sevr 130820

Ermənistanın baş naziri Nikol Paşinyanın Sevr müqaviləsinin yüzilliyinə həsr edilən “Sevr müqaviləsi və erməni məsələsi” adlı konfransda bu müqavilənin tarixi fakt olması, o dövrdəki ən qabaqcıl ideyalar əsasında tərtib edilməsi barədə söylədikləri cəfəngiyyatdır.

Bunu Trend-ə millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Osmanlı dövləti 1918-ci il oktyabrın 30-da Mondros barışığını imzalayaraq Birinci Dünya müharibəsindən çıxdı. 1920-ci il martın 16-da müttəfiq qüvvələri İstanbulda türk boğazlarını işğal etdikdən təxminən bir ay sonra – aprelin 23-də Ankarada Mustafa Kamal Paşanın rəhbərliyi altında Türkiyə Böyük Millət Məclisi hökuməti quruldu. 1920-ci il avqustun 10-da Paris yaxınlığındakı Sevr şəhərində qalib ölkələrlə Osmanlı dövləti arasında Sevr müqaviləsi imzalandı.

M.Qasımlı qeyd edib ki, ermənilər Antanta ölkələrinin köməyi ilə xəyallarını gerçəkləşdirməyə ümid edirdilər:

“Lakin onların ümidləri puça çıxdı. Məsələn, erməni nümayəndələrinə İngiltərə hökumətində demişdilər ki, bizim gəmilərimiz Ermənistanın dağlarında, daşlarında, qayalıqlarında üzə bilməz. Sevr müqaviləsi Türkiyə Böyük Millət Məclisində rədd edildi və lazımsız kağız parçası kimi cırılıb kənara atıldı. Türk xalqı istiqlal savaşına başladı. Türk xalqının bir neçə cəbhədə döyüşməsindən istifadə edən Daşnak Ermənistanı Türkiyəyə qarşı yeni cəbhə açaraq dinc əhaliyə qarşı qırğınlar törətdi. Bu dəfə də ermənilər ləyaqətli düşmən olmadılar”.

Tarixçi alim əlavə edib ki, türk ordusu qısa müddətdə Daşnak Ermənistanın ordularını əzdi və 1920-ci il dekabrın 2-də Aleksandropol (Gümrü) sülh müqaviləsini imzalatdırdı. Türkiyə qarşısında diz çökən Ermənistan bir sıra öhdəliklər götürdü:

“Paşinyan həmin öhdəlikləri oxusaydı, belə danışmazdı. Müqavilənin bəzi şərtlərini xatırladıram: Ermənistan müharibədə vurduğu ziyana görə təzminat verməli idi, lakin türk hökuməti ermənilərə xeyirxahlıq edərək həmin təzminat almaqdan imtina edirdi; müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək üçün türk hökumətinin nümayəndəsi gəlib İrəvanda oturmalı idi və s.

1921-ci il 16 mart tarixli Moskva, 13 oktyabr tarixli Kars müqavilələri ilə münasibətlər tənzimləndi. Ermənistan Türkiyənin sərhədlərini tanıdı. Türk ordusu Gümrüdən çıxdı”.

M.Qasımlı bildirib ki, 1923-cü il iyulun 24-də Lozanda imzalanan konvensiya ilə Türkiyənin indiki beynəlxalq sərhədləri tanındı:

“Arxalandıqları dövlətlər Lozan konfransında erməni nümayəndələrinin üzünə heç tüpürmədilər də. Onlar kor-peşman geri döndülər. Məgər Paşinyan bu tarixi bilmir?! Məncə, bilməmiş deyil. Elə isə Paşinyan nə istəyir- türk ordusu yenidən gəlib Gümrüdə otursun? O zaman Ermənistanı xilas edən tapılacaqmı? İkincisi, Ermənistan rəhbərləri imzaladıqları sənədləri niyə görə bu qədər tez “unudurlar”. Düşmən olanda da gərək ləyaqətli düşmən olasan”.

 İlhamə İsabalayeva – Trend:

 

musa qasimli 130820

araz.az xəbər portalı.