1597497322 1597492752 1597485430 1597482641 0001“Azərbaycanda iqtisadiyyatın liberallaşdırılmasına getməliyik” – Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dediyi bu sözlərdən sonra xidmət sektorunda fəaliyyət göstərən bir sıra şirkətlərin özəlləşdirilmə məsələsi yenidən gündəmə gəlib.

Qeyd edək ki, bu mövzu daha əvvəllər də müzakirə mövzusu olub. Bəzi ekspertlər kommunal xidmət sahələri ilə bağlı narazılıqları həmin sahələrin dövlətə məxsus olması ilə izah ediblər. Hesab olunub ki, iri şirkətlərin bir neçə hissəyə ayrılaraq özəlləşdirilməsi onlar arasında rəqabətin yaranmasına, bu isə öz növbəsində daha yüksək xidmətlərin təklif edilməsinə gətirib çıxara bilər. Bu eyni zamanda dövlət büdcəsinin yükünün azaldılması, büdcə vəsaitlərinin səmərəsiz istifadəsinin qarşısının alınması ilə nəticələnəcək.

Bəs, hazırkı iqtisadi durumda “Azərsu”, “Azərişıq”, “Azəriqaz” kimi böyük şirkətlərin özəlləşdirilməsi mümkündürmü? Onları “ala biləcək” yerli investorlar varmı?

Onu da qeyd edək ki, vətəndaşları daha çox narahat edən isə həmin şirkətlərin özəlləşdiriləcəyi təqdirdə tarif artımının baş verib-verməyəcəyidir.

İqtisadçı Natiq Cəfərli bildirib ki, bu kimi sahələrdə dövlətsizləşdirmə, dövlətin yükünün azaldılmasının vaxtı çoxdan yetişib:

“Təəssüf ki, böyük zaman itkisi oldu. Böyük neft pulları ölkəyə daxil olan zaman buna gedilmədi. İndi isə iqtisadi vəziyyət çətinləşdiyi bir vaxtda büdcənin yükünün azaldılması haqqında düşünülür. Bu istiqamətdə atılacaq addımlardan ən effektlisi isə doğru yanaşma olarsa, özəlləşdirmə proqramının həyata keçirilməsi ola bilər. Amma bunun üçün təkcə istək və arzu yetəri deyil. Özəlləşdirmənin həyata keçirilməsi üçün ilk növbədə qanunvericilik bazasının yaradılması vacibdir, eləcə də hüquqi, siyasi islahatlar olmalıdır ki, həm xarici, həm də yerli investorlar üçün münbit şərait yaradılsın. Əsasən də xarici investorlar üçün şəraitin yaradılması vacibdir, çünki bu kimi sahələrə maraq çox güman ki xarici investorlar tərəfindən olacaq”.

İqtisadçı deyir ki, daxildə investorların sözügedən böyük şirkətləri özəlləşdirmə imkanları baxımından leqal dövriyyəsi çox zəifdir:

“Bizdə heç rəsmi milyonçular yoxdur, rəsmi olaraq milyonlarla dövriyyəsi olan şirkətlər çox azdır. Ona görə də xarici investorları maraqlandırmaq üçün ciddi hüquqi islahatlara ehtiyac var. Məhkəmə sistemi yenidən qurulmalı, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, Avropa Birliyi ilə saziş imzalamalıdır ki, bu investorlara güvən versin ki, ölkədə fəaliyyət göstərmək təhlükəsizdir. Bu addımlar paralel olaraq atılarsa, paylayıcı şirkətlər və ya xidmət sahələrinin dövlətsizləşdirilməsi mümkündür”.

Natiq Cəfərli deyir ki, bu həm dövlət büdcəsinin yükünün azalmasına, həm də əhali ilə xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin münasibətlərinin sivil qaydaya salınmasına səbəb olacaq:

“İndi istənilən zaman işığımızı da, suyumuzu da, qazımızı da kəsirlər, amma buna heç kim cavabdeh olmur. İnhisarçı dövlət şirkətləri bununla bağlı heç bir məsuliyyət daşımır. Amma bu özəl şirkətlərin əlində olsa, yeni müqavilə öhdəlikləri yaranacaq və bunun nəticəsində vətəndaşlarla paylayıcı şirkətlər arasında yeni münasibətlər formalaşacaq. Hansı səbəbdən vətəndaş vaxtında və keyfiyyətli xidmət ala bilməsə, məhkəməyə müraciət edib kompensasiya ala bilər”.

Özəlləşdirmə baş verərsə, tariflərdə artım baş verə bilərmi?

İqtisadçı bunun məsələnin ən vacib tərəflərindən biri olduğunu deyir:

“Özəlləşdirmə baş versə, qiymət liberallaşdırılmalıdırmı? – Xeyr. Qiymətlər liberal bazar qaydalarına uyğun formalaşsa, qiymət artımı baş verə və əhaliyə ziyan dəyə bilər. Ona görə də dövlət hansısa şirkətlə müqavilə bağlayarkən müxtəlif vergi güzəştləri, təşfiq proqramları ilə üst qiymət sərhədini mütləq müəyyənləşdirməlidir. Yəni onlar işığı, qazı, suyu bundan yüksək qiymətə sata bilməzlər. Dünya təcrübəsində belə bir formul mövcuddur. İnvestorlarla müqavilənin nəticəsində, əhalinin aldığı xidmətlərin keyfiyyəti yaxşılaşdırıla, qiymət isə olduğu kimi qala bilər. Ən azı yaxın gələcəkdə bahalaşmanın mümkünsüzlüyü ilə bağlı müqavilə bağlana bilər. Burda təbii ki, “fos-major” hallar nəzərə alına bilər. Məsələn, inflyasiya sürətlənər, manatın məzənnəsi ilə bağlı ciddi dəyişiklik olarsa, müəyyən qiymət dəyişikliklərinə yol verən halı müqavilədə əks etdirmək olar. Amma bu yenə də dövlətin razılığı əsasında baş verə bilər. Yəni şirkətlər özləri istədikləri kimi qiymət qoya bilməzlər”.

BİA.az

araz.az xəbər portalı.