yaxşı sürə bilmədiyi üçün heç kim minmirmiş onun maşınına. Bir gün hansısa tədbirə gedəndə İsmayıl Şıxlı Qabilin maşınına oturur, Qabil çox sevinir. Bu vaxt İsa Muğanna onların yanından keçirmiş, İsmayıl Şıxlı başını pəncərədən çıxarıb deyir:
– İsa, evdən soruşsalar, deyərsən, Qabilin maşınına mindi. Gəlməsəm, narahat olmasınlar.
***
Xalq yazıçısı İsa Muğanna həyat yoldaşı Füruzə xanımla xalauşağı olub. Ancaq onların ailə qurmasında İsmayıl Şıxlının rolu olub. İsmayıl Şıxlı əsgərlikdən gələndə Füruzə 10-cu sinifdə oxuyurdu və İsmayıl müəllim ona dərs deyirdi. Hər ikisini yaxından tanıyan İsmayıl müəllim onların bir yerdə xoşbəxt olacağını bilirdi.
***
İsmayıl Şıxlı zahirən çox yaraşıqlı kişi idi və toylarda inanılmaz gözəlliklə rəqs edirdi. Daha çox “Ruhani” havasına oynayardı.
***
Çoxu elə bilir ki, İsmayıl Şıxlının övladları, xüsusən Elçin Şıxlı orta məktəbi rus dilində oxuyub. Hətta buna görə İsmayıl müəllimə irad bildirənlər də olub. Ancaq belə deyil. Elçinin sadəcə dayəsi Tyotya Matilda rus olub. Volqaboyu qaçqınlarından imiş. Elçin valideynləri ilə azərbaycanca, Tyotya Matilda ilə rusca danışırmış.
***
Elçin Şıxlı yaradıcılıq evlərinin birində tanış olduğu rus qızı ilə evlənmək istəyirmiş. İsmayıl Şıxlı onun qərarında qəti olduğunu görüb sakit səslə deyir: “Özün bilərsən, həyat sənindi, amma əgər o qızla evlənsən, bir daha mən olan evə ayaq qoymayacaqsan!”
Bundan sonra Elçin Şıxlı fikrindən daşınır.
***
Qəribədir ki, “Urus Əhməd” İsmayıl Şıxlının “Dəli Kür” romanının sevimli obrazı idi. Cahandar ağanın qızı da ona vurulmuşdu. Amma həyatda…
***
Həyat yoldaşını düz 7 il ona verməyiblər. Baxmayaraq ki, qohumdurlar. Nəsilləri arasına qan davası düşübmüş. Sonralar barışıblar.
***
İsmayıl Şıxlı Bakıya gələndə ilk düşdüyü ev gələcək qayınatasının evi olub. Qohum kimi gəlib. O bina sonralar Yazıçılar İttifaqına verilib və İsmayıl müəllim Azərbaycan Yazıçılar İttifaqının sədri olanda həmin kabinetdə oturub. İndi həmin otaq AYB sədri Anarın iş otağıdır.
***
İsmayıl Şıxlının Azərbaycan Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir: Ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. Deyir, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. İntriqalar səhhətinə də pis təsir edirmiş. Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3-cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının baş redaktorluğundan öz ərizəsi ilə getmişdi.
***
Səməd Vurğun öz yerində, Süleyman Rüstəmi də şair kimi çox sevib. Onun ölüm xəbəri gələndə Neftçalada imiş. Adamlardan aralanıb və eyvana çıxaraq ağlayıb.
***
Böyük Vətən Müharibəsi İsmayıl Şıxlının həyatına pozulmaz izlər qoyub. Onun bu barədə çoxlu yazıları, eyni zamanda xatirələri var. Qələbə günün müjdəsini xatırlayan yazıçı yazır: “Katerin radiosundan Levitanın səsini eşitdim: ”Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü.”
***
Bir tələbəsi ona dəlicəsinə vurulmuşdu. Həyat yoldaşı da bilirdi.
***
Şəkər xəstəliyindən gözləri tutulub, sonuncu əsəri olan “Ölən dünyam”ı diktə edib. Həyat yoldaşı yazıb. Sonra bir dəfə də üzünə oxutdurub qulaq asıb və deyib: “Hə, indi rahat ölə bilərəm.”
***
Vəsiyyət etməyib, amma övladlarına ilk və son sözü bu olub: “Adam olun, kişi kimi yaşayın!”
Kulis.az
araz.az xəbər portalı.